Pandemiyanın ən çox ziyan vurduğu sahə sahibkarlarına dünyada görünməmiş kredit şəraitləri - faiz 15-i aşmayacaq, məbləğin 60 faizi dövlət zəmanətində olacaq

2 Aprel 2020 16:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının (0,5 mlrd. manat) təfərrüatını açıqlayıb.

Proqramda yeni verilən 500 mln. manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi, kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması yer alıb. Həmçinin, zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Digər proqram isə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramıdır (1 mlrd. manat). Həmin proqrama əsasən isə dövlət zəmanəti olmayan, həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur. Bunun üçün xüsusi vəsaitin ayrılması və subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi gözlənir.

Qeyd edək ki, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması və həmçinin, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb.

Bütövlükdə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə sözügedən güzəştli şərtlərlə kreditlərin verilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, sadalanan şərtlərlə kreditlərin verilməsi sahibkarların üzləşdikləri çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcək: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin qərarı ilə koronavirusun ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almaq üçün 4 istiqamətdə komissiyalar yaradılıb. İqtisadi profilli qurumların iştirakı ilə proqramlar hazırlanıb. Pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirləri azaltmaq üçün yaradılan İşçi Qrupun hesabatında qeyd edilir ki, infeksiyanın Azərbaycanda 4 sektora və 20 fəaliyyət sahəsinə  mənfi təsirləri var. Bura əsasən xidmət, nəqliyyat, otelçilik, turizm sahələri daxildir. Faktiki olaraq koronavirus sözügedən sahələrə birbaşa təsir göstərir. Dövlət dəstək proqramlarının maliyyə həcmi ümumən 2.5 milyard manat təşkil edir. Hesab edirəm ki, hazırkı dövrdə bu kifayət qədər böyük məbləğdir. Bir sıra sahələrə güzəşt və yardımlar ediləcək. O cümlədən, sahibkarlara sərfəli şərtlərlə kreditlər veriləcək. Belə ki, pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə yeni verilən 500 milyon  manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanət verəcək. Həmçinin, zəmanət verilən kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Hesab edirəm ki, bu şərtlərlə kreditlərin verilməsi sahibkarlara böyük kömək olacaq. Çünki iş adamlarının sərfəli kredit resurslarına böyük ehtiyacı var”.

Vidadi ORDAHALLI