“AtaBank” heç olmasa ağır koronavirus günlərində müştərilərinə canıyananlıq edəydi - əmanətçilərə niyə pul verilmir...

9 Aprel 2020 17:55 (UTC+04:00)

Ötən ilin sonlarında “AtaBank”ın fəaliyyətinin dayandırılması haqqında xəbərlər yayıldı. Bankın bağlanması xəbəri orada əmanətləri olan vətəndaşları narahat qoyub. Bankda əmanəti olan şəxslər adıçəkilən bankdan pullarını geri çəkmək istəyirlər. Lakin əmanətçilər neçə aydır bankdan öz vəsaitlərini geri ala bilmirlər.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da yanvar ayında mediaya açıqlamasında "AtaBank"da ciddi problemlərin olduğunu bildirmişdi. Baş bankir bunun səbəbinin bankın rəhbərliyi tərəfindən çox risqli bir neçə iri layihəyə kredit ayrılması olduğunu qeyd edib: “Azərbaycan Mərkəzi Bankı (AMB) “Atabank” ASC-də yaranmış vəziyyətə dair təkliflər hazırlayıb və Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. Bankla bağlı atılacaq addımlar ciddi olduğu üçün Şurada müzakirə ediləcək. Görüləcək tədbirlərin “AtaBank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur. Bu bankda qorunmayan əmanətlər də var. Biz bank rəhbərliyinə dedik ki, hər bir müştəriyə bildiriş göndərilsin və onlar gəlib əmanətlərini sığortalasınlar”.

Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, əmanətçilər “AtaBank”dan əmanətini geri ala bilmirlər: “AtaBank” da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ianə edib. Aylardır əmanətçilərin əmanətini, digər müştərilərinin pulunu qaytarmır, demək olar ki, heç fəaliyyət də göstərmir, amma yardım edir. Yardım etmək yaxşı işdir, amma öz hesabına. Sən başqalarından milyonlarla pul topla, qaytarmaqdan imtina et, həmin vəsaitin bir hissəsini də xeyriyyəçiliyə sərf et! Nədir bunun adı? Ad tapa bilmirəm. Necə ki, Mərkəzi Bankın da bu bank barəsində tədbir görməməsinə. Dünya tarixində misli görünməyən hadisədir: bank müştərilərinə ödəniş etmir, Mərkəzi Bank isə tədbir görmür. Belə bank sisteminə axı necə etibar etmək olar?”.

Günel CƏLİLOVA