Koronavirus dövründə dövlətlərin xaricdən öz vətəndaşlarını daşıyıb gətirmək işi - Azərbaycan nə etdi, Ukrayna və digərləri nə etdi...

25 Mart 2020 13:29 (UTC+04:00)

“Amma bu gün elə dövlətlər də var ki, onları vətəndaşlarının təxliyyəsi düşündürmür və vətəndaşlarını taleyin ümidinə buraxıblar”

Hər bir dövlət üçün vətəndaşının taleyi, təhlükəsizliyi hər şeydən üstün olmalıdır. Dünyanın böyük bir imtahan qarşısında olduğu bir dövrdə bütün dövlətlərin eyni dərəcədə vətəndaşlarının qeydinə qalmaması göz önündədir.

Azərbaycan da daxil olmaqla, çox az ölkə tapılar ki, bütün gücünü, təbii və iqtisadi resurslarını vətəndaşların sağlamlığı, təhlükəsizliyi naminə səfərbər edib. Koronavirus təhlükəsinin tüğyan etdiyi bu dövrdə dövlətimiz təkcə ölkə daxilində yaşayan deyil, xaricdə yaşayan, təhsil alan, işləyən Azərbaycan vətəndaşlarınının da qeydinə qalır və onları tam təmənnasız olaraq ölkəmizə gətirir. Bildiyimiz kimi, koronavirus dövründə Azərbaycan Prezidentinin göstərişinə əsasən müxtəlif ölkələrdən çarter reysləri təşkil edilib və həmin aeroreyslər xaricdəki Azərbaycan vətəndaşlarının ölkəmizə daşınması ilə məşğul olur. Eyni zamanda, xüsusi dəhliz vasitəsilə dövlət tərəfindən İrandan və digər həmsərhəd respubliklardan vətəndaşlarımız avtobuslar vasitəsilə ölkəmizə daşınır. Azərbaycan dövlətinin resursları hesabına həyata keçirilən proses nəticəsində  onlarla vətəndaşımız ölkəmizə gətirilib və təhlükəsizliklə bağlı karantinə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-nə qədər ölkəmizdə karantin elan edilib. Bu müddət ərzində yerinə yetirilməli olan tələblərdən biri də  xaricdəki Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi ilə bağlıdır. Qərarda deyilir:”Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin”.

Azərbaycanla müqayisədə başqa ölkələrdə bu kimi təşəbbüslərin elə də çox olmadığını müşahidə edirik. Koronavirus təhlükəsi yayıldıqdan qısa müddət sonra Azərbaycan dövləti vəziyyəti tam nəzarətə götürdü və xarici ölkələrdəki səfirliklərimizin vasitəsilə Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyyəsinə start verildi. Amma bu gün ölkələr var ki, hələ də öz vətəndaşlarının təxliyyəsini həyata keçirməyə tələsmir. Ukrayna və digər ölkələrin xaricdə olan vətəndaşlarının təxliyyəsini təmənnasız həyata keçirmədiyi haqqında məlumatlar var. Koronavirus təhlükəsi mövcud olmadığı dövrdə Ukraynadan, eləcə də başqa ölkələrdən Azərbaycana qonaq gəlmiş bir qrup şəxs bu gün vətəndaşı olduğu ölkələrə qayıtmaqda çətinlik çəkir. Onlar öz ölkələrinin səfirliklərinə müraciət etsələr də, bu problemin həllinə nail ola bilməyiblər. Səfirliklərdən onlara deyiblər ki, vətəndaşları öz ölkələrinə aparmaq üçün reyslər təşkil olunacaq, ancaq bu, vətəndaşın büdcəsi hesabına əvvəlki qiymətdən bir neçə qat bahasına olacaq. Bizimlə əlaqə saxlayan Ukrayna vətəndaşlarının verdiyi məlumata görə, (onlara belə deyilib) Ukraynaya və digər həmin məsafədə yerləşən ölkələrə biletlərin qiyməti 220 manatdan 600 manata qədər bahalaşdırılıb. Bu qiymətləri həmin ölkələrin özləri qaldırıb, qiymət artımının Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur. Yəni göründüyü kimi, bəzi dövlətlər təxliyyəni vətəndaşın büdcəsi hesabına həyata keçirir.  Halbuki, həmin ölkələrin də səfirlikləri müxtəlif sorğular vasitəsilə vətəndaşlarını axtarıb taparaq ölkələrinə təxliyyəsini təmənnasız həyata keçirməlidir. Azərbaycan dövləti isə vətəndaşlarımızın ölkəmizə gətirilməsini tam olaraq təmənnasız reallaşdırır.

Ukraynanın Azərbaycandakı səfirliyindən baki-xeber.com-a verilən məlumata görə, vətəndaşların təxliyyəsi üçün tədbirlər görüləcək. Səfirlikdən bildirdilər ki, martın 24-də məhdud sayda vətəndaş Ukraynaya göndərilib. Azərbaycanda karantin elan edildiyi üçün növbəti reysin nə zaman təşkil ediləcəyi isə məlum deyil. Azərbaycandan fərqli olaraq, bu ölkə buradakı vətəndaşların təxliyyəsini tam olaraq həyata keçirməyib.

Siyasi şərhçi Azər Həsrət hesab edir ki, Azərbaycan dövləti, bütün məsələlərdə olduğu kimi, vətəndaşlarımızın ölkəmizə təxliyyə edilməsində də örnəklər ortaya qoya bildi. A.Həsrət hesab edir ki, dövlətimiz öz resurslarını, bütün gücünü səfərbər edərək vətəndaşlarımızın xilası naminə bütün lazımı addımları atdı. “Birincisi, biz Azərbaycan vətəndaşları olaraq çox şanslı insanlarıq. Dövlət bütün resurslarını səfərbər edib ki, həm ölkədə, həm də ölkə xaricində olan Azərbaycan vətəndaşları koronavirus pandemiyasından ən az itki və zərərlə çıxsınlar. Ona görə də dövlətimiz tərəfindən tam təmənnasız olaraq çarter reysləri təşkil olunur, xarici ölkələrdəki vətəndaşlarımız bir-bir axtarılır, tapılır və bir yerə toplanılaraq ölkəmizə gətirilir. Gətirilərkən karantinə alınır, ciddi müayinə edilirlər, gərək olarsa müalicəyə cəlb edilirlər. Bütün bunlar dövlət hesabına olur və dövlət buna görə vətəndaşdan bir qəpik də olsa pul almır, bunu təmənnasız edir. Azərbaycan Prezidenti İlham Əliyev özü də şəxsən məsələni bu cür qoyub ki, mümkün qədər vətəndaşlarımızı bu virusdan xilas etməliyik. Dövlət buna görə də bütün resurslarını səfərbər edib ki, vətəndaşlarımız bu bəladan xilas olsun. Bizim daim tibb sahəsini tənqid etməyimizə baxmayaraq, koronavirusla mübarizə dövründə səhiyyəmizin necə güclü işləməsinin də şahidi oluruq. Hər şey yüksək səviyyədə təşkil edilib”.

 Üstəlik Azərbaycanın, bir çox ölkələrdən fərqli olaraq, pandemiyanın daha geniş yayılmaması üçün önləyici tədbirlər gördüyünü deyən A.Həsrət hesab edir ki, bu artıq bir daha Azərbaycan dövlətinin sözdə deyil, əməldə də vətəndaşına sahib çıxdığının göstəricisdir. “Azərbaycan dövlətinin koronavirus dövründə vətəndaşlarının xaricdən tam təmənnasız olaraq təxliyyə edilməsini həyata keçirməsi örnəyinin bənzərini başqa ölkələrin timsalında görə bilmədik. Sözün düzü, xeyli axtarış verdim və bu halı başqa ölkələrim timsalında elə də geniş şəkildə müşahidə edə bilmədim. Başqa ölkələr də Azərbaycanın göstərdiyi nümunələrin bənzərini tətbiq edirmi? Mən bununla bağlı elə bir örnəyə rast gəlmədim. Üstəlik, hələ eşidirəm ki, bir sıra ölkələr “biz Azərbaycanın təcrübəsini öyrənməliyik, onun modelini tətbiq etməliyik. Bu da vətəndaş olaraq bizi qürurlandır” mövqeyindədir.

A.Həsrət qeyd etdi ki, bəzi ölkələrin koronavirus təhlükəsi dövründə öz vətəndaşlarının təxliyəsinə belə biganə yanaşması o dövlətlərin vətəndaşlarının taleyinə Azərbaycan qədər həssas yanaşmadığını göstərir. A.Həsrət vurğuladı ki, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan vətəndaşları arasında heç bir ayrıseçkilik qoymadan bütün ölkələrə örnək olan işlər görür:”Amma bu gün elə dövlətlər də var ki, onları vətəndaşlarının təxliyyəsi düşündürmür və vətəndaşlarını taleyin ümidinə buraxıblar. Yəni bu artıq o dövlətlərin dayanıqlı və vətəndaşlara yönəlik olmadığının bir təsdiqidir”.

İradə SARIYEVA