Koronavirusun tarixdəki pandemiyalardan fərqləri - dünyanın düzəni dəyişəcək və... - Aydın Quliyev yazır

24 Mart 2020 22:43 (UTC+04:00)

Son iki min ildə bəşəriyyətin yaşadığı pandemiyaları koronavirusla müqayisə etdim. Gəldiyim qənaətləri dostlarımla bölüşürəm.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri politoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Bütün bəşəriyyət, o cümlədən Azərbaycan bu bəladan əvvəlkilərlə müqayisədə az itki ilə çıxacaq. Virus nəhayət ram ediləcək. Bunun nə zaman olacağı barədə düşünmürəm. Düşüncələrim əsasən onunla bağlıdır ki, koronavirus dünyada hansı geosiyasi dəyişikliklərə səbəb olacaq. İndiyə qədər tarixdə yaşanmış pandemiyaların hər birinin özəllikləri olub.

540-cı illərə təsadüf etmiş və şərti olaraq "Yustinyan qripi" adlandırılan pandemiyanın 25 milyona yaxın insan həyatı aldığı deyilir. Müqayisə üçün deyim ki, o zaman dünya əhalisi təxminən 160-200 milyon aralığında olub. Yustinyan bu qriplə mübarizədə daha böyük nəticələr əldə etdiyi üçün qrip elə onun öz adı ilə adlandırılıb. Bizansın ən qüdrətli imperatoru olub. Konstantinopolda bir neçə gün gündəlik minə qədər adamı öldürən pandemiyanın qarşısını almaqda Yustinyanın böyük təşkilatçılıqlar göstərdiyi məlumdur. Yadda saxlayaq ki, bu qrip Çindən başlamışdı.

1340-1350-ci illərdə dünya "qara ölüm" adlandırılan yeni pandemiyanın caynağına keçdi. 1.5 milyarddan çox əhalinin yaşadığı o zamankı dünyada 100 milyona yaxın adamın yoluxduğu deyilən pandemiyada ölüm sayı 50 milyonu ötdü. Maraqlıdır ki, bu vəba pandemiyasının da Çindən yayıldığı yazılır.

1730-cu illərdən sonra dünyada yeni vəba dalğası yayılıb. Bunun ingilislər tərəfindən bir bioloji silah kimi işlədildiyi deyilir. Deyilənə görə, fransızlara və ABŞ-da hindulara qarşı istifadə edilib. Hindularla saziş bağlayan ingilis komandan bir vəbalı əsgərin yorğanını və üz dəsmalını hindu qəbilə başçısına hədiyyə edib. Sonrası isə məlum...

1920-ci illərdə milyonlarla insan ölümünə səbəb olmuş pandemiya haqda da bilgilər var. "İspan qripi" adlandırılan bəlanın Priney yarımadasına Amerika əsgərləri tərəfindən gətirildiyi və habelə fransız mənşəli olduğuna dair iddialar mövcuddur. Təxminən 3 milyard olan Yer kürəsi əhalisinin 50 milyondan çoxunun məhv olduğuna dair bilgilərə sahibik. Göründüyü kimi, son iki min ildəki pandemiyaların azı üçünün Çindən başladığı barədə bilgilər var.

Göstərilən pandemiyalar birlikdə 200 milyondan çox insan həyatını aparsa da, dünyanın siyasi, geosiyasi tarixində heç bir yenilik yarada bilmədi. 540-cı il pandemiyasından sonra Bizans öz qüdrətli dövlətçiliyini 900 il də sürdürdü. Sonrakı 13, 18 və 20-ci əsr pandemiyaları da dünyanın siyasi, dini və geosiyasi düzənini dəyişə bilmədi. Olan dəyişikliklər başqa hadisələrin təsiri altında baş verdi. İmperiyalar dağıldı, yeniləri doğuldu, Yunan hüququ, Roma hüquq sisteminə söykənən dövrlər yaşandı, Vestfaliya və Vyana qaydalarına söykənən dünya düzənlərini, müstəmləkə sistemini, soyuq müharibəni və çoxqütblü dünyanı gördük.

Bunların heç biri pandemiyaların nəticəsi kimi baş verməyib.

Ancaq müasir koronavirus pandemiyasının iki fərqli nəticəsinin ola biləcəyini ehtimal etmək olar.

1. Koronavirus itkiləri milyonlara çatmadan dayandırılacaq, çünki virusun tibbi məzmunu olsa da, yayılma coğrafiyasına görə, idarə olunan prosesə bənzəyir.

2. Koronavirus dünyanın geosiyasi düzənində dəyişikliklərə gətirib çıxaracaq. 2000-ci ildə Nyu-Yorkda məşhur hadisə Beynəlxalq Antiterror Koalisiyasının yaranışına, Əl-Qaidə, İŞİD kimi qlobal terror şəbəkələrinin peyda olmasına, Ərəb baharına gətirib çıxardığı kimi, koronavirusun da Beynəlxalq Antivirus Koalisiyasının yaranacağına səbəb ola biləcəyini ehtimal etmək olar. Koronavirusun sürətlə yayılması qarşısında aciz qalan ölkələrdə BMT bayrağı altında fövqəladə vəziyyətlərin tətbiqi, hərbi vəziyyətlər və bu şəraitlərdə siyasi rejim dəyişiklikləri mümkündür. Adının "korona" qoyulması təsadüf olmaya və hansısa dəyişikliklər planının simvolikası kimi düşünülə bilər. Koronavirus proseslərindən geosiyasi məqsədlərlə istifadə olunmayacağını iddia etmək birmənalı mümkünsüzdür.

Koronavirus dünyaya yeni geosiyasi düzən gətirəcək… Nə kimi?

Bununla da bağlı təhlillərim olacaq…