Ermənistanda anti-Putin kampaniyasının yeni tezisi - Ərdoğan Putinə işarə etdi, səsi Noyemberyanda çıxdı...

3 Aprel 2020 17:14 (UTC+04:00)

Son vaxtlar erməni mediası qazın qiymətinə görə Putini tənqid etməklə yanaşı, hətta bəzi məsələlərdə açıq ittiham etməkdən belə çəkinmir. Bununla bağlı ən ağlagəlməz uydurmalarla çıxış edirlər.

Digər məsələlərdə də Putini hətta “qırmızı xətti” keçməkdə açıq ittiham edirlər. İddia edilir ki, Noyemberyan rayonunun Azərbaycanla sərhədindəki atışma təsadüfi deyil. Guya bu, Ərdoğanın Putinə işarəsidir.

Bu arada erməni mediası yazır ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Qazprom”un rəhbəri Millerə qaz qiymətlərinin, eləcə də qazın milli valyuta ilə ödənilməsi ilə bağlı danışıqlara başlamaq təklifi ilə məktub göndərib: “Hazırda Ermənistan üçün sərhəddə qazın qiyməti 1000 kubmetr üçün 165 dollardır. Qiymət dəyişiklikləri, şübhəsiz ki, siyasi qərara çevriləcək, başqa sözlə, bunu Putin müəyyənləşdirməli olacaq. Həm Avropa, həm də postsovet məkanında Putin üçün qazın qiyməti siyasi bir vasitədir. Əgər Avropa üçün qazın qiyməti neftlə əlaqəlidirsə və onunla azalırsa, postsovet məkanında qiymətlər sabit və müqaviləlidir. Ancaq Putinlə razılaşmaq mümkündürmü? Hamısı onun vəziyyətindən asılıdır, indi onun vəziyyəti heç də ürəkaçan deyil. Koronavirus epidemiyası ona fasilə vermək imkanı versə də, Putin ciddi Avropa problemləri fonunda ABŞ-Çin razılaşmasında tərəf olacağına ümid edir”.

Daha sonra erməni saytı yazır ki, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması guya Ərdoğanın Putinə sifarişidir: “Noyemberyan rayonunun Azərbaycanla sərhədindəki atışma rəsmi Bakının macərası deyil, Ərdoğanın Putinə işarəsidir. Ermənistan Xarici İşlər Nazirliyi iki bəyanat verdi. Onlardan biri atışma ilə əlaqəli, digəri isə Türkiyənin Qarabağdakı “seçkilərlə” bağlı açıqlaması idi. İrəvanın açıqlaması da olduqca sərt oldu: Türkiyə siyasətinin düşmənçiliyi və Rusiyanın “qırmızı xətti” keçməsi qabardıldı. Paralel olaraq, İrəvan Rusiya ilə qaz qiymətlərinin aşağı salınması ilə bağlı yeni danışıqlar barədə danışmağa başladı. Aydındır ki, məsələ qaz məsələsi deyil, Moskva bu məsələni Qafqazda onun üçün ən yüksək hərbi-siyasi qiymət kontekstində nəzərdən keçirməlidir”.

Göründüyü kimi, erməni mətbuatı anti-Putin kampaniyası zamanı ağlagəlməz fərziyyələrlə çıxış edirlər. Hətta Putinin “qırmızı xətti” keçməkdə belə ittiham etməkdən çəkinmirlər.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, son dövrlər erməni mediasında Putin sistematik olaraq tənqid edilir: “Məlum tənqidi fikirlər və uydurma versiyaların irəli sürülməsi də bunun tərkib hissəsidir. Dünya bazarında neftin və qazın kəskin ucuzlaşmasına görə Rusiyadan enerji cəhətdən asılı olan Ermənistan ümidlənirdi ki, Moskva qazın qiymətində endirimlərə gedəcək. Rusiyanın əlində əsas təzyiq vasitəsi olan enerji rıçaqı Ermənistan üzərində domokl qılıncıdır. Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında Rusiyadan qazın qiyməti ilə bağlı narazılıq etməsi göstərir ki, Moskvanın bu məsələdə İrəvana güzəştə getmək planı yoxdur. Ona görə də açıq şəkildə erməni mediası Putinə yönəlik belə ittihamlarla çıxış edir. Bundan əlavə, Ermənistanın Azərbaycanla dövlət sərhədində etdiyi təxribatları Türkiyə və Rusiya müstəvisinə qaldırması onların isterikada olduğundan irəli gəlir. Ermənilər hesab edirlər ki, Türkiyəni bu məsələdə qabartmaqla iki ölkəni yenidən bir-birinə qarşı qoymaq mümkün olacaq. Nəticədə Azərbaycana Rusiya təzyiqləri artıracaq. Təbii ki, bu, erməni avantürasıdır və rəsmi Bakının güclü mövqeyi erməni yalanlarını ifşa edir. Əvvəlki illər deyil ki, erməni yalanları ayaq tutub yeriyə bilsin. Azərbaycan artıq onların ayaqlarını qırmaqla məşğuldur. Hesab edirəm ki, Ermənistan mətbuatının bu dezinformasiya siyasəti çox primitivdir  və işğalçı ölkənin özünün ifşasına gətirib çıxarır. Bu gün Rusiya Ermənistana həyati vacib qaz məsələsində güzəştə getməməklə bir daha sübut olunur ki, bu ölkə Rusiya üçün əhəmiyyətli dövlət deyil. Sadəcə, müəyyən məqsədlər üçün istifadə edilən forpostdur. Bunu Ermənistan siyasi sferası çox gözəl bilməlidir”.

Vidadi ORDAHALLI