Azərbaycanda kapital və əmlaka amnistiya - ölkədən çıxan maliyyəni geriyə qaytaracaq uğurlu seçim...

9 Aprel 2020 13:23 (UTC+04:00)

Bu ayın əvvəlində gündəmə gələn məsələlərdən biri də ölkədə kapitalın və əmlakın amnistiyası ilə bağlı oldu. Məsələyə münasibət bildirən iqtisadiyyat naziri Mikayl Cabbarov Prezident İlham Əliyevlə görüşdə diqqətə çatdırdı ki, həm özəl, həm də bank sektorunun nümayəndələri “kölgə iqtisadiyyatı”nın azaldılması və aradan qaldırılması prosesində vacib alət olan kapitalın və əmlakın amnistiyası məsələsinə baxılmasını xahiş ediblər:“Biz neft və qaz gəlirlərinin yerini dolduracaq siyasət həyata keçirmək niyyətindəyik. Xüsusi olaraq sahibkarların təşkilatları ilə “kölgə iqtisadiyyatı” mövzusu da müzakirə edilib. Kapital və əmlakın amnistiyası ilə bağlı təklifləri diqqətinizə ümumi paketdə təqdim edilib”.

Bunun ardınca daha bir maraqlı açıqlama İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdan gəldi. Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqinin nəzərdən keçirildiyini deyən Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir: “Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi. Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür. Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilib, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb. Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib. Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub”.

Qeyd edilənlər fonunda artıq bəllidir ki, Azərbaycanda kapitalın və əmlakın amnistiyası 2020-ci ilin aprel-dekabr ayları ərzində nəzərdən keçiriləcək. Bu, iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək və  Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” prezident Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirir ki, əmlak amnistiyası və ya kapital amnistiyası qeyri-maliyyə vəsaiti sayılır və daha çox investisiyaların qoyulması formasında təzahür edə bilər. Onun sözlərinə görə, bu, istehsal resursu kimi yeni iş yerlərinin yaradılmasında və işsizliyin aradan qaldırılmasında daxil olmuş maliyyə vəsaitləri üçün mühüm rol oynaya bilər: “Əlbəttə ki, bu birbaşa vətəndaşlara xeyirdir. Ölkəyə qayıtmış maliyyə resursları ilə yeni dəyərin yaradılmasıdır. Burda yalnız kapitalın və əmlakın amnistiyası deyil, həmçinin maliyyə borclarının amnistiyasından söhbət gedir. Ötən il ərzində toplanmış borcların və faizlərinin silinməsi olsun - bunlar amnistiya çərçivəsində nəzərdən keçirilir”. Digər ekspertlər də bildirir ki, sözügedən amnistiya fonunda Azərbaycan iqtisadiyyatına qayıdan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artacaq. Amnistiya edilən əmlakın və gəlirin siyahısından, harda yerləşməsindən, amnistiyanın tətbiqi müddətindən asılı olaraq dünyada onun müxtəlif formaları tətbiq edilib. Azərbaycanda gəlirlərin və əmlakın leqallaşdırılması  da məhz bu fonda indiki halda iqtisadiyyat üçün olduqca vacibdir. Kapitalın və əmlakın amnistiyası müxtəlif yollarla ölkədən çıxarılan kapitalın  da qaytarılmasına gətirib çıxara bilər. Ekspertlərin fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investisiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər. Yuxarıda qeyd olunduğu kimi, “kölgə iqtisadiyyat”ı ilə mübarizədə bir çox ölkələrin maliyyə amnistiyası və kapitalın, əmlakın amnistiyası praktikası var. Bir çox ölkələr bundan istifadə edərək yaxşı nəticələr də əldə edib. Yeri gəlmişkən, bu addımı effektiv atan ölkələrin praktikasında belə bir yanaşma da var ki, bunun üçün ayrıca bir fond yaradılır. Ekspertlərə görə,  Azərbaycanın timsalında hansısa bir tərəqqi fondu yaratmaq olar. Maliyyə amnistiyasından gələn vəsaitləri tərəqqi fonduna toplamaqla hökumət onun iqtisadiyyata yönəldilməsi istiqamətində addım ata bilər. Eləcə də buradakı vəsait əsas etibarı ilə kiçik və orta sahibkarlığa aşağı faizli uzunmüddətli kreditlərə sərf olunmalıdır ki, bu, tərəqqiyə, yeni iş yerlərinin yaradılmasına gətirsin.

Nahid SALAYEV