Trampın Əliyevə təbrik məktubunda dünyanın təhlükəsizlik probleminin həllinə Azərbaycanın töhfələri məsələsi...

16 May 2020 14:23 (UTC+04:00)

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda diqqət çəkən məqamlardan biri də Birləşmiş Ştatlar və Azərbaycanın  beynəlxalq təhlükəsizliyi gücləndirmək istiqamətində ölkəmizlə 30 illik  əməkdaşlıqdan məmnunluq ifadə edilir. Trampın Əliyevə məktubunda Azərbaycanın dünyada təhlükəsizliyə böyük dəstəyi ifadə olunur.Tramp Azərbaycanın hansı işlərini nəzərdə tutur?

Azərbaycan Milli İstiqlal Partiyasının siyasi şurasının üzvü Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Trampın Prezident İlham Əliyevə ünvanladığı son məktubda bir neçə məqam xüsusi olaraq qeyd edilir:“Onlardan biri də Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsindəki, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsindəki strateji roludur. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, Əfqanıstan, Kosovo da da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlərdə  kifayət qədər böyük töhfələr verir. Ərazisinin 20 faizi işğal olunan və erməni terrorundan əziyyət çəkən ölkəmiz bu kimi hallara qarşı bütün sivil dövlətlərlə, o cümlədən ABŞ-la ciddi şəkildə əməkdaşlıq edir.

Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən, yəni artıq 21 ildir ki, dünyanın ən qaynar nöqtələrində NATO birlikləri çərçivəsində sülhməramlı əməliyyatlarda iştirak edərək NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə dəyərli töhfə verir. Bura Əfqanıstan İslam Respublikasındakı Kabil Beynəlxalq Hava Limanının mühafizəsindəki iştirakını,  Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlardakı iştirakını, Türkiyə ordusunun tərkibində Draqaş şəhərində apardığı xidməti, Kosovonun Brod yaşayış məntəqəsindəki xidmətini də aid edə bilərik.  Bu kimi nümunələri çox saymaq olar. Ümumilikdə götürsək, 1999-cu ildən etibarən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib ki, bu da olduqca böyük rəqəmdir. Bu baxımdan da, Trampın Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi dəstəyi yüksək qiymətləndirməsi tamamilə təbiidir”.

Məhəmmədəli QƏRİBLİ