Ankara beynəlxalq birliyi Dağlıq Qarabağda 31 mart seçkilərini tanımamağa çağırdı

30 Mart 2020 19:41 (UTC+04:00)

Azərbaycanın Ermənistan tərəfindən işğal  edilən Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin mart ayının 31-də keçirilməsi nəzərdə tutulan qondarma prezident və parlament seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquq normalarına zidd status-kvonun birtərəfli olaraq qanuniləşdirilməsi üçün göstərilən səylərin təzahürüdür. Bu addım, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Baki-xeber.com-un xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir. Sənəddə daha sonra bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdiyi bir mərhələdə işğal olunmuş ərazilərdə qondarma seçkilərin keçirilməsi, münaqişənin sülh yolu ilə həllinin təmin edilməsindəki davamlı səyləri sarsıdan bir təşəbbüsdür.

ATƏT-in Minsk Qrupu da daxil olmaqla, beynəlxalq birliyin bu seçkini tanımamağa çağırıldığı sənəddə daha sonra bildirilir ki, Türkiyə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün yenidən pozulmasına yönəlmiş bu qanunsuz seçkiləri tanımır, ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətindəki səyləri dəstəkləməyə davam edəcək.