Azərbaycanda tənha qocalara "antivirus dəstəyi” verən rəsmi qurumların sırası sürətlə genişlənir

30 Mart 2020 16:22 (UTC+04:00)

Ölkədə bütün səylər, bütün düşüncələr başlıca vəzifəyə – əhalinin pandemiyadan qorunmasına yönəldilib. Xüsusi karantin rejimində fəaliyyətini davam etdirən dövlət orqanları, kütləvi informasiya vasitələri virusun yayılmasının qarşını almağa çalışırlar.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərdən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib. Yaşı 65-dən yuxarı olan insanlara dövlət qurumları, təşkilatlar sosial xidmət göstərirlər.

Qeyd edək ki, respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşa evlərində sosial xidmətlər göstərilir. Bu sahədə işlər DOST və ASAN könüllüləri, YAP könüllüləri, həmçinin, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir. Həmçinin, Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, koronavirusla mübarizədə  milli həmrəylik ortaya qoyulmalıdır. Təkcə dövlət qurumları deyil, hər kəs yaşlı insanlara dəstək olmalıdır: “Virusun daha çox yaşlı insanlara təsirini nəzərə alaraq, 65 yaşdan yuxarı yaşlı vətəndaşların sosial təminatı təmin olunmalıdır. Onların ehtiyacının ödənilməsi üçün lazımi xidmətlər göstərilməlidir. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik".

Həmsöhbətimizin sözlərinə görə, təşkilatlar, dövlət qurumları, könüllülər yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərirlər.

Günel CƏLİLOVA