Azərbaycan bunu da bacardı: erməni faşizminin dünya miqyasında ifşası başladı

22 May 2020 11:51 (UTC+04:00)

Erməni faşizminin dünya miqyasında tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlər artıq öz müsbət nəticələrini verməkdədir. İndi təkcə MDB yox, dünya miqyasında ermənilərin faşizm sevgisinin ifşası istiqamətində Azərbaycanın gördüyü işlər Ermənistanda böyük narahatlıqla qarşılanır. Xüsusən də Qərb ölkələrində bu istiqamətdə aparılan işlər indi Ermənistan üçün əsl şok effekti yaradır.

Xatırladaq ki, bu məsələ bir neçə gün əvvəl ABŞ-da diqqət mərkəzinə gəldi. Belə ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlandı.  Sənədə görə, 1945-ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib. Daşnakların nasizmə rəğbət bəslədiklərini vurğulayan məqalə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il tarixli sayına istinad edərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər” hesab etdiklərini qeyd edir.

Sözügedən sənəddə, həmçinin, nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığı, onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyi və bu ideyaları özü üçün əsas götürdüyü vurğulanır. Bunun ardınca yenə Azərbaycanın fəaliyyəti nəticəsində İsrailin daha bir neçə nüfuzlu media orqanında ermənilərin faşizmə rəğbətini özündə ehtiva edən yazılar işıq üzü gördü.

Son dövrlərdə diqqət həm də Avropa istiqamətinə yönəlib. Belə ki, Macarıstanın ingilisdilli populyar “Daily News Hungary” nəşrində Avropa ictimaiyyətini Ermənistanın indiki baş nazirinin babası Nikol Vartanoviç Paşinyanın sərgüzəştləri haqqında məlumatlandıran məqalə dərc edilib. Burada həm də nasizmin Ermənistanda çiçəklənməsinə diqqət yetirilir. “Daily News Hungary” nəşrində dərc edilmiş məqalə Avropaya həqiqətin pəncərəsi də sayılır. Elə bundan irəli gələrək, erməni lobbisinin güclü olduğu Fransada da bu məsələyə diqqət yetirilir. Fransanın “Causeur” qəzetində dərc olunmuş məqalədə İrəvanın faşizmə rəğbəti diqqət mərkəzində yer alır. Burada qeyd edilir ki, İkinci Dünya müharibəsinin sona çatması, eləcə də Müttəfiqlərin hitlerizm, nasizm və faşizm üzərində qələbəsinin qeyd edilməsi çoxsaylı əsərlərin işıq üzü görməsinə, tarixçilər aləmində ziddiyyətli fikirlərə və mübahisələrə səbəb olur: “Müharibənin bitməsindən 75 il ötsə də, acınacaqlı müharibə dövrünə dair minlərlə tədqiqat işləri aparılmasına baxmayaraq, tarixi gərginlik hələ də səngimir. Söhbət Qaregin Njdedən və onun İkinci Dünya müharibəsində mürəkkəb və dəyişkən yeri ilə bağlı mübahisələrdən gedir. Njde çağdaş Ermənistanın qurucularından biridir.

Njde Qaregin Ter-Harutunyan adı ilə bu gün iki ölkə arasında anklav olan Azərbaycanın Naxçıvan regionunda anadan olub. Naxçıvanın Azərbaycandan ayrılması da onun mənfur əməllərinin nəticələrindəndir. Erməni milli məsələsinin keşiyində duran və Osmanlı imperiyasının düşməni olan gənc Njde “düşmənimin düşməni mənim dostumdur” atalar sözünü özünə deviz götürür. 1920-1930-cu illərdə o, “böyük erməni millətinin bioloji və mənəvi mahiyyəti” kimi irqi görüşlərə söykənən millətçi fikirləri ilə tanındı. Bu fikirlər o dövrdə çox dəbdə olan “erməni köklərini qorumaq üçün bütün ermənilərin dini birliyi” anlayışı ilə tamamlandı. O, erməni dəyərlərinə, vətənə, erməni torpağına və əcdadlarına səcdə etməyin, qan dininin izahını verərək, erməni qanının saflığından danışır. Onun düşüncəsi qəbilənin, millətin, irqin dini mənasını əks etdirən “Tsegakronism” terminində sintez edilib. 1933-cü ildə ABŞ-da Ermənistan Gənclər Federasiyasına çevrilən gənclər hərəkatını ilhamlandıran ideyaları kağız üzərində qalmır. Bu şəxsin erməni xalqına dair xüsusi görüşləri Almaniya ilə yaxınlaşmağa imkan verdi. 1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum edəndə Njde inanırdı ki, 1914 və 1917-ci illərdə olduğu kimi, tarix və taleyi onu bir daha millətinin yanına çağırır. SSRİ-nin düşməni onun dostu olur. 1942-ci ildə alman hökumətinin rəhbərliyi altında Avropa ermənilərini təmsil edən bir erməni milli komitəsi yaradılır. Njde bu məhdud komitənin üzvü olur. “Müstəqil Ermənistan” qəzetinin baş redaktorunun müavini olur. Reyxin Sovet İttifaqı üzərində qələbəsinin “böyük Ermənistan” xəyallarının reallaşmasına imkan verəcəyinə ümid edir.

1942-ci ildə erməni əsilli sovet hərbi əsirlərindən ibarət Vermaxt erməni legionu yaradılır. Bu döyüşçülərə Qafqazda, SSRİ-nin qərb cəbhəsində, Krımda və hətta Fransada rast gəlinir. Üçüncü Reyx ilə bu bərabərləşdirməyə qarşı olan erməni müxalifəti ortadan qaldırılır. 1944-cü ildə zərin atıldığını və uduzduğunu anlayan Njde son dönüşdə Stalinə qoşunlarının müsəlman Türkiyəsinə qarşı hərəkət etməsini təklif etməyə çalışır. Sovetlər onu bu barədə danışığa dəvət edir və həbs edirlər. 25 il həbs cəzasına məhkum olunan Njde 1955-ci ildə 69 yaşında vəfat etdiyi Vladimir həbsxanasında müharibə cinayətlərinə görə həbsdə qalır. Alman Kəşfiyyat Arxivi Njdenin alman ordusu ilə əsl erməni millətini tanımaq ümidi ilə işbirliyi etdiyini təsdiqləyir”.

Bütün bunlar erməni faşizmi və onun köklərindən artıq Qərb ictimaiyyətinin də xəbərdar olmağa başlamasının göstəricisidir. Şübhə yoxdur ki, bu istiqamətdə fəaliyyət daha da genişlənəcək. Bax, onda erməni faşizmi Azərbaycan və dünya ictimaiyyəti tərəfindən daha sərt zərbələr alacaq.

Nahid SALAYEV