Koronavirusla mübarizə dövründə icra başçılarının təkrar edə bilmədiyi "Prezident nümunəsi"...

30 Mart 2020 15:26 (UTC+04:00)

Ölkəmizin, xalqımızın koronavirusla mübarizə apardığı bir zamandayaşayırıq. Nəinki Azərbaycan, eləcə də bütün dövlətlər üçün böyük həyəcanla, ağrı-acı ilə müşayiət olunan koronavirus dövründə yaşadıqlarımız bizə bəzi yeni qənaətlər, müşahidələr qazandırdı. Hazırdayaşadığımız, həyəcanla izlədiyimiz koronavirusla mübarizə dövründə Prezident İlham Əliyev həmişə xalqın yanında olur, ictimaiyyətlə görüşlər keçirir, açıq, səmimi dialoq aparır, bir sıra obyektlərin, yaşayış binalarının, tibb müəssisələrinin açılış mərasimlərində iştirak edir.

Ölkə başçısının atdığı bu addımlar insanlara yaşamaq ümidi, koronavirusla daha güclü mübarizə aparmaq əzmi bəxş edir desək yanılmarıq.

Prezidentdən fərqli olaraq, rayon və şəhərlərin icra başçıları, demək olar ki, xalq içinə çıxımır, bu ağır günlərdə insanlara dayaq olmur, prosesləri daha çox kabinetlərindən izləyirlər. İcra başçılarının camaatla açıq təmas qurmaması cəmiyyət tərəfindən xoşagəlməz hal kimi qiymətləndirilir. Doğrudur, bir-iki icra başçısıvar ki, onlar camaatla məsafəli təmas yaradırlar, amma onların da sayı çox deyil.

Koronavirusla mübarizə dövründə icra başçıları hansı səbəbdən Prezidentin bu yöndə atdığı addımları təkrar etmək istəmirlər?

“Novoye vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev mövzu ilə bağlı baki-xeber.com-a bildirdi ki, rayon və şəhərlərin icra başçıları bu ağır gündə xalqın yanında olmağa borcludurlar. “Olduqca ciddi və aktual bir mövzuya toxunmusunuz. Azərbaycan Respublikasının Prezidenti koronavirusla mübarizə dövründə bir neçə müəssisənin, yaşayış obyektinin açılışında iştirak edib. Ən sonuncu iştirak etdiyi belə tədbir “Yeni klinika”nın açılışı olub. Prezident bu açılışlarda birbaşa insanlarla, ictimaiyyətlə təmaslar qurur, ölkədəki vəziyyətlə bağlı ətraflı çıxışlar edir. Bunlar hamısı çox əhəmiyyətli məsələlərdir. Yəni Prezidentin çıxışları, təmasları insanlarda olan qorxunu, əndişəni, panikanı aradan götürür. Bu, həmçinin, Prezidentin xalqla, ictimaiyyətlə bir yerdə olduğunu göstərir. Onu da düz qeyd etdiniz ki, icra başçıları xalqla təmasda olmaq, görüşmək üçün addımlar atmırlar. Təbii ki, icra başçıları da müəyyən qaydaları qorumaqla insanlarla ünsiyyətdə olmalı, rayon camaatına vəziyyətlə bağlı izah verməli, onlara sosial izolyasiyanın, karantinin mahiyyətini başa salmalıdırlar. İlk növbədə, rayon icra başçıları insanlar arasında koronavirusdan qorunmaq yolları ilə bağlı maarifləndirici təbliğat aparmalıdırlar ki, insanlar karantinə necə əməl etməli olduqlarını bilsinlər. Həmçinin, icra başçıları virusla mübarizə dövründə xalqı, rayon ictimaiyyətini dövlətlə həmrəy olmağa çağırmalı, bu virusa qarşı birgə mübarizə aparmağa hazırlamalıdırlar. Düzdür, Nazirlər Kabineti yanında Operativ Qərargahın icra başçılarının bu şəraitdə özlərini necə aparmalarına dair təlimatları var. Amma bu heç kəsə qadağan etmir ki, ən azından, onlayn əlaqə vasitəsilə camaatla təmasda olsunlar. İcra başçıları onlayn təmaslar qura bilərlər. Bu gün rayonlarda daha çox koronavirusla bağlı maarifçilik işinin aparılmasına ehtiyac var və bunu da rayon icra hakimiyyəti başçıları həyata keçirməlidirlər. Onlar əhaliyə anlatmalıdırlar ki, dünyanın hər yerində koronavirus var və insanlar üçün müxtəlif problemlər yaradır, amma buna baxmayaraq, həyat davam edir, dövlət koronavirusla mübarizə istiqamətində çox ciddi işlər görür, insanların həyatını qoruyur. Ən azından, icra başçıları bu cür çıxışlar edə bilərdilər. Amma mən hələ də anlaya bilmirəm ki, nə üçün rayon icra başçıları koronavirusla mübarizə apardığımız bir dövrdə insanlarla təmas qurmaq istiqamətində addımlar atmırlar”.

Ş.Ağayev qeyd etdi ki, işində nöqsana yol verən, xalqla təmasdan qaçan icra başçıları ilə bağlı Prezident tərəfindən qərar verildi, onların bəziləri işdən uzaqlaşdırıldı, digərləri həbs edildi,  tənbeh olundu, amma yenə də onlar bundan nəticə çıxarmağa elə də tələsmirlər. “Prezidentin icra başçıları qarşısına qoyduğu əsas tələb ondan ibarətdir ki, onlar kabinetlərindən çıxıb xalqla təmas qursunlar, insanların problemlərini həll etsinlər. Bu gün çox çətin dövrdə yaşayırıq, ölkəmiz koronavirusla mübarizə aparır. Bu halda hamı bir-birinə dayaq olmalıdır. Prezidentin təyin etdiyi icra başçıları xalqla təmasdan çəkinməməli, onlar xalqla bir yerdə olmalı, əhalini maarifləndirməli, onların qayğısına qalmalıdırlar. İcra başçıları koronavirusla mübarizə yolları ilə bağlı geniş təbliğat aparmalıdırlar. Çox təəssüf ki, biz icra başçılarının timsalında bunları görə bilmirik” - deyə Ş.Ağayev qeyd etdi.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli də hesab edir ki, icra başçılarının xalqın yanında olmaması təəssüf    doğurur: “Nəzərə almaq lazımdır ki, məhdudlaşdırma, karantinlə bağlı qəbul edilən qərarlar özündə insanlarla yaxından ünsiyyətdə olmamağı ehtiva edir. Amma buna baxmayaraq, icra hakimiyyəti başçıları ölkə başçısından nümunə götürərək bölgələrdə insanlarla yaxından təmaslar qurmalıdırlar. Təbii, bu görüşlərə onlar müvafiq qoruyucu vasitələrdən istifadə etməklə getməlidirlər və bölgə camaatına karantin tədbirlərinin mahiyyətini çatdırmalıdırlar. Digər tərəfdən, onlar əhalinin sosial vəziyyəti ilə yaxından maraqlanmalıdırlar. “Evdə qal” təbii ki, çox önəmli mesajdır və buna hər kəs əməl etməlidir. Amma, hər halda, insanlar evdə qalırsa, özlərini minimum qida  ilə təmin etməlidirlər. Hesab edirəm ki, aztəminatlı ailələrlə bağlı regionlarda xüsusilə ciddi iş aparılmalıdır. Burada maarifləndirici tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Rayonlarda çayxanaların fəaliyyətdə olduğu bildirilir. Hətta dünən bu barədə məlumat almışam, amma bu gün onun nə qədər dəqiq olduğunu bilmirəm. Bakı şəhərində bütün bu proseslərbaşa çatdıqdan sonra  bir sıra rayonlar var ki, orada bu prosesin yenicə həyata keçirilməsinə başlayıblar. Yəni həmin rayonlarda ticarət mərkəzləri, ictimai iaşə yerləri və sair yeni bağlanır. Bütün icra başçıları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların, eləcə də Milli Məclisin qəbul etdiyi qanunların icrası istiqamətində ciddi addımlar atmalıdırlar. Bunu Prezident dəfələrlə bəyan edib ki, məmur xalqın xidmətçisidir, xalqa xidmət etməlidir. Fikrimcə, indiki məqam isə icra başçıları, məmurlar üçünxalqa xidmət etmək baxımından ən önəmli, vacib məqamlardan biridir” - deyə E.Mirzəbəyli bildirdi.

İradə SARIYEVA