Paşinyanın babası da satqın imiş - baş nazirin paylaşdığı bir foto babasının faşistlərə xidmət etdiyini ortaya çıxardı - FOTO

11 May 2020 18:12 (UTC+04:00)

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

Trend Ermənistan KİV-inə istinadən xəbər ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan belə yazıb: "Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib".

Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda "obd-memorial.ru" saytında axtarış edən "iravunk.com" saytı aşağıdakı məlumatları əldə edib:

Doğum tarixi: 23.12.1913

Doğum yeri: Ermənistan SSR, Yenokavan

Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub.

Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.

"Obd-memorial.ru"nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.

Məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.