Qərbi Azərbaycan Mühacir Hökuməti təşəbbüsünə maraqlı irad - QAMH-ın qondarma “DQR”-lə müqayisəsi doğrudurmu...

21 May 2020 16:28 (UTC+04:00)

Mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib. Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri Universitetinin professoru, tanınmış ermənişünas-alim Qafar Çaxmaqlı seçilib.

Təşəbbüs qrupunun məram-məqsədləri birmənalı qarşılanmayıb. Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunmasını birmənalı dəstəkləyənlərlə yanaşı, bunu utopiya, reallıqdan uzaq məsələ kimi qiymətləndirənlər də var. Bəziləri deyir ki,  25 il bundan qabaq Qərbi Azərbaycan Mühacir Hökuməti ilə bağlı müzakirələr aparılırdı və bu bir nəticə vermədi.  İdeyanın əleyhdarı olanların bir qismi isə hesab edir ki, bu, Dağlıq Qarabağdakı separatçı rejimin də əlinə işləyə bilər. Dünyada deyərlər ki, siz də Ermənistanla bağlı eyni addımı atıbsınız və nəticədə ya qondarma “DQR”, ya da Qərbi Azərbaycan Mühacir Hökuməti hansısa ölkə tərəfindən tanına bilər. Yəni pis presedentin əsası qoyula bilər. Aparılan bu paraleli əsaslı saymaq olarmı?

Əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə  dedi ki,  təşkilatla əlaqəsi yoxdur:“İdeyanı isə bəyənirəm, müdafiə edirəm. Deyilən formada paralelin aparılmasını da yersiz sayıram. Bunlar öz müqəddəratını təyin etmək istəmir, öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. Respublikanı da bu niyyətlə elan ediblər. Əksinə, bu, qondarma “DQR”-ə əks qoyula biləcək bir ideyadır. Çünki bir millətin iki dəfə öz müqəddəratını təyin etmək hüququ yoxdur.  Beynəlxalq hüquqda da bu cürdü. Necə ola bilir ki, Ermənistan özünün birinci respublikasını yaradıb, sonra da işğal edilmiş Azərbaycan ərazilərində ikinci bir dövlət yaratmağa cəhd edir? Necə ola bilir ki, 3,5 milyon sayı olan ermənilər iki dəfə müqəddərat təyin edə bilər, ancaq  50 milyonluq azərbaycanlılar itirilmiş torpaqlarına qayıtmaq məqsədilə təşkilatlana bilməz? Bunlar hansısa dövlətdən ayrılaraq, ayrıca dövlət qurmaq istəmirlər, doğma yurdlarına qayıtmağı hədəfləyiblər.

Qeyd edək ki, tarixdə müxtəlif mühacir hökumətləri yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti sovetlər tərəfindən süquta yetiriləndən sonra Cümhuriyyət qurucuları mühacirətdə fəaliyyətlərini davam etdiriblər. Faşistlər Fransanı işğal edəndə Fransa Mühacir Hökuməti yarandı. Daha sonra Avropanın digər bir sıra ölkələrinin faşistlər tərəfindən işğalından sonra, məsələn, Albaniya özünün mühacir hökumətini yaratdı. Yəni mühacirətdə olan hökumət praktikası dünyada geniş yayılıb. Hər bir millətin siyasi elitası öz millətini təmsil etmək üçün bu formanı seçir və təşkil edir, sonradan da tanınmaq üçün BMT-yə müraciət ünvanlayır”.

Məhəmmədəli QƏRİBLİ