KİV əməkdaşı olmayanlara verilən saxta vəsiqələrin fəsadları…

7 Aprel 2020 16:44 (UTC+04:00)

Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, tətbiq olunmuş qaydaların, o cümlədən, hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir: “Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur. Fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslər kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin, bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar”.

Qeyd edək ki, karantin dövründə reket jurnalistlərin saxta vəsiqədən istifadə edəcəyi ilə bağlı hallar istisna olunmurdu.

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son zamanlar jurnalist adından istifadə geniş yayılıb. Ümumiyyətlə, jurnalistikadan anlayışı olmayanlar jurnalist vəsiqəsindən geniş istifadə edirlər: “Məlumdur ki, hazırda ölkədə karantin rejimi hökm sürür. İnsanların sağlamlığı üçün “evdə qal” kampaniyası aparılır. Operativ Qərargah belə bir şəraitdə xüsusi icazə almadan jurnalist vəsiqəsi ilə onların sərbəst fəaliyyətinə icazə verir. Təəssüf ki, bəzi şəxslər bundan istifadə edirlər. Bu problemin həll olunması üçün Operativ Qərargahla Mətbuat Şurası bir araya gəlməlidir. Ölkədə tanınan ciddi kütləvi informasiya vasitələrinin siyahısı dəqiqləşdirilməlidir. Normal media fəaliyyəti ilə məşğul olan KİV-in bir qrupunun bu icazədən yararlanması təmin edilməlidir. Hesab edirəm ki, Mətbuat Şurasının üzvlərinin bütün ölkə boyu məhdudiyyətsiz hərəkətinə vəsiqəni təqdim etməklə icazə verilməlidir. Bəzən elə hallar ola bilər ki, Mətbuat Şurasının üzvləri məsələyə müdaxilə etmiş olsunlar. Ciddi KİV deyəndə biz televiziyaları, mütəmadi nəşr edilən və ölkədə ciddiliyi ilə seçilən qəzetləri, bir də onlayn fəaliyyət göstərən və cəmiyyətə təsir gücü olan saytları nəzərdə tuta bilərik. Operativ Qərargah Mətbuat Şurası ilə məsələni müzakirə etsə, bu çevrəni dəqiq müəyyənləşdirə bilər”.

Günel CƏLİLOVA