Prezident koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırdı

9 Aprel 2020 16:44 (UTC+04:00)

Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.