Əhaliyə güzəştli tariflə işıq limiti artırılır - 200+...

6 Aprel 2020 19:29 (UTC+04:00)

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq. Məlum olduğu kimi, sözügedən məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Məlum olub ki, sözügedən məqsədlə dövlət büdcəsindən 10 milyon manat ayrılacaq. Bununla da əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılıraq 300 kVt/saatdan 400 kVt/saata çatdırılacaq. Sənədə əsasən, İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidirlər.

Görünən odur ki, Tədbirlər Planında əksər tərəflərin mənafeyi nəzərə alınıb. O cümlədən, əhaliyə satılan güzəştli işıq limitinin həcmi 100 kilovat/saat olmaqla 2 ay artırılıb.

Ümumlikdə, əhaliyə güzəştli tariflə işıq limitinin artırılmasının əhəmiyyətini ekspertlər necə dəyərlələndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-alim Əli Əlirzayev hesab edir ki, indiki şəraitdə güzəştli işıq limitinin artırılması müsbət addımdır: “Məsələ ondadır ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri ilə əlaqədar olaraq insanlar evdə qalır. Bu zaman elektrik enerjisi istehlakı artır. Mən özüm həyət evində yaşayıram. Həqiqətən də enerji çox istehlak olunur. Düzdür, əvvəldən limitin tətbiqinin tərəfdarı olmamışam. Ancaq belə bir qayda qoyulubsa, buna əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, havalar soyuq olanda elektrik enerjisinə tələbat artır. Bir sıra binalarda, o cümlədən, həyət evlərində mərkəzləşmiş istilik sistemi yoxdur. Evləri qızdırmaq üçün kombi sistemndən geniş istifadə edilir. Bu zaman elektrik enerjisi istehlakı artır. Limitin artırılması əhalinin xərclərinin azalması deməkdir. Yaxşı olardı ki, 4 aya qədər limit artırılsın. Fikrimcə, bir ailəyə düşən xərci azaltmaq ona yüksək məvacib verməkdən yaxşıdır. Bir var 1000 manat məvacib alıb onun 400 manatını kommunal xərclərə yönəldəsən, bir də var 500 manat alasan və daha az kommunal ödənişlər edəsən. Ona görə də indiki şəraitdə enerji ilə bağlı edilən güzəştlərə müsbət yanaşıram. Düşünürəm ki, bu, istehlakçıların xərclərinin azalmasına müsbət təsir edəcək”.

Vidadi ORDAHALLI