Köçəryan qondarma “Artsaxın” yeni “rəhbərinin” bircə adını çəkmədi...

30 Mart 2020 15:54 (UTC+04:00)

Hazırda həbsxanada saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ərazisində yaşayan vətəndaşlara müraciət edib. O, müraciətində koronavirus pandemiyası ilə bağlı orada yaşayan əhalini ehtiyatlı və diqqətli olmağa çağırır. Bu fürsətdən istifadə edən sabiq prezident eyni zamanda əhaliyə qarşıdakı qondarma “prezident” seçkiləri ilə bağlı da müraciətini ünvanlayıb. Qeyd edib ki, “Dağlıq Qarabağ Respublikası”nda yaşayan əhali özünə “rəhbər” olaraq qəhrəman keçmişə malik şəxsi seçməlidir. Köçəryan ad açıqlamır. Bu xüsusda o kimi nəzərdə tuta bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, martın 31-də qondarma qurumda “prezident” və “parlament” seçkiləri keçiriləcək:“Qondarma qurumdakı bu seçkilər son 30 ildə keçirilənlərdən 3 əsas amilə görə fərqlənir. Birincisi, bu seçkilərdə Ermənistanla qondarma qurum arasında siyasi baxımdan ciddi fikir ayrılığı var. Paşinyanın dəstəklədiyi namizəd qalib gələrsə, “məxməri inqlab” tam başa çatmış olacaq. Yox, qondarma qurum rəhbərliyinin dəstəklədiyi namizəd qalib gələrsə, bu, tərəflər arasındakı zidiyyəti daha da dərinləşdirmiş olacaq. İkincisi, indiki “prezident” Bako Saakyan seçkilərdə təkrar iştirak etmir. Üçüncüsü isə, seçkilər koronavirus pandemiyasının geniş yayıldığı bir dönəmə təsadüf edir. “Prezident” seçkilərində 12 nəfər iştirak edir, “parlament” seçkilərində isə 2 blok, 12 siyasi partiya iştirak edəcək. “Prezidentliyə” real namizəd kimi 3 namizədin adı hallanır. Ən ciddi rəqabətin Masis Mailyan, Arayik Arutunyan və Vitali Balasanyan arasında gedəcəyi gözlənilir. Belə bir ərəfədə Köçəryanın məktubla müraciəti təsadüfi deyil. Həmin müraciətdə o qeyd edir ki, şərəfli hərbi keçmişi olan birisinin “prezident” seçilməsini istəyir. Bu onu göstərir ki, Köçəryanın hələ də qondarma rejimdəki proseslərə təsir etmək imkanları var. Onun müraciətini Vitali Balasanyana verilən açıq dəstək kimi dəyərləndirə bilərik. Çünki yuxarıda adlarını çəkdiyimiz 3 favorit namizədin arasında Köçəryanın görmək istədiyi parametrlərə daha çox Balasanyan uyğun gəlir. Bu adam general rütbəsini daşıyır və Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. Balasanyana həm də Ermənistanda olan, Paşinyana müxalif sayılan keçmiş hərçilər dəstək verir. Paşinyan da sakit durmur. Deyilənə görə, o, namizədlər arasındakı Masis Mailyanı dəstəkləyir. Bu namizədin adı həm də Sorosla işbirliyində hallanır. Pandemiyaya görə sabahkı “seçkilərdə” fəallığın çox aşağı olacağı bəllidir. Seçkilərin ikinci tura qalma ehtimalı da ola bilər. Bako Saakyan bunu istəmir. Hesab edir ki, belə olacağı təqdirdə Paşinyanın mövqeləri daha da güclənər və Balasanyan estafetdən kənarda qalar”.

Məhəmmədəli QƏRİBLİ