17/02/2020 07:04
728 x 90

İsmayıllının Gəraybəyli kənd kitabxanası - əgər ona kitabxana demək olarsa... - FOTO

img

Azərbaycanda kitabxana sisteminin yenidən qurulduğu, yalnız paytaxt və iri rayonlarda,  qəsəbələrdə deyil, o cümlədən, ucqar kəndlərdə də müasir tələblərə cavab verən kitabxanaların formalaşdırıldığı bildirilsə də, təəssüf ki, sakinlər, kitabxanalardan mütəmadi istifadə etmək arzusunda olanlar bunun əksini deyirlər.

Kitabxanaların cəmiyyətdə oxu mədəniyyətinin formalaşdırılmasında, eləcə də informasiya ilə təmin olunmasında mühüm bir sistem olduğu sirr deyil. Lakin bəzi hallarda əlaqədar qurumların kənd kitabxanalarına laqeyd münasibəti həm bu sistemdə çalışanlara, həm də oxuculara mənfi təsir göstərir.

Son zamanlar tez-tez ucqar kəndlərin sakinlərindən kəndlərindəki kitabxanaların acınacaqlı vəziyyətdə olmasına dair şikayətlər eşidirik, bununla bağlı redaksiyamıza çoxlu müraciət edilir. Biz də, öz növbəmizdə, həmin məsələləri araşdırmağa, işıqlandırmağa çalışırıq.

İsmayıllı rayonunun Gəraybəyli kəndində yaşayan daimi oxucularımızdan bir neçəsi kənddə yerləşən kütləvi kitabxananın ağır durumu barədə redaksiyamıza məlumat vermişdi. Kənd sakinləri bildirirdilər ki, kitabxana köhnə fin evində fəaliyyət göstərir, təmirsizdir və burada nə istilik sistemi, nə işıq, nə sanitar qovşağı, nə də başqa tələb olunan vasitələr var. Bir sözlə, Gəraybəyli kənd kütləvi kitabxanası baxımsız vəziyyətdədir. Bu da kitabxananın daimi oxucuları olan şagirdlərin və yaşlı insanların soyuq havalarda kitabxanaya gəlməsinə maneə törədir. Kitabxana otaqlarının buz kimi soyuq və nəm olması buradakı kitablara da ciddi zərər vurur.

Kənd sakinlərinin Gəraybəyli kənd kitabxanasından təqdim etdikləri fotogörüntülərdən  kitabxanadakı vəziyyətin həqiqətən də acınacaqlı olduğu görsənir.

20 aprel 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv olunsa da, ayrıca Mədəniyyət Nazirliyi formalaşdırılsa da, hələ də kitabxananın önündə “İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi MKS-nın Gəraybəyli kənd filial kitabxanası” yazılmış dəmir lövhə də diqqəti çəkməyə bilmir. Bu adda regional idarələr çoxdan ləğv olunsa da, lövhənin yenilənməməsi təəccüb doğurur.

Kitabxanadakı vəziyyəti gözlərimizlə gördükdə isə daha da dəhşətə gəldik. XXI əsrin kitabxanasında otaqların qapı və pəncərəsinə “klyonka” çəkilməsi çox acı bir mənzərə idi. Soyuqdan qorunmaq üçün kitabxana işçilərinin gücü buna çatmışdı.

Kitabxana filialının müdiri Elnarə Poladova ilə əlaqə saxladıq. E.Poladova bildirdi ki, kitabxana həmişə aidiyyəti qurumların nəzarətindədir. Kitabxana binasının 1957-ci ildə taxtadan tikildiyini deyən direktor qeyd etdi ki, indi də həmin binada fəaliyyət göstərirlər: “4 il bundan əvvəl kitabxananın dam örtüyü dəyişdirildi. Çünki yağan yağış kitabxananın içinə yağırdı, kitablar islanıb yararsız vəziyyətə düşürdü, döşəməyə də ciddi ziyan dəyirdi. Rayon Mədəniyyət İdarəsi kitabxananın dam örtüyünü və pəncərələrini dəyişsə də, digər problemlər olduğu kimi qaldı. Məsələn, filial kitabxanasının yerləşdiyi bu binada işıq sistemi yoxdur, burada oturmaq mümkün olmur. İşıq sayğacı qoyulsa da, işıq verilmir. Burada heç sanitar qovşaq da yoxdur. Qışda bura elə soyuq olur ki, gün boyu soyuqda oturmağa məcburuq. Otaqların soyuq olması, qızdırıcının olmaması kitablara da böyük zərər vurur”.

E.Poladova qeyd etdi ki, həm özü, həm də kənd camaatı 1957-ci ildə inşa edilən və zəngin keçmişi olan kitabxananın diqqət və qayğı ilə əhatə olunmasını istəyirlər. Onun sözlərinə görə, kitabxanada kitab çatışmazlığı da var. “Əsas oxucularımız məktəblilər və təqaüdçülərdir, onlar da istədikləri kitabları tapa bilmirlər. Yeni nəşrlər alırıq, amma bizim ən çox ehtiyacımız olan uşaq ədəbiyyatı nəşrləridir, kitablarıdır ki, onlara tələbat böyükdür. Ktabxanamız 5 otaqdan ibarətdir, fondumuzda isə 4500-dən artıq kitab var. Ziyanvercilərə qarşı mübarizədə də çətinlik çəkirik, otaqlar təmirsizdir, bir də görürsən ki, siçan olur. Buna qarşı bizə dərman verilməlidir, amma yoxumuzdur. Burada istilik sistemi olmalıdır ki, kitablar kiflənməsin” - deyə E.Poladova qeyd etdi.

O, həmçinin, bildirdi ki, kitabxananın ətrafı yerli bələdiyyə tərəfindən “setka” ilə çəpərlənib və bu da əraziyə mal-heyvanın girməsinin qarşısını alır.

Ümid edirik ki, Mədəniyyət Nazirliyi və yerli mədəniyyət idarəsi Gəraybəyli kənd kütləvi kitabxana filialının vəziyyəti ilə yaxından maraqlanacaq. Kitabxananın vəziyyətini təqdm edəcəyimiz şəkillər daha aydın təsvir edir.

İradə SARIYEVA

Son xəbərlər