Koronavirusla müharibədə “dövlət nə lazımsa edir, qalanlar bizim üstümüzdədir” – dövrün əsas ideyası...

7 Aprel 2020 16:32 (UTC+04:00)

“Bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə, onu edib”. Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciətində deyib.

Ölkə başçısının sözlərinə görə, necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik: “Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə, onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik”.

Prezident onu da qeyd edib ki, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahəsinə mənfi təsir göstərir: “Ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini, demək olar ki, böyük dərəcədə yekunlaşdırıb”.

Bir daha bəlli oldu ki, koronavirusla mübarizədə dövlət nə mümkündürsə, onu edir. Burada əsas insanların karantin tədbirlərinə tam əməl etməsidir.

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ölkə başçısının sərgilədiyi yanaşma tamamilə reallığı əks edirir: “Həqiqətən də dövlət bu qorxunc bəlanın təsirlərini minimuma endirmək üçün nə mümkündürsə, onu edir. Deyərdim ki, bir sıra ölkələrin edə bilmədiyini dövlətimiz edir. Məlum olduğu kimi, koronavirusun iqtisadi və sosial sferaya təsirlərini minimuma endirmək üçün bir sıra paketlər hazırlanıb. Bunların sayəsində dəyən zərər azaldılacaq. Digər tərəfdən, görülən tədbirlər çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə yardımlar ediləcək. Başqa bir tərəfdən, demək olar, ölkənin bütün tibb işçiləri səfərbər edilib. Koronavirusa yoluxan xəstələr üçün xüsusi ixtisaslaşmış xəstəxanalar ayrılıb. Karantin şəraitində saxlanılanlar üçün ən yüksək şərait yaradılıb. Virus yayılmasın deyə, əhalinin sıx təmasda olduğu metronun fəaliyyəti müvəqqəti dayandırılıb. Bundan artıq dövlət nə etməlidir? Əsas məsələ vətəndaşların karantinlə bağlı qoyulan tələblərə doğru-düzgün əməl etməsidir. Təəssüflər olsun ki, bu sahədə müəyyən problemlər var, bəziləri qoyulan məhdudiyyətlərə əməl etmirlər. Baxmayaraq ki, dəfələrlə müxtəlif formalarda xəbərdarlıqlar edilib. Fikirləşmirlər ki, bu cür davranışlarla həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atırlar. Ona görə də vətəndaşlar bu kimi məqamlara son dərəcə diqqət etməlidirlər. Hesab edirəm ki, bu çətin vaxtda vətəndaşlar qoyulan tələblərə əməl etsələr, o zaman virusun yayılması dayanacaq. O üzdən, hamı bu məsələdə nizam-intizamlı olmalıdır”.

Vidadi ORDAHALLI