Böyüklərimizi qoruyaq!

21 May 2020 17:38 (UTC+04:00)

Bir çox mənəvi keyfiyyət var ki, insan öz xisləti ilə onların pis və ya yaxşı olduğuna qərar verə bilir. Belə mənəvi keyfiyyətlərdən biri, bəlkə də birincisi hər bir insanın öz böyüklərinə etdiyi hörmət, onlara verdiyi dəyər, qiymət və ümumiyyətlə, böyüklərinə olan münasibətidir. Bu, çox həssas və olduqca diqqət tələb edən bir mövzudur.

Danılmaz bir həqiqət var ki, insan yaşa dolduqca daha kövrək olur, körpə uşaq kimi sanki hər şeydən küsür, inciyir, daha çox diqqət, daha çox qayğı umur. Yaxınlarının, doğmalarının himayəsinə daha çox ehtiyacı olur.

Xalqımızın özünəməxsus bir çox adət-ənənəsi var. Və illərdir o adət-ənənəni qoruyub saxlayır. Hər bir Azərbaycan vətəndaşının önəm verdiyi və olduqca həssas yanaşdığı, tarix boyu qoruyub saxladığı bir adəti var: böyüklərə hörmət, ehtiram və qayğı.

Buna aid çox sayda nümunə göstərmək olar. Lakin bunların ən bariz nümunəsi olaraq hazırda bütün dünyanı cənginə alan pandemiya dövründə ölkəmizdə yaşlı nəsil üçün atılan müsbət addımları göstərmək olar. Pandemiya təhlükəsini hiss edən kimi ölkə başçımız, zati-aliləri cənab İlham Əliyev ilk olaraq yaşlı insanları düşündü. Və «Biz birlikdə güclüyük» devizi altında «Böyükləri qoruyaq» sosial aksiyaya başlandı. Yaşı 65-dən yuxarı olan yaşlı insanların evdən çıxmaması məsləhət görüldü. Onların evdə olduqları müddətdə bütün sosial təminatlarının həll olunması üçün göstərişlər verildi. Onlara kömək məqsədilə ərzaq yardımları ayrıldı, əməkhaqlarının verilməsi şərtilə bir qrup könüllü ayrıldı. Onların sosial problemlərinin yerindəcə həll olunması məqsədilə lazımi göstərişlər verildi. Aralarında sağlamlıq problemləri olan çoxlu sayda insanın hər biri ilə xüsusi qaydada maraqlanıb, nəzarətə alınmaları üçün həkimlərə, tibb bacılarına müəyyən göstərişlər verildi. Sağlamlığından şikayəti olanlar elə evlərindəcə müayinə edilib, müəyyən müalicələr təyin olundu. Eyni zamanda, yaşı 65-dən yuxarı olan insanların gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsi, kommunal xidmət haqlarının ödənilməsi və digər sosial xidmətlərin göstərilməsi üçün bütün lazımi tədbirlər görüldü.

Atılan addımların, görülən tədbirlərin hamısı ölkə başçımız İlham Əliyevin böyüklərə verdiyi yüksək dəyərin, onlara olan sonsuz hörmətin, diqqət və qayğının ən bariz göstəricisidir. Cənab Prezidentin böyüklərlə bağlı bu addımı, eyni zamanda, bizim kimi xalqına xidmət edən gənc rəhbərlərə bir örnəkdir.

Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin tarixlərdə, yaddaşlarda daim yaşayan məşhur bir ifadəsi var: «Mən fəxr edirəm ki, azərbaycanlıyam». Doğrudan da, şəxsən öz adımdan demək istəyirəm ki, Azərbaycanda doğulduğum üçün, bu torpağın, bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Mən və mənim kimi çoxlu sayda Azərbaycan gənci fəxr edirik ki, biz azərbaycanlıyıq!

İnarə Eyubova,
«Xəzər Gənclər Evi»nin direktoru