Qondarma “DQR”-də budəfəki “seçkiləri” rədd edən dövlət və beynəlxalq qurumların say artımı - səbəblər...

7 Aprel 2020 13:23 (UTC+04:00)

2020-ci il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilib.

Əvvəlki illərdən fərqli olaraq, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib. “Seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə edilib. Siyahıdan məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qanunsuz hesab olunur.

 Göründüyü kimi, Dağlıq Qarabağ ərazisində qondarma qurumun keçirdiyi “seçkini” rədd edən təşkilat və dövlətlərin sayı artıb, bunu nə ilə izah etmək olar?

Qabil Hüseynli:”Konfliktin mahiyyəti, ermənilərin yalanları tam dərk edildiyi üçün belə mənzərə yaranıb”

 

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “seçki”dən əvvəl bir sıra dövlətlər, məsələn Pakistan, Türkiyə, İndoneziya bu “seçki”nin keçirilməməsini tələb etmişdilər: “Bu “seçkilər” ümumiyyətlə keçirilməməliydi. Saxta “seçkilər”in keçirilməsi Azərbaycanın suveren hüquqlarına qarşı qəsbdir. Heç kimə sirr deyil ki, bu bölgədə separatçılar iş başındadır. Onlar müstəqil Azərbaycan Respublikasına qarşı qiyam qaldırmış qüvvələrdir. Qeyri-qanuni “seçkilər” Azərbaycanın dünya tərəfindən tanınmış sərhədləri daxilində həyata keçirilir və qanunvericiliyə ziddir. Məlum dırnaqarası “seçkilər”in həyata keçirilməsinə BMT başda olmaqla dünyanın bir neçə ölkəsi etiraz edib. Onsuz da indiyə qədər keçirilən “seçkilər”in heç birinin nəticələri tanınmayıb. Bu günə qədər keçirilən “seçkilər”ə isə tam olaraq seçki demək də mümkün deyil. Qeyd edim ki, orada Azərbaycan icmasının nümayəndələri iştirak etməyibsə, hansısa seçkidən danışıla bilməz. İkinci məsələ isə bugünə qədərki “seçkilər”in saxta olması ilə bağlıdır. Dünyanın bir çox dövlətləri və nüfuzlu qurumları bu seçkilərin nəticəsini tanımayıb və üstəlik onların bir çoxu əvvəlcədən seçkilərin qanunsuz olduğunu da bəyan ediblər. Beləliklə, bu seçkilərin qeyri-legitim olduğu və hüquqa zidd olduğu həm də beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı tərəfindən vurğulandı. Tanınmayan bir məkanda həmin məkanın yerləşdiyi dövlətin qanunlarına zidd olaraq keçirilən seçkilərin heç bir siyasi perspektivinin olmayacağını, yəqin ki, ermənilərin özləri də bilir".

Politoloqun sözlərinə görə, qondarma Dağlıq Qarabağ Respublikası heç bir dövlət tərəfindən tanınmayıb:”Ermənistanın bu istiqamətdə etdiyi siyasi cəhdlərin hamısı da uğursuz olub. Çünki Azərbaycan Respublikasının ərazisində baş verən bu proseslər beynəlxalq təşkilatların nəzarəti altındadır. Məsələni danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu çərçivəsində nizama salmağa çalışırlar. Saxta “seçkiləri” birmənalı şəkildə rədd edən dövlət və təşkilatların sayının artması, reaksiyaların daha operativ və korrekt şəkildə ifadə olunması həm də Azərbaycan diplomatiyasının uğuru sayıla bilər. Çünki bu müddət ərzində biz Ermənistanın işğalçı siyasətinin əsl mahiyyətini dünya ictimaiyyətinə lazımi şəkildə çatdıra bilmişik. Konfliktin mahiyyəti, ermənilərin yalanları tam dərk edildiyi üçün belə mənzərə yaranıb”.

Məhəmmədəli QƏRİBLİ