Bu günə qədər ortaya qoyduğumuz həmrəyliyin ən gözəl nümunələrini bu gün yenə nümayiş etdiririk - Fəxrəddin Altun

1 Aprel 2020 17:09 (UTC+04:00)

                                                                        

“Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə “Biz bizə yetərik Türkiyəm” şüarıyla başladılan yardım kampaniyası ilə bağlı bu günə qədər çətin zamanlarda həmişə ortaya qoyduğumuz həmrəyliyin ən gözəl nümunələrini bu gün yenə nümayiş etdiririk”.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Altun yardım kampaniyasının dövlətlə millətin əl-ələ verərək koronavirusa qarşı görülən tədbirlər çərçivəsində zərər çəkən ehtiyac sahiblərinə əlavə dəstək göstərmək mahiyyəti daşıdığını bildirib: “Vətəndaşlar Ailə, Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən açılan bank hesabları ilə və ya “Korona” yazıb 8119-a nömrəsinə qısa mesaj yazmaqla kampaniyaya dəstək ola bilərlər. İmkanı olan bütün həmvətənlərimizi bu həmrəyliyə dəstək olmağa dəvət edirik və şükürlər olsun görürük ki, vətəndaşlarımız axın-axın gələrək bu yardım kampaniyasına dəstək olurlar. Çünki bu gün həmrəylik günüdür, yaxşılıq etmək millətimizin mayasındadır. Biz gəncindən yaşlısına qədər gələn dəstəklərlə bütün dünyaya bir nümunə olduq, oluruq.”

Bütün çətin zamanlarda millətin nə qədər nəcib olduğunu dünyaya bir nümunə göstərdiyini ifadə edən Altun, bu çətin günlərin ən qısa zamanda geridə qalacağına inandığını və geriyə baxdıqda əziz millətin nümayiş etdirdiyi birlik, bərabərlik və həmrəyliyin qürurla xatırlanacağını qeyd edib: “Bu millət dərdə düşənin yaxınlığında, darda qalanın yanındadır. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın “Biz bizə yetərik Türkiyəm” deyərək başlatdığı milli həmrəylik kampaniyası üçün tək ürək olduq. Yolumuz qardaşlıq, istiqamətimiz ədalətdir.

Milli həmrəylik dövlətin xalqdan pul istəməsi deyil, bütün dünyanın yaşamaqda olduğu belə bir çətin vəziyyətdə təbəqəsindən, ideologiyasından və siyasi düşüncəsindən asılı olmayaraq millətin hər bir fərdiylə bir-birinə dəstək olmasıdır. Milli həmrəylik kampaniyası ilə geniş vüsət alan və millətimizin böyük bir fədakarlıqla iştirakı ilə güclənən mübarizədə koronavirusun təsirini minimuma endirmək üçün işləməyə davam edirik.”