Separatçıların hazırlaşdığı “seçki” Dağlıq Qarabağı bütün region üçün virus mənbəyinə çevirə bilər - həmsədrlər “seçki”ni durdurmaq üçün niyə hərəkətə keçmir...

30 Mart 2020 19:39 (UTC+04:00)

Məlum olduğu kimi, martın 31-də işğal altındakı Dağlıq Qarabağda "prezident  və parlament seçkiləri keçiriləcək. Belə ki, koronavirus təhlükəsi dünyanı öz cənginə aldığı bir vaxtda qondarma "DQR"də belə bir saxta tədbirin keçirilməsi regionu təhlükə altına sala bilər.

Bu arada erməni mətbuatı həyasızcasına iddia edir ki, guya Qarabağda koronavirus təhlükəsi yoxdur. Bununla belə, müəyyən narahatlıqları da var:  “Ən azından, rəsmi strukturlar belə inandırmağa çalışırlar. Eyni zamanda, "seçki" prosesi ətrafında daha çox virus təhlükəsindən danışılır və İrəvandan yola düşən insanların təhlükə yaradacaqları məsələsinə də toxunulur. Bununla bağlı Baş nazir Nikol Paşinyan bəyan edib ki, "Artsax"a yollanan "müşahidəçilər" mütləq testlərdən keçirilməlidirlər. Təsadüf nəticəsində virus ötürməsinlər. Söhbət sürətli testlərdən gedir ki, həqiqətənmi "Artsax"a yollanan "müşahidəçilər" virus daşıyıcılarıdır? Bu vasitə ilə situasiyanın qarşısını almaq mümkündürmü? Bunu demək çətindir. Bütün hallarda, bəllidir ki, risqi idarə etmək üçün birmənalı qarantiya yoxdur”.

Göründüyü kimi, nə işğalçı Ermənistanı, nə də qondarma rejimin saxta rəhbərliyini insan amili maraqlandırmır. Bununla ətraf bölgələrə infeksiyanın yayılması təhlükəsini açıq-aşkar sərgiləyirlər.

Qarabağdakı separatçı qurumda qondarma “seçkilər”in heç bir beynəlxalq qurum tərəfindən tanınmayacağı öz yerində. Ancaq nəzərə almaq lazımdır ki, həmin “seçkilər” pandemiya təhlükəsinin olduğu bir şəraitdə keçiriləcək. Ancaq qəribədir ki, münaqişənin tənzimlənməsini üzərinə götürən ATƏT-in Minsk Qrupu, ümumiyyətlə, bu məsələni sükutla izləyir, buna hansısa münasibət bildirmir. Ən azından, qurum koronavirusla bağlı narahatlığını ifadə edib Ermənistana müəyyən təzyiqlər edə blərdi.

Maraqlıdır, ATƏT-in Minsk Qrupu indiki situasiyada niyə prosesləri sükutla izləyir?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, həmsədrlərin prosesləri sükutla izləməsi ATƏT-in Minsk Qrupunun uğursuz format olmasından xəbər verir:  “Ermənistanın işğal etdiyi ərazilərdə keçirdiyi qondarma seçkilərin heç bir hüququi əsasi yoxdur. Seçki odur ki, beynəlxalq hüquqa söykənsin və digər dövlətlər tərəfindən tanınsın. BMT qətnamələrinə əsasən, Azərbaycan əraziləri işğal altındadır və Qarabağda keçirilən istənilən “seçki” qanunsuzdur. Ona görə də belə qondarma “seçkilər”in keçirilməsi Qarabağ münaqişəsinin həllinə mənfi təsir edir və danışıqlar prosesində ardıcıllığa zərbə vurur. Bu gün dünyanı narahat edən pandemiyaya baxmayaraq, sözügedən “seçki” erməni avantürasıdır. Onların məqsədi Azərbaycanın bu ərazilərini anneksiya etməkdir. Hesab edirəm ki, Minsk Qrupu həmsədrlərinin bu şouya tamaşa etməsi, reaksiya verməməsi bu formatın uğursuzluğundan xəbər verir. Hesab edirəm ki, Minsk Qrupu belə “seçkilər”i kəskin pisləməli idi. Eyni zamanda, Ermənistana belə bir avantüraya yol verməməyi bildirməliydilər. Göründüyü kimi, belə bir reaksiya olmadığı üçün Ermənistan tərəfi belə bir şou göstərməyə çalışır. Təbii ki, Azərbaycan tərəfi buna kəskin reaksiya verəcək. Mümkündür ki, Qarabağda bu “seçki” Ermənistanın siyasi sistemində ciddi böhrana səbəb olsun”.

Vidadi ORDAHALLI