Koronavirusla mübarizə fonduna yardım etmiş şirkətlərin ianəsi gəlirdən xərc kimi çıxılacaq - sahibkar üçün bu böyük jest maliyyə dilində nə deməkdir...

2 Aprel 2020 18:12 (UTC+04:00)

“Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsiat köçürən şirkətlərin ianələri gəlirdən xərc kimi çıxılacaq. Bu isə şirkətlərin vergini daha az verməsinə imkan yaradacaq”. Bu, Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanmış Pandemiyadan zərər çəkmiş sahələrdə əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulub.

Proqrama əsasən, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması nəzərdə tutulur.

Maraqlıdır, şirkətlərə edilən bu güzəştin maliyyə nöqteyi-nəzərdən məzmunu nədən ibarətdir?

Sözügedən məsələyə aydınlıq gətirən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, illik dövriyyəsi 200 min manatdan çox olan şirkətlər 20 faiz mənfəət vergisi ödəməlidirlər. Mənfəət vergisi nədir? Mənfəət şirkətin gəliri ilə xərci arasında olan fərqdir. Məsələn, hansısa böyük market il ərzində 1 milyon manat qazanc əldə edib. Ancaq bu hələ mənfəət deyil. Çünki şirkətin il ərzində müxtəlif xərcləri olur. Fəaliyyətini təmin etmək üçün icarə haqqı verir, işçilərin məvacibini ödəyir, kommunal xərclər və s. Həmin o xərclər gəlirdən çıxılır. Tutaq ki, il ərzində 500 min xərci olub. Bu zanman 1 milyon manatdan 500 min çıxılır, yerdə qalır 500 min. Bu 500 min olur şirkətin mənfəəti. Daha dəqiq desək, bu, şirkətin xalis gəlir hesab olunur. Deməyim odur ki, 20 faizlik vergi həmin o xalis gəlirdən çıxılacaq. 500 minin də 20 faizi edir 100 min manat. Ancaq burada vacib bir məqam var. O da ondan ibarətdir ki, hər hansı xərci gəlirdən çıxmaq olmaz. Yalnız şirkətin fəaliyyətini təmin edən xərc gəlirdən çıxılır. Məsələn, şirkət rəhbərinin kiməsə nəyisə bağışlamağı, xeyriyyəçilik etməsi xərcindən çıxılmır. Ancaq bundan fərqli olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürən şirkətlər 20 min az vergi ödəyəcək. Sözügedən şirkətlərə güzəşt dedikdə söhbət bundan gedir”.

Vidadi ORDAHALLI