“Milli Məclisin ayrıca bir ittihamçı bəyanatına ehtiyac var”

21 May 2020 13:54 (UTC+04:00)

Martın 31-də Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində özləri üçün “prezident” və “parlament seçkisi” oyunu keçirən erməni separatçıları 21 mayda Şuşada “inauqurasiya” mərasimi təşkil etməklə nə insan haqlarına, nə də beynəlxalq hüquqa məhəl qoymadıqlarını bir daha nümayiş etdirir. Məlum saxta seçkiləri pisləyərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyanlayan ayrı-ayrı dövlət və təşkilatlar isə işğalçı “erməni məzhəkəsini” seyr etməkdən ötə heç bir işlə məşğul olmurlar. Beynəlxalq ictimaiyyət sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onu pozan erməni separatçılarına qarşı hər hansı sanksiya tətbiq etmək barədə düşünmür. Görünən odur ki, Azərbaycan ərazilərini işğalda saxlayan separatçı Ermənistan hökuməti getdikcə azğınlaşır. 30 illik münaqişənin 26 ilini danışıqlara sərf edən Azərbaycanın işğal faktorunu danışıqlar yolu ilə aradan qaldırması limiti artıq dolub. Çünki Azərbaycan Xarici İşlər Nazirliyi danışıqlarla bağlı ATƏT-in Minsk Qrupunun üzvləri ilə görüşlərə hazırlaşdığı zaman erməni separatçıları Dağlıq Qarabağın “prezidentinə tac qoymaqla” məşğuldur. İctimaiyyət artıq diplomatlardan, siyasətçilərdən torpaqların azad olunması istiqamətində daha kəskin, daha qəti mövqe sərgiləməsini, beynəlxalq ictimaiyyət qarşısında ciddi tələblərlə çıxış etməsini gözləyir. Ekspertlər hesab edirlər ki, separatçı Ermənistanla onun başa düşdüyü dildə danışılmasa, o, beynəlxalq təzyiqi və hərbi gücü hiss etməsə, hələ  Azərbaycan ərazilərində çox “at oynadacaq”. Paşinyanın “Qarabağ mənimdir”, deyib, Şuşada keçirdiyi paradlara, “inauqurasiya” mərasimi düzənləməsinə dövlət, millət olaraq cavabımız nə olmalıdır?

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı danışan siyasi şərhçilər diqqəti mövcud şəraitə uyğun dəyərləndiriblər.

Politoloq Nüşabə Məmmədova bildirib ki, mayın 31-də ermənilərin Şuşada keçirirmək niyyətində olduqları “inauqurasiya mərasimi” Ermənistanın beynəlxalq qanunlara növbəti zidd addımı olmaqla yanaşı, Azərbaycanı müharibəyə təhrik edən addımdır: “Bildiyiniz kimi, bir müddət öncə ermənilərin martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində “prezident” və “parlament” seçkiləri uğursuzluqla nətcələnmişdi. Bu “seçkilər” beynəlxalq istimaiyyət, dünya dövlətləri tərəfindən qətiyyətlə pislənərək, Azərbaycanın işğal altında olan ərazisində keçirilən seçkilərin qanunsuz olduğunu bəyan etdilər. Bütün bunlara baxmayaraq, Ermənistan siyasi oyunlarını davam etdirməkdədir və bu, əlbəttə bizim hər birimizi narahat edir. Artıq bir neçə gündür, Azərbaycan ordusu genişmiqyaslı ciddi hərbi təlimlər həyata keçirir. Bu, Ermənistana xəbərdarlıqdır. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”. Politoloq bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya regionu üçün ən ciddi təhlükə və humanitar problemlərə malikdir. Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun başçılıq etdiyi sülh danışıqları prosesi bu günə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səy göstərsə də, problemin həlli istiqamətində nəticə əldə olunmur. Ermənistan tərəfi sülhə getməkdən imtina edir: “Aparılan uzunmüddətli danışıqlara, əldə olunan razılaşmalara baxmayaraq, göründüyü kimi, təhlükə hələ də qalmaqdadır. Ermənistan münaqişənin həlli istiqamətində güzəştə getməkdən imtina edəcəyi təqdirdə, bu formada və daha kəskin formada xəbərdarlıqlar davam edəcək, sülh prosesinin uğursuz olması müharibənin yenidən başlamasını qaçılmaz edə bilər. Yenidən başlayan müharibə isə ciddi regional və qlobal əks-səda doğuracaq. Regionda sülhün, sabitliyin, çoxtərəfli əməkdaşlığın bərqərar olunması üçün yeganə yol Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasıdır. Buna görə də, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Grupu bəyanat ortaya qoymaqla bu məsələyə kəskin etirazını bildirməlidir”. N.Məmmədova qeyd edib ki, biz, işğal altında olan torpaqlarımızda ermənilərin və onlarla müttəfiq xarici şirkətlərin gördüyü hər bir işə ciddi münasibət bildirməliyik:“Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə həyata keçirilməsi mümkün olan hər hansı bir layihə yalnız xalqımızın mənafeyi üçün, Azərbaycan Respublikasının qanunları əsasında həyata keçirilə bilər”.

Politoloq Aydın Quliyev bildirib ki, Paşinyanın Dağlıq Qarabağda heç bir hüquqi əsası olmayan "inauqurasiyada" iştirakı əleyhinə kəskin cavab tədbirlərinin görülməsi zəruridir. Lakin işğal olunmuş ərazilərimizi dərhal bombalamaq uğurlu cavab sayıla bilməz. Onun fikrincə, ölçülüb-biçilmədən atılan hər bir addım bizim özümüz üçün ziyanlı ola bilər. A.Quliyev eyni zamanda vurğulayıb ki, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinə rəsmi müraciət edərək, onları Paşinyanın təcavüzkar siyasətinə açıq dəstək hərəkətlərindən çəkindirmək lazımdır: “Bu üç dövlətin Minsk Qrupundakı təmsilçiləri Paşinyanın “ınauqurasiyada” iştirakını öncədən ifşa edən bəyanatla çıxış etməlidir. Paşinyan bu hərəkətlə əslində regionda sülhün bərpa olunma perspektivlərini sadəcə məhv edir. Odur ki, bu günlərdə həmsədr ölkələrin xüsisilə məsuliyyət daşıması Azərbaycan tərəfindən açıq qeyd edilməlidir”. Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunun “dişsiz” fəaliyyət göstərməsi bir faktdır:“Onun Paşinyana qarşı konkret tələbkar bəyanat verəcəyi, təbii ki, az inandırıcıdır. Ancaq Azərbaycan bütün hallarda Minsk Qrupunun qarşısında məlum tələbi qoymalıdır. Bu tələb dərhal nəticə vermə effekti ilə işləməyə bilər. Ancaq əvvəla dünya birliyi Azərbaycanın konkret hadisələr ətrafında öz mövqeyini sərtləşdirməyə başladığını hiss etməli və görməlidir. İkinci bir tərəfdən, Azərbaycanın real hərbi cavab addımları atması üçün zəruri beynəlxalq şərait yetişəndə bizim Minsk Qrupu qarşısında heç bir hesabat verməyimizə ehtiyac qalmayacaq”. A.Quliyev hesab edir ki, belə bir vaxtda Azərbaycan XİN-i diplomatik müstəvidə kəskinliyi artırmalıdır. Bu kəskinlik sadəcə ritorik tonda özünü göstərməli deyil:“Azərbaycan XİN-in bu hadisəyə münasibətinin ənənəvi reaksiyalardan fərqli olduğunu düşmən daha aydın görməlidir. Dəqiq desək, düşmən hiss etməlidir ki, Azərbaycan XİN-in bu bəyanatı yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin hərəkətə keçməsi üçün əsas ola bilər. Azərbaycan XİN-in diplomatik fəaliyyət üslubunu dəyişməsinə, açıq deyək ki, ehtiyac var. Hətta bəzən dünyanın bəzi dövlət və qurumlarının hay-küyünə səbəb ola bilən bəyanatları da verməyə ehtiyac var. Qoy dünya görsün ki, Azərbaycanın səbri tükənir. Ardınca Prezident özünün dünyadakı sanballı nüfuzu, sözünün və jestlərinin ağır təsir gücü sayəsində XİN-in bəyanatı ilə yaranmış gərginliyi nisbətən yumşalda bilər. Ancaq bu halda dünya da, Paşinyanın "inauqurasiya ərköyünlüyünə" dözənlər də ciddi nəticə çıxaracaqlar. Azərbaycan XİN-i özünün haqlı prinsiplərə söykənən, sözün həqiqi mənasında davakarlığını artırmalıdır. Paşinyanı, ya başqasını müəyyən emosional ifadələrə hədəf etməklə bir şeyə nail ola bilmərik. Azərbaycan XİN-in addımlarının əsas effekti Paşinyana yox, dünyadakı subyektlərə təsir gücü ilə ölçülməlidir. Yalnız belə olduqda dünyanın məlum qüvvələri Paşinyana təsir göstərməyə başlayacaqlar. Həm də məsələ tək XİN-lə bitmir. Milli Məclisimizin də səsi ucadan gəlməlidir. Ayrı-ayrı deputatların XİN nazirinin ünvanına tənqidləri əsaslı olsa da, məsələnin hələ hamısı deyil. Məhz bu situasiyada deputat korpusunun dünyanı azacıq da olsa yerindən tərpədən bəyanatlarına ehtiyac var. Bu günlərdə bircə deputat hansısa həmsədr ölkənin Bakıdakı səfirinin qəbuluna gedərək öz etirazını ya çağırışını edibmi? Hamı gözləyəcəksə ki, bunu ona Prezident şəxsən desin, bununla Paşinyanı Xankəndidən çıxarmaq olmaz. Qarabağ mövzusunda hər kəsə nə etmək lazım olduğunu Prezident bir-bir deyəsi deyil ki... Prezident öz işini görür. Hər kəs ona kənardan öz səlahiyyətləri çərçivəsində əməli dəstək olmağı bacarmalıdır. Yoxsa ”mən bunu etsəm mandatım təhlükə altına düşər " kimi yanaşmalar bizi çox da uzağa apara bilməz. Milli Məclisin ayrıca bir ittihamçı bəyanatına da ehtiyac var. Dünya parlamentləri ilə dostluq qruplarının rəhbərlərinin, Dünya Parlamentlərarası ittifaqdakı təmsilçilərimizin də susması doğru olmazdı. Konkret deyək, kompleks işlər görməklə Xankəndinə gəlməyin ləzzətini Paşinyanın burnundan gətirmək lazımdır”.

Politoloqlar - İstanbulda fəaliyyət göstərən “Word Ponorama” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, politoloq Nüşabə Məmmədova bildiriblər ki, Ermənistanın işğalda saxladığı Dağlıq Qarabağ və ondan kənar 7 rayonda azğınlıq nümayiş etdirən separatçılara qarşı sərt mövqe göstərilməlidir. Politoloqlar siyasətçi və diplomatları beynəlxalq ictimaiyyət qarşısında daha qəti tələblə çıxış etməyə çağırıblar. R.Məmmədova bildirib ki, 30 il uzanan münaqişə onu göstərir ki, məsələnin danışıqlar yolu ilə həlli mümkünsüzdür. Azərbaycan sivil şəkildə danışıqlardan nəticə gözlədiyi bir vaxtda, Ermənistan barbarlıq edir, danışıqlara məhəl qoymur və dünya ictimaiyyətinin gözü qarşısında Qarabağda özünə hökumət qurur. Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi saxta seçkilər dünya dövlətləri tərəfindən pislənsə də, erməni məkiri öz işini görür. Politoloq hesab edir ki, bu gün Ermənistanın daxilində baş verən çaxnaşmalar Paşinyanı elə bir vəziyyətə gətirib çıxarıb ki, o ya Qarabağla bağlı məsələni həll eləməlidir, ya da getməlidir. Ona görə də Paşinyan Qarabağda şoular düzəltməklə özünə tərəfdaş toplamağa çalışır:“Ona görə də Lavrovun torpaqlar mərhələli şəkildə qaytarılmalıdır” fikri Paşinyan və ətrafının etirazına səbəb oldu. Onlar çox yaxşı bilirlər ki, artıq Rusiya ilə olan bağlar pisləşir. Amma görünən odur ki, məsələyə loyal yanaşmalara arxayınlaşaraq Dağlıq Qarabağın qaytarılmasını istəmir və buna getməyəcək”. Politoloq bildirib ki, bu gün Azərbaycanda keçirilən hərbi təlimlər Ermənistanı təşvişə salıb. Bu təlimlər, həm də Ermənistana verilən “biz müharibəyə hazırıq” xəbəri olmalıdır: “Çünki Ermənistan bütün sərhədləri aşıb. Azərbaycan məsələni nə qədər sülhlə həll etməyə çalışsa da erməni buna adekvat reaksiya vermir. Ona görə də Azərbaycan sivil, humanist çıxışlarını bir kənara qoyaraq, Qarabağ, ətraf rayonlarla yanaşı, tarixi Azərbaycan ərazisi olan İrəvan xanlığının qaytarılması məsələsini ortaya çıxarmalıdır. Görünür, biz erməniləri sülhə çağırdıqca, onlar daha çox torpaq iddialarına düşürlər. Artıq biz də tarixi torpaqlarımızı qaytarmaq məsələsini danışıqlara çıxartmalıyıq”. R.Məmmədova bu gün XİN-nin “dişsiz” siyasəti ilə bağlı ortaya çıxan məsələlərin zamanın tələbinə uyğun olaraq baş verdiyini deyib. Onun fikrincə, XİN dövlət siyasətinə uyğun olaraq, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışırdı. Lakin hadisələr daha sərt addımları tələb edir: “Sadəcə olaraq, bu gün Qarabağda sülh yolu ilə həll olunacaq heç nə qalmayıb. Artıq illər keçdikcə Qarabağın qaytarılması sual altına düşür. Artıq zaman bizdən sonra gələncək nəsilləri Qarabağı yaddan çıxarmağa doğru aparır. Çünki biz Qarabağa gedə bilmirik, torpaqları qaytara bilmiriksə, Paşinyan və onun kimilər bildiklərini edəcəklərsə, Qarabağ erməninin əlində qalmış olacaq. Ona görə də Milli Məclis, hökumət də başa düşür ki, lokal bir münaqişə üçün 30 il çox uzun vaxtdır. Bu gün münaqişənin həlli çox vacibdir. Bizim XİN-in fəaliyyəti ancaq Minsk Qrupunun həmsədrlərnin görüşünün təşkilindən başqa bir şey deyil. Bu gün torpaqları qaytarmağı kəskin şəkildə qoymaq lazımdır. Təkcə XİN yox, Milli Məclis səviyyəsində də dünyaya açıq bəyan edib, torpaqlarımızın azadlığını tələb etməliyik. Biz yüksək səviyyədə hazırlıq görüb, məsələni beynəlxalq tribunalardan kəskin şəkildə bildirməliyik”.