Azərbaycan Avropa qaz bazarında Rusiyanın da xilaskarına çevrilir...

21 May 2020 11:11 (UTC+04:00)

Son günlərdə Rusiya ilə Qərb ölkələri arasında qaz məsələsi ilə bağlı yenidən ziddiyyətlərin baş qaldırması müşahidə olunur. Bu durumda diqqət cəlb edən proseslərdən biri də Rusiyanın məhşur “Şimal axını” və “Şimal axını-2”  qaz kəmərləri ilə bağlıdır.

Xatırladaq ki, hər iki kəmərin illik ötürücülük gücü 55 milyard kubmetrdir. Birinci çoxdan fəaliyyət göstərsa də, ikincinin inşası davam edir. Amma inşaat prosesi indi müxtəlif əngəllərlə üzləşir. Məsələn, artıq məlumdur ki, “Şimal axını-2” qaz kəmərinə Avropa Birliyinin direktivləri ilə məhdudlaşdırmalar gətirilir. Almaniyanın Federal Şəbəkə Agentliyi Avropa Birliyinin göstərişlərinə müvafiq olaraq bu xüsusda Rusiyanın istəklərindən uzaq qərar qəbul edib. Məsələ burasındadır ki, “Şimal axını-2”nin planlaşdırılması, tikintisi və istismarı üçün yaradılan “Nord Stream 2 AG” şirkətinin yeganə səhmdarı və təsisatçısı “Qazprom” şirkəti sayılır. Avropa Birliyinin enerji direktivləri isə artıq buna yol vermir. Qurumun qəbul etdiyi direktivə əsasən, qaz energetikası sahəsində Avropa qanunvericiliyi təkcə quru sahədə deyil, dəniz məkanındakı enerji daşıyıcalarına da şamil ediləcək. Bu o deməkdir ki, “Qazprom” “Şimal axını-2”nin sadəcə 50%-dən yararlana biləcək. Qalan enerji gücü 3-cü tərəfə verilməlidir. Bu məsələni həll etmək üçün isə tədarükçüdən asılı olmayan başqa bir qaz nəqli operatoru yaradılmalıdır.

Almaniya Federal Agentliyi bunu əsas götürərək, “Qazprom”un AB direktivlərindən və qaydalarından istisna tutulmaqla bağlı müraciətini rədd edib. “Qazprom”, buna rəğmən, hələ də qazın tədarükü və nəqli ilə bağlı ona eksklüziv hüquqlar verilməsini istəyir. Bunun ardınca Rusiya Düsseldorfdakı Ali Məhkəməyə müracət etsə də, yenə rədd cavabı alıb. İndi ruslar Avropa Birliyi məhkəməsinə müraciət edəcək. Amma onların yenə rədd cavabı alması gözlənilir. Bu durumda Rusiyanın maraqlarına cavab vermədiyi üçün “Şimal axını-2”nin tikintisi daha bir neçə il gecikə bilər. Bunu Rusiyanın Enerji İnkişafı Fondunun direktoru Sergey Pikin də xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Avropanın indiki mövqeyi əsasında “Şimal axını-2”nin inşası Rusiya üçün sərfəli deyil və “Qazprom” məsələnin həllini tapmadığı təqdirdə tikintini bir neçə il ləngidə bilər. O, “Şimal axını-2”yə qarşı Polşa tərəfdən də daha bir neçə məhkəmə iddiasının qaldırılacağını istisna etmir və bunu inşaata əlavə əngəl kimi qiymətləndirir. Artıq məlumdur ki, Polşanın PGNİG şirkəti “Qazprom”dan Stokholm Arbitraj Məhkəməsinin müəyyən etdiyi vəsaitləri almasa, Varşava “Şimal axını-2” qaz kəmərinin aktivlərinə həbs qoymağa cəhd edəcəyini bildirib. Daha bir əngəl də Danimarka ilə bağlıdır. Danimarka hələ də bu kəmərin ərazi sularından keçməsinə icazə vermir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Danimarkanın kəmərin çəkilişinə verilən icazəyə yenidən baxması ehtimalını şərh edərkən bunu təkcə ölkəsi yox, bütün Avropa üçün qəbuledilməz hal adladırıb:“Şimal axını-2”qaz kəmərinin çəkilişinə maneələrin yaradılması Avropa üçün qazın qiymətinin bahalaşmasına gətirib çıxara bilər”. Bununla yanaşı, Lavrov onu da vurğulayıb ki, Rusiyanın boru kəməri ətrafında yaranmış problemləri həll etmək üçün müxtəlif hüquqi alətləri var: “Ekspertlər bu fikirdədir ki, bütün bu hüquqi əngəllərin həlli Avropa Birliyi vətəndaşları üçün qazın bahalaşmasına gətirib çıxaracaq”.

Beləliklə, göründüyü kimi, baş verənlər “Şimal axını-2”nin, rusların ümid etdiyi kimi, heç gələn il ərzində də inşasının başa çatmayacağını deməyə əsas verir. Bu durumda ruslar Avropa qaz bazarından istədikləri həcmdə gəlirdən məhrum olacaqlar. Bu durumda Rusiya üçün çıxış yollarından biri Azərbaycan üzərindən qazını Avropaya ötürməkdir. Elə bir müddət əvvəl də məhşur “Euraktiv” portalı belə bir məsələni gündəmə gətirmişdi ki, Rusiya qazı Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi” boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməkdə maraqlıdır. Yeni potensial mənbələrdən “Cənub Qaz Dəhlizi”nə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları, eləcə də Rusiya qazı da ola bilər. Bu mənada, Azərbaycan heç bir istisna və ya ayrıseçkilik etmir, bütün qaz istehsalçıları ilə işləməyə hazır olduğunu bildirir. Burada nəzərə alınmalıdır ki, “Şimal axını-2”dən fərqli olaraq, “Cənub Qaz Dəhlizi” ilin sonuna kimi istifadəyə veriləcək. Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin son halqası olan TAP boru kəmərinin də 95,1 faizi yekunlaşıb. Bir daha xatırladaq ki, ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqli 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq. Ümumilikdə isə “Cənub Qaz Dəhlizi”nın ötürücülük gücünün bir neçə dəfə artırılması da mümkündür və bu şəraitdə Rusiya da öz qazını bu kəmərlə Avropaya çatdıra bilər. Prosesdə Avropa özü dı olduqca maraqlıdır.

Ramil QULİYEV