Rayonlarımızda “su ədalətsizliyi” – Prezident bəzi başçıların hətta din qaydalarına da uyğun olmayan əməllərini açdı...

22 May 2020 17:03 (UTC+04:00)

“Kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən, suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Bu sahədə də böyük pozuntular var, yerlərdən mənə şikayətlər gəlir”. Bu sözləri Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır: “Ona görə, müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən, suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Qeyd olunan sahədə də böyük pozuntular var”.

Prezident deyib ki, keçən il də quraqlıq olub, bu il də quraqlıqdır və biz sudan böyük qənaətlə istifadə etməliyik. Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları təqdim edilib: “Biz bunu demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır. Ona görə siz bu sahədə bütün vəziyyəti təhlil edin. Əlbəttə, mərkəzi icra orqanları bu məsələ ilə məşğuldurlar və komissiyanın tərkibində nazirlər təmsil olunur. Amma yerlərdə siz bu işlərə ciddi fikir verin, təftiş aparın və məlumat verin. Çünki biz əgər ancaq bu itkiləri azaltsaq, kənd təsərrüfatında daha böyük irəliləyişə nail ola bilərik. Eyni zamanda, suyun ədalətli bölüşdürülməsi məsələsi də çox aktualdır. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır”.

Prezident İ.Əliyevin dediyi kimi, bu gün rayonlarda suvarma suyunun paylanılmasında ədalətsizlik var. Maraqlıdır, bu problem necə yaranıb və necə həll oluna bilər?

İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bölgələrdə icra hakimiyyəti strukturlarına rəhbərlik edən şəxslərin öz şəxsi məqsədləri naminə fəaliyyət göstərmələri nəticəsində həm suvarma, həm də digər sahələrdə problemlər yaşanır: “Həmin şəxslər özlərinə yaxın dairələrdən istifadə edərək şəxsi qazanc güdüblər. Son zamanlar öz mənafeləri naminə çalışan icra başçılarına rəhbərlik edən şəxslərə qarşı sərt inzibati tədbirlər həyata keçirilir. Artıq bir neçə icra başçısı cəzalandırılıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, yerli icra strukturlarına rəhbərlik edən şəxslərin fəaliyyəti düzgün təşkil olunarsa, aqrar sektorda yaşanan problemlər öz həllini tapar: “Məlumdur ki, bəzi məmurlar özlərinə yaxın olan sahibkarlara yardım edirlər. Onların əkin sahəsinə su verirlər. Belə olan halda, digər sahibkarlar su sarıdan problem yaşayırlar. Bu kimi hallara son qoyulması üçün sahibkarlıqla məşğul olanlara, vətəndaşlara əziyyət verən məmurlar sərt şəkildə cəzalandırılmalıdır”.

Günel CƏLİLOVA