Təhlükəli proseslərin “Binə” və “Sədərək” bazar sahiblərinə sanki dəxli yox imiş - icarədarlara heç bir güzəşt haqqında düşünülmür...

23 Mart 2020 13:32 (UTC+04:00)

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah bu gündən etibarən iri ticarət mərkəzləri və “Mall”larla bağlı xüsusi qərar verib. Həmin məkanların daxilində fəaliyyət göstərən aptek və ərzaq dükanları istisna olmaqla, ticarət mərkəzlərinin fəaliyyəti bir ay müddətinə dayandırılır. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri bunu epidemiyanın yayılmasının qarşısının alınması baxımından düzgün addım saysalar da, həmin ticarət mərkəzlərinin üzərinə xüsusi öhdəliyin qoyulmadığından gileylənirlər. Hətta bəziləri bildirir ki, paytaxtın ən iri topdansatış ticarət mərkəzi kimi tanınan “Sədərək” və “Binə” kimi bazarların sahibləri icarədarlara hər hansı güzəştin ediləcəyi ilə bağlı nəsə deməyiblər. Onlar da öz növbəsində narahatdır ki, ayın sonunda bazar rəhbərliyi onlardan işləmədikləri zamana görə də icarə haqqı tələb edə bilərlər. Bu, proses necə tənzimlənməlidir? 

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada tüğyan edən, bütün insanlıq üçün fəlakətli dərəcədə təhlükəli olan, ÜST tərəfindən pandemiya elan edilmiş koronovirusla mübarizə qaydaları çərçivəsində, demək olar ki, dünyanın əksər ölkələrində müxtəlif tədbirlər planı həyata keçirilməkdədir: “Əksər ölkələrdə karantin tətbiq edilib, karantin şərtləri daxilində vətəndaşların daha çox toplaşdığı yerlər - əyləncə mərkəzləri, stadionlar, istirahət mərkəzləri və sairə qapadılıb ki, bunu da virusa yoluxma hallarının qarşısının alınması istiqamətində atılmış məcburi və mühüm addım kimi qəbul edib dəyərləndirmək lazımdır. Yuxarıda sadaladığım və sadalamadığım, müvəqqəti olaraq fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul edilmiş digər obyektlərlə yanaşı, bu gündən etibarən Azərbaycan Respublikası ərazisində iri ticarət obyektlərinin də qapadılması haqqında çıxarılmış qərar alıcı və ya satıcı, icarə götürən və ya icarə verən vətəndaşlar tərəfindən də anlayışla qarşılanmalı, zəruriliyi dərk edilməlidir. Özüm də aktiv sosial şəbəkə istifadəçisi olduğumdan, Nazirlər Kabinetinin ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyətinin 23 mart 2020-ci il tarixində saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılması barədə çıxardığı qərardan dolayı bir sıra sualların ortaya çıxmasının şahidi oluram. Ən çox səslənən sual icarə haqları ilə bağlıdır. İnsaf naminə qeyd etmək lazımdır ki, verilən qərarda bu məsələ öz əksini tapmır və təbii ki, bu da insanların haqlı iradına səbəb olaraq icarə verənlə icarə götürən arasındakı münasibətlərdə hüquqi ziddiyyət yaradır. Bu məsəl, Qərarın qəbulu ilə bağlı hüquqi zəmində ziddiyyətlərin qarşısının alınmasından ötrü məncə qanundan irəli gələn, istinad nöqtəsi olaraq göstərilə bilən müvafiq aktlar, normativlər, digər hüquqi sənədlər vasitəsilə müşayiət edilsəydi daha yaxşı olardı. Düşünürəm ki, indiki halda hər iki tərəf reallıqla barışmalı və bunun zərurətdən irəli gəldiyini vətəndaş olaraq dərk etməlidir. Buradan üzümü iri ticarət mərkəzlərinin, malların və digər obyektlərin sahibilərinə tutaraq səslənirəm. Mövcud vəziyyətdən doğan zəruriliyi dərk edin, vəziyyəti düzgün qiymətləndirin. Bütün bunlar sizin, ailə üzvlərinizin, digər vətəndaşların sağlamlığı, təhlükəsizliyi naminə, ümumilikdə götürüldükdə isə insanlıq naminə atılmış zəruri addımlardır. Reallıqları nəzərə alıb, reallıqdan doğan addımlar atın. Zəruri tədbirlər, demək olar ki, fövqəladə tədbirlər çərçivəsində dövlət tərəfindən atılmış addımı düzgün qiymətləndirərək, icarə subyektlərini, mövcud qərar qüvvəsini itirən ana qədər icarə haqqlarından azad edin. Mövcud vəziyyətdə hamımız birlikdə əl-ələ verərək, bir – birimizə dəstək olaraq dövlətimizin, millətimizin, xalqıımızın yanında olmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ