Prezidentin mühafizə işinin təkmilləşdirilməsi dövrün tələbinə tam adekvat islahat kimi...

19 Mart 2020 17:12 (UTC+04:00)

Məlum olduğu kimi, Prezident İlham Əliyev xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılır:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli, 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Prezidentin mühafizə işinin təkmilləşdirilməsi dövrün tələbinə uyğun olan tam adekvat islahat kimi dəyərləndirilə bilərmi?

Əzizağa Süleymanov: “...Prezidentin təhlükəsizliyini təmin edəcək ayrıca qurumun daha effektiv fəaliyyətinə stimul verəcək”

Vaxtilə Prezidentin mühafizəsini həyata keçirən Milli Qvardiya adlı qurumun komandiri olmuş polkovnik Əzizağa Süleymanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə aparılan islahatı təqdir etmək lazımdır: “Bu sahədə kifayət qədər təcrübəsi olan və çalışmış bir şəxs kimi deyə bilərəm ki, ölkə başçısının mühafizəsi ilə ayrıca qurum məşğul olmalıdır. 1993-cü ilə kimi bu funksiyanı mənim komandiri olduğum Milli Qvardiya həyata keçirirdi. Sonra həmin qurumun bazası əsasında Xüsusi Dövlət Mühafizə Xidməti yaradıldı. Həmin qurumun tərkibinə çoxlu sayda idarə daxil edildi. Ştat çox şişdi. Təsəvvür edin ki, Prezidentin mühafizəsini təşkil edən qurumun tərkibində rabitəyə, poçt daşınmalarına, boruların mühafizəsinə nəzarət edən idarələr vardı. Ümumilikdə, 20 idarə və iki ayrı qurum XDMX-də birləşirdi. Hər bir idarəyə də ayrıca general rəhbərlik edirdi. İdarə rəislərinin elə bir geniş səlahiyyəti yox idi. Xırda bir məsələni də həll etmək üçün onlar rəislə məsləhətləşməli olurdular. Yəni generalların kimisə işə götürmək, işdən azad etmək kimi səlahiyyətləri yox idi. Eyni zamanda, xərc də böyük idi. Deyilən sayda şəxsi heyəti saxlamaq üçün dövlət büdcəsindən külli miqdarda vəsait gedirdi. Prezident bütün bunları nəzərə alıb, doğru addım atdı. Bu, eyni zamanda, Prezidentin təhlükəsizliyini təmin edəcək ayrıca qurumun daha effektiv fəaliyyətinə stimul verəcək. Çünki müxtəlif funksiyaları icra edən qurumların bir-birindən ayrı fəaliyyət göstərməsi işin effektivliyini, fəaliyyətə nəzarəti azaldırdı. Əvvəl də bu işlə ayrıca Milli Qvardiya məşğul olurdu. Hesab edirəm ki, ad başqa olsa da, yenidən həmin sistemə keçildi”.

Keçmiş komandirin sözlərinə görə, ölkə başçısının təhlükəsizliyinin yüksək səviyyədə qorunmasına hər zaman ehtiyac olub: “Atılan addımlar həm də bu reallıqdan doğur və işin daha da təkmil aparılması istəyini şərtləndirir. Tamamilə başqa funksiyaları icra edən qurumların ölkə başçısını mühafizə edən qurumdan ayrılması çoxdan lazım idi. Bununla bağlı daha incə detallar var ki, media üçün söyləmək doğru sayılmaz. Ümumi anlamda, mənə doğma olan bu sahədəki islahatı dəstəkləyirəm”.

Məhəmmədəli QƏRİBLİ