Sahibkarlara dəstək - Azərbaycan iqtisadiyyatının koronavirusdan ən az itki ilə çıxışını təmin edən kurs kimi...

24 Mart 2020 14:17 (UTC+04:00)

“Sahibkarların üzləşdiyi itkiləri minimuma endirəcək”

İqtisadiyyat naziri Mikyaıl Cabbarov bildirib ki, mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır. Onun sözlərinə görə, bu məqsədlə yaradılan işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. Nazir vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər. Bəlli olur ki, ölkə iqtisadiyyatının koronavirusdan ən az itki ilə çıxmasını təmin etmək üçün sahibkarlıq subyektlərinə dəstək verilməsi nəzərdən keçirilir. Məqsəd koronavirusdan əziyyət çəkən bəzi iqtisadi sahələrin üzləşdiyi itkiləri kompensasiya etməkdir. Bu baxımdan atılacaq iqtisadi addımların əhəmiyyətini ekspertlər necə dəyərləndirir? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu kimi tədbirlər sahibkarların üzləşdiyi itkiləri minimuma endirəcək:“Məlum olduğu kimi, koronavirusla əlaqədar turizm, hotel, iaşə və digər bu kimi xidmət sahələri müəyyən zərərlə üzləşib. Belə vəziyyət tək biz deyil, bütün dünyada mövcuddur. Yəni bütün dünya sahibkarları bundan əziyyət çəkir və müəyyən iqtisadi zərərlərə məruz qalırlar. Aparıcı ölkələrdə belə zərərləri kompensasiya etmək üçün müxtəlif təcrübələr var. Hesab edirəm ki, bütün bunlar nəzərdən keçirilməlidir. Ondan sonra Azərbaycan şəraitinə uyğun məqbul model ortaya qoyulmalıdır. İstənilən halda, Azərbaycan dövlətinin bu təşəbbüsü alqışalayiqdir. Çünki bütün hallarda sözügedən məsələ ilə bağlı veriləcək qərar iş adamlarına böyük dəstək olacaq. Sahibkarların üzləşdiyi itkiləri minimuma endirəcək. Nəzərə almaq lazımdır ki, xidmət sektoru bu kimi məsələlərə çox həssas reaksiya verir. Hansısa dalğalanmalar dərhal özünü xidmət sektorunda göstərir. Bu baxımdan hesab edirəm ki, sahibkarlara göstəriləcək yardım iqtisadi baxımdan sözügedən subyektlərin duruş gətirməsinə kömək edəcək. Ona görə də bu istiqamətdə tədbirlərin görülməsi sahibkarlar üçün müsbət əhəmiyyət kəsb edir”.

Vidadi ORDAHALLI