Ağ Evdə koronavirus şoku… Trampın ətrafında virusa yoluxanların sayı artır

11 May 2020 11:05 (UTC+04:00)

Epidemiya dövründə iqtisadi böhranın virusdan daha çox ölümə səbəb ola biləcəyi açıqlamaları ilə gündəmə gələn ABŞ Prezidenti Donald Tramp (73) ətrafında koronavirusa yoluxan insanların sayı artır.

Baki-xeber.com xəbər verir ki, ilk olaraq ABŞ prezidentinin köməkçilərindən birində koronavirus (COVİD-19) aşkarlanıb. Cümə günü isə vitse-prezident Mayk Pensin sözçüsü Keyti Millerə koronavirus diaqnozu qoyulub.

Millerdə korona aşkarlandıqdan sonra Ayova ştatına getməyə hazırlaşan Pensin təyyarəsindəki altı nəfər mümkün yoluxma səbəbindən təyyarədən endirilib.

Sözçü Miller eyni zamanda Trumpın məsləhətçilərindən biri olan Stiven Millerin həyat yoldaşıdır. Məhz bu məqam Ağ Evdə narahatlığı ciddi şəkildə artırıb.

Trampın Ağ Evdə müşaviri olan qızı İvankanın köməkçisində və xüsusi xidmət orqanlarının 11 əməkdaşında da virus aşkarlanıb.

Keyti Miller bir neçə gün əvvəl Tramp və Pensin, eləcə də onların həyat yoldaşlarının iştirak etdiyi bir toplantıya qatılıb. Bu isə, virusun Ağ Evdə yayıla biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Ağ Evdə virus aşkarlandıqdan sonra Tramp və Pens koronavirus testindən keçirilib.

ABŞ-ın iki kabinet rəsmisi isə koronavirus testi müsbət çıxan bir insanla əlaqədə olduqlarına görə özlərini təcrid ediblər. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild çərşənbə günü Ağ Evdə koronaya yoluxmuş insanla “aşağı risqli əlaqədə” olduğu üçün “növbəti iki həftə ərzində evdən işləyəcək”. Bu barədə şənbə günü “The Washington Post” qəzeti sözçüyə istinadən bildirib.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının komissarı Stefen Hahn da COVİD-19 testi müsabət çıxan bir insanla əlaqədə olduğu üçün özünü təcrd edəcək, deyə idarənin sözçüsü cümə günü Reuters xəbər agentliyinə bildirib. Sözçü Maykl Felberbaum email-lə göndərdiyi açıqlamada Hahnın dərhal diaqnostika testindən keçdiyini, testin nəticələrinin isə mənfi çıxdığını deyib.

“Politico” Hahnın ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Millerlə yaxın məsafəqə əlaqədə olduğu barədə məlumat yayıb.