Mübarizə mümkündür!!!

24 Mart 2020 14:21 (UTC+04:00)

Azərbaycan Respublikası hal-hazırda qlobal pandemiyanın qeydə alındığı, yeni tip koronavirusa yoluxma halının müşahidə olunduğu dünya dövlətlərindən biridir. Lakin ölkədə virusun geniş yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülməkdədir. Ölkənin Ali Rəhbərliyi başda olmaqla, bütün dövlət strukturları bu qlobal problemin fəsadlarının ölkəmiz üçün daha az fəsadsız ötüşməsi üçün bütün qüvvəsi ilə səfərbər olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi, böyük siyasi və mənəvi iradənin təzahürü kimi özünü göstərən koronavirusla mübarizə tədbirləri tam gücü ilə davam edir.

Məhz dövlət başçısının yeni tip koronavirusla mübarizə tədbirləri sahəsində verdiyi konkret, düzgün istiqamətlənmiş, o cümlədən, qlobal pandemiyanın mənfi fəsadlarının minimuma endirilməsinə hesablanmış qərar və sərəncamları, dövlət başçısının təşəbbüsü ilə başlayan böyük bir ümummulli kompaniya, əksər dünya dövlətlərinin və dünya sakinlərinin böyük itkilər verdiyi bu pandemiyanın nəticələrinin minimuma endirilməsinə, Azərbaycan Respublikasının bu qlobal problemdən daha az itkisiz çıxmasına hesablanıb.

Dövlət başcısının birbaşa nəzarəti altında Nazirlər Kabineti yanında Operativ qərargahın qəbul etdiyi qərarlar və həyata keçirdiyi tədbirlər bunun bariz nümünəsidir. Dövlətin bütün strukturlarının fasiləsiz və gərgin əməyi yeni tip koronavirusun ölkə ərazisində geniş yayılmasının qarşısını almağa yönəlmişdir. Həyata keçirilən bütün tədbirlər bu qlobal problemin qarşısının alınması üçün bütün növ hərəkətləri özündə ehtiva edir. Dövlət başçısının yürütdüyü ardıcıl və vətəndaşların təhlükəsizliyinin təmininə yönəlmiş məqsədyönlü siyasət dövlət strukturları tərəfindən fasiləsiz şəkildə yerinə yetirilir.

Dövlətimizin apardığı təxirəsalınmaz tədbirlər və düşünülmüş siyasət nəticəsində biz yeni tip koronavirusdan əziyyət çəkən inkişaf etmiş ölkələrdə gördüyümüz acınacaqlı vəziyyərti müşahidə etmirik. Xarici KİV-lərdə davamlı olaraq izlədiyimiz COVİD-19 virusunun yayıldığı ölkələrdə çökən səhiyyə sistemi, sosial şəraitin pisləşməsi, bəzi qorxu filmlərində gördüyümüz və az qala hamını vahiməyə salan səhnələrin - yollarda vəfat edən insanların, xəstə qəbulu üçün yer tapılmayan xəstəxanaların, xəstələrin arasında yaşla əlaqədar aparılan seçimlərin, ərzaq üçün kilometrlərlə uzanan növbələrin, boşalmış və talan olunmuş ticarət mərkəzlərinin ölkəmizdə olmaması məhz dövlətin ali rəhbərliyi tərəfindən aparılan məqsədyönlü idarəetmənin təzahürüdür.

Ölkədə yeni tip koronavirusun qeydə alınmasından əvvəl və sonra aparılan tədbirlərin istiqaməti vətəndaşlarda bu problemin öhdəsindən uğurla gəlinəcəyinə dair böyük bir inam formalaşdırıb. Dövlət vətəndaşlarını bu dəhşətli virusun caynağından qoparmaq üçün bütün iqtisadi, inzibati və siyasi gücünü səfərbər edib.

Həyata keçirilən sosial izolyasiya tədbirləri, tətbiq olunan xüsusi rejim, əhalinin maddi və sosial təminatına dair qəbul olunan qərarlar, dövlət başcısı tərəfindən yeni tip koronavirusla mübarizəyə və sosial təminata görə büdcədən ayrılacaq fantastik sayıla bilən məbləğ, məhz dövlətin vətəndaşlarını qorumaq, onun sosial təminatını həyata keçirmək üçün bütün qüvvələrini səfərbər etdiyinin bariz nümünəsidir.

Ölkənin səhiyyə sistemi, hüquq mühafizə orqanları, iqtisadi və sosial strukturları fasiləsiz formada bu qlobal pandemiyaya qarşı mübarizə apararaq virusun ölkəmizdə geniş yayılmasına qarşı bütün mümkün tədbirləri görür.

Lakin dövlət başçısı və əlaqədar qurumlar tərəfindən bütün görülən tədbirlər, həyata keçirilən proseslər vətəndaşların təhlükəsizliyinə, insanların bu qorxulu və təhlükəli virusdan qorunmasına yönəldiyi halda bəzi ölkə vətəndaşlarının həyata keçirilən sosial izolyasiya tədbirlərinə və xüsusi rejimə əməl etmədiyinin də şahidi olmaq olar.

Bütün dünya, Ümümdünya Səhiyyə Təşkilatı, Ölkə rəhbərliyi, müvafiq qurumlar, KİV-lər tərəfindən davamlı və fasiləsiz olaraq EVDƏ QALIN çağırışı edilsə də bəzi vətəndaşlar bu çağırışa məhəl qoymaq istəmir, sosial izolyasiya tədbirlərindən yayınmağa çalışırlar. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq həm özlərini, həm ətrafdakı insanları, eyni zamanda cəmiyyəti də risk altına almaqdan çəkinmirlər.

Hal-hazırda dövlət yeni tip koronavirusun qarşısının alınması üçün bütün mümkün, hətta mümkün olması çətin olan tədbirləri həyata keçirdiyi halda bəzi vətəndaşlar sadəcə öz təhlükəsizlikləri üçün sosial izolyasiya tədbirlərinə əməl etmək istəmirlər. Qlobal xarakter alan COVİD-19 virusundan insanları qorumaq üçün ölkə rəhbərliyi tərəfindən virusun yarada biləcəyi mənfi təzahürləri minimuma endirmək üçün bütün imkanlarından istifadə edildiyi halda vətəndaşlar sadəcə özlərinin və ətraflarındakı insanların yoluxma təhlükəsini görməzdən gəlirlər.

Həyata keçirilən tədbirlərin mahiyyətini anlamayan bu insanlar özlərini riskə atmaqla bərabər, eyni zamanda dövlətin vətəndaşların təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədbirlərin effektivliyin böyük bir risk altında qoyurlar.

Son araşdırmalara görə virusa yoluxmuş şəxs karantinə alınmazsa və təcrid olunmazsa onun sərbəst çəkildə yoluxduracağı şəxslər sadəcə mərhələli olaraq 10 yoluxma dövrəsindən sonra 59 min nəfərə qədər arta bilər. Gördüyümüz kimi az qala həndəsi bir silsilə ilə yoluxa bilən COVİD-19 virusu təhlükəli bir infeksiya olmaqla bərabər, eyni zamanda hər bir insanı ölümlə təhdid edir.
Bütün bunları nəzərə alaraq bir daha ölkə vətəndaşlarını hamının böyük bir sınaqla qarşı qarşıya qaldığı bu çətin dövrdə, koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlət tərəfindən koronavirus pandemiyasına qarşı aparılan mübarizəyə dəstək verməyə çağırırıq.
COVİD-19 virusunun qarşısının alınması və yayılmasını önləmək üçün verəcəyiniz ən böyük dəstək sosial izolyasiya tədbirlərinə riayət etməkdir.
Verəcəyiniz  dəstək eyni zamanda dövlətə, cəmiyyətə, olduğunuz toplum və kollektivlərə, ailənizə və ən əsası özünüzə olan dəstəkdir.
Əgər bir vətəndaş özünü qorumaq üçün cəhd etmək istəmirsə, dövlətin onun üçün və digər vətəndaşlar üçün həyata keçirdiyi qoruyucu tədbirlər planına zərbə vurmuş olur.
Siz xüsusi rejimin tələblərinə, sosial izolyasiya rejiminin qaydalarına riayət etmir və ya etmək istəmirsinizsə, deməli həm özünüzü, həm də ətrafınızdakı insanları təhlükə altında qoyursunuz.
Əgər bütün dünyanın mübarizə apardığı yeni tip koronavirusla mübarizə ölçülərinə və miqyasına görə bir "müharibədir"sə, siz sosial izolyasiya və karantin qaydalarına riayət etməməklə COVİD-19 virusunun müttəfiqinə çevrilir, onun daha çox yoluxucu olmasına, daha çox ərazilərə yayılmasına yardımçı olursunuz.
Lakin bunu diqqətlə oxuyun və yadda saxlayın: COVİD-19 hətta onun yayılmasına şərait yaradan, onun daha çox insana yoluxmasına imkan verən müttəfiqinə belə acımır. Buna görə seçiminizi edin ya "EVDƏ QAL"ıb sosial izolyasiya qaydalarına əməl edib yaşamaq və eyni zamanda yaşatmaq, yaxud bütün qaydaları pozub koronavirusun sizə rəhm edəcəyini gözləmək.
Yadda saxlayın koronavirus bizdən güclü deyil. Koronovirusla mübarizə mümkündür.  Özünüzü, sevdiklərinizi, hətta sevmədiklərinizi, ətrafınızdakı insanları, cəmiyyəti, sizi var gücüylə qorumağa çalışan Dövlətinizi sadəcə sosial izolyasiya və karantin qaydalarına əməl etməklə yeni tip koronavirusdan qoruya bilərsiniz. 
Bunun üçün sadəcə EVDƏ QALIN!!!
Nahid SALAYEV 

"Aria.Az"