65-dən yuxarılar üçün evdən çıxış məhdudiyyəti - Azərbaycanda əslində yaşlı nəslin xilas planı...

24 Mart 2020 16:06 (UTC+04:00)

“Görülən bütün tədbirlər Azərbaycan vətəndaşının maraqlarına və əhalinin sağlamlığının qorunmasına xidmət edir”

Məlum olduğu kimi, Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib. Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən xidmətlərin göstərilməsi təmin edilməlidir. Məlumat üçün qeyd edək ki, martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Onu da qeyd edək ki, hazırda Azərbaycanda ahıl yaşlı insanların sayı 720 min nəfərdir. Sözügedən qərar, təbii ki, müəyyən məhdudiyyətləri özündə ehtiva etsə də, əhəmiyyətli bir addımdır. Çünki bu qərar cəmiyyətin, xüsusən də yaşlı insanların qorunmasına, onların xilas edilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, yaşlı insanların sözügedən virusa yoluxma risqi digərləri ilə müqayisədə daha böyükdür. İnsanın bəlli yaşdan sonra immuniteti aşağı düşür. O üzdən, belə bir qərar onların qorunmasına xidmət edir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, yaşlı insanlarla bağlı belə bir qərarın verilməsi doğru addımdır: “Hesab edirəm ki, yaşlı insanların həyatını qorumaqdan ötrü belə bir qərarın verilməsi lazım idi. Görülən bütün tədbirlər Azərbaycan vətəndaşının maraqlarına və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də hər bir vətəndaş bunu dəstəkləməlidir. Xüsusən də yaşı 65-dən yuxarı olan ölkə vətəndaşları qoyulan qadağaya əməl etməlidir. Bir az əvvəl küçəyə çıxmışdım. Yaşlı vətəndaşların bir çoxu parklarda və küçələrdə idi. Görünür, yaşlı insanların heç də hamısınən qoyulan məhdudiyyətdən xəbəri yoxdur. Ya da verilən qərarı düzgün qiymətləndirmir. Bir sözlə, xeyli sayda yaşı 65-dən yuxarı şəhər sakinini gördüm. Hesab edirəm, yaşlı insanlara evdən çıxmaqla bağlı qoyulan məhdudiyyətlə əlaqədar maarifləndirmə işini gücləndirmək lazımdır ki, həmin insanlar təhlükəni başa düşüb çölə çıxmasınlar. Bununla özlərini də xilas etsinlər, gələcək nəsilləri də”.

Vidadi ORDAHALLI