I yazı

Azərbaycan torpağı zəngindir. Bu zənginlik yurdumuzun hər qarışında nəzərə çarpır. Ölkəmiz həm yeraltı və yerüstü sərvətlərinə, maddi-mənəvi abidələrinə, həm də zəkalı, intellektli, savadlı şəxsiyyətlərinə, milli tərkibinə görə zəngindir. Dəqiqləşdirilməmiş məlumatlara görə, burada 70-dən yuxarı xalqın nümayəndəsi yaşayır, özü də qardaşcasına, dostcasına.
Azərbaycan tarixən milli və mədəni müxtəliflik sahəsində seçilib. Yəqin taleyin işidir ki, öz yurdundan qaçaq düşənlər, yaxud qovulanlar vətənimizdə sığınacaq tapıblar. Bu xalqlar Azərbaycanda heç bir ayrıseçkiliyin, diskriminasiyanın şahidi olmayıb.
Bu gün Azərbaycan çoxmədəniyyətli bir diyardır. Burada bir sıra dinlərin və xalqların nümayəndəsi yaşayır. Bu xalqlardan biri də ceklilərdir.
Çoxdandır qədim xalqlardan olan ceklilər haqqında yazmaq, onların tarixi, həyat tərzi, məişəti haqqında söhbət açmaq istəyirdim. Sözsüz ki, Azərbaycanda yaşayan azsaylı xalqların hər biri haqqında geniş, əhatəli, sırf faktlara söykənən araşdırma yazılarının hazırlanmasına ehtiyac var. Bu sahədə "Bakı-Xəbər" qəzeti davamlı olaraq araşdırma xarakterli məqalələr çap edir.
Ceklilər haqqında "Vikipediya" Açıq Ensiklopediyasına yerləşdirilən məqalədə qeyd edilir ki, ceklilər və ya ceklər Azərbaycan Respublikasında Şahdağ xalqlarının nümayəndələrindən biri olan aborigen azərbaycanlılardır. Söz yox ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi azərbaycanlıdır və azərbaycançılıq məfkurəsinə, azərbaycançılıq ideyasına xidmət edir.
Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev Azərbaycanda yaşayan azsaylı xalqlar haqqında dəyərli fikirlər miras qoyub. Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyib: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar".
Heydər Əliyevin nəsillərə örnək olan fikri təsdiqləyir ki, burada yaşayan qeyri-türklər də bizimlə eyni məfkurəyə, məqsədə, mərama qulluq edir.
Məlumdur ki, respublikamızın şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən milli etnik qruplardan biri ceklilərdir.
Tarixdə özünəməxsus yeri olan ceklilər haqqında araşdırma aparmaq olduqca maraqlı oldu. Bu işdə bələdçim Sumqayıt Təhsil İdarəsinin metodisti, "Cek Cəmiyyəti" İctimai Birliyinin sədri Əlhəddin Cekli Paşayev oldu. Əlhəddin müəllimlə Sumqayıt şəhərində görüşdük. Onu da vurğulayım ki, Əlhəddin müəllim həyatının böyük hissəsini pedaqoji fəaliyyətə həsr edib. Sumqayıt ictimaiyyətinin çox dərin hörmət bəslədiyi Əlhəddin Cekli ceklilər haqqında olduqca maraqlı fikirlər söylədi. Əvvəlcə onu bildirdi ki, ceklilər həmişə dövlətə, dövlətçiliyə sadiq olub. Azərbaycanı canı, qanı ilə sevən ceklilər azərbaycançılıq ideyasına bağlıdır.
Əlhəddin Cekli Paşayev ceklilər haqqında danışarkən tarixi faktlardan sitatlar gətirdi.
Ə.Cekli bildirdi ki, 1921-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının nəşriyyatı tərəfindən Bakıda əski əlifbada nəşr edilən Məhəmmədhəsən Vəlinin (Baharlının) "Azərbaycan (Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat)" adlı kitabının etnoqrafiya bölməsində adı çəkilən etnoslardan biri ceklilərdir: "Məhəmmədhəsən Vəlili onların sayının 5 min nəfər olduğunu göstərmiş, həmin kitabda dərc edilən Doktor Dürer və həmkarları tərəfindən tərtib edilmiş "Millətlərin kvalifikasiya etnologiyası"nın Azərbaycana aid hissəsində isə ceklilər "Əsl Qafqaziya millətləri" ailəsinə aid edilib. Azərbaycanda aborigen xalqlardan sayılan, qədim alban tayfalarından olan ceklilər hazırda Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsini təşkil edən milli-etnik nümayəndələrindən biridir. Azərbaycan Respublikasının şimal-şərq hissəsi platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilən, sayca azlıq təşkil edən ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Azərbaycan Respublikasının şimal-şərq hissəsi platosunda, Quba şəhərinin 35 km cənub-qərbində,
41°11?49 şimal enində və 48°14?30 şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yükəsklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 km-lik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən yaxın vaxtlara qədər mövcud olan Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun tərkibindədir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Əlik, Haput, Qrız və Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində idi. 1999-cu ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində formalaşdırılmış Əlik bələdiyyəsinin tərkibinə daxil edilmişdi. Əlik bələdiyyəsinin tərkibinə 1999-2009-cu illərdə Əlik, Haput və Cek kəndləri daxil idi. 2009-cu ildəki bələdiyyə seçkilərində isə daha iki kənd - daha doğrusu, Qrız bələdiyyəsi (Qrız və Qrızdəhnə kəndləri) də Əlik bələdiyyəsinə birləşdirilib.
Dəqiq olaraq "Cek" sözünün etimiologiyasını hələlik tam açıqlamaq mümkün olmasa da, bu barədə bəzi ehtimallar mövcuddur. Uzun zamanlar apardığımız araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, çox güman, "Cek" sözü cek dilindəki "ciqa" sözündən götürülüb və Azərbaycan dilində "ərazi", "məkan", "torpaq", "yer" deməkdir.
Kənd əhalisinin etnik tərkibini Qafqaz antropoloji tipinə məxsus ceklilər təşkil edir. Bir sıra mənbələrdə müəyyən qədər təhrif olunaraq "ceklər", "ceqlər", "ceglər", "cegillər", "cəglər", "cəklər" və digər formalarda göstərilən ceklilər hazırda Cek kəndindən başqa, əsasən Qubanın digər kəndlərində, respublikamızın Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Siyəzən, Şabran, Xaçmaz, Qusar rayonlarında, ölkədən kənarda isə Rusiya Federasiyasında, Amerika Birləşmiş Ştatlarında, bəzi Avropa ölkələrində və digər məkanlarda məskunlaşmışlar".
Ə.C.Paşayev bildirdi ki, ceklilər özlərini cek dilində "cekad" adlandırır. Bu söz iki hissədən ibarətdir: "cek"- sözünün kökü və "ad" - mənsubiyyət şəkilçisidir. "Cekad" sözündəki "-ad" şəkilçisi Azərbaycan dilindəki "li" şəkilçisini əvəz edir: "cek+ad"= cek+li".
Birlik sədrinin verdiyi məlumata görə, tarixi mənbələrə nəzər saldıqda görmək olar ki, XVIII yüzilliyin sənədlərində Cek kəndinin Xınalıq mahalının tərkibində olduğu göstərilir: "Xüsusilə də Quba xanlığı dövründə Xınalıq mahalının tərkibində olan Cek kəndində 280 təsərrüfat mövcud idi. Taxılçılıq və maldarlıqla məşğul olan əhalinin vergi verən rəiyyət və rəncbərlərinin sayı isə 225 nəfər idi. Başqa bir mənbədə rus tədqiqatçısı F.F.Simonoviçin yazdığına görə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Həmin mahallardan ikisinin ərazisi - Buduq və Xınalıq mahalları birlikdə coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Cek kəndi ilə birlikdə 9 kəndi əhatə edən bu iki mahalın ərazisində 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı ümumilikdə 387 təsərrüfata malik 13 kəndi əhatə edir. Xınalıq mahalında isə cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi. Növbəti mənbələrdə isə N.Zeydlisin 1873-cü ilə aid olan məlumatına görə, Quba qəzasındakı ceklilərin qrızlarla birlikdə ümumi sayı 9694 nəfər idi. N.Zeydlis əhalini "ceklilər" kimi qəbul etdiyi Cek kəndində 309 tüstünün olduğunu və burada 1100 kişinin, 1061 nəfər qadının yaşaması barədə məlumat vermişdi. XIX əsrin 80-ci illərinə aid olan başqa bir mənbədə ceklilərin haputlular ilə birlikdə Nuxa qəzasında 1174 nəfər, Ərəş qəzasında 1117 nəfər, Göyçay qəzasında 736 nəfər, Quba qəzasında isə 4899 nəfər olduğu qeyd olunur. P.N.Yaqodinskinin 1886-cı ildə Tiflisdə nəşr olunmuş əsərində XIX əsrin sonunda isə Quba qəzasında ceklilərin sayının 1277 nəfər olduğu məlum olur. 1886-cı ildə Zaqafqaziyada keçirilmiş ailə siyahıya alınması materialında Cek kəndində 1041 tüstünün olduğu və burada 4096 nəfər kişi və 3307 nəfər qadının yaşadığı göstərilir.
Hazırda ceklilərin sayının dəqiqləşdirilməsi, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixinin, mədəniyyətinin, dilinin, adət-ənənələrinin bərpa və təbliğ edilərək qorunub saxlanmasını təmin etmək məqsədilə "Cek Cəmiyyəti" təşkilatı fəaliyyət göstərir. Əlhəddin Ceklinin rəhbərlik etdiyi təşkilatın başlıca şüarı belədir: "Biz CAN deyirik! Yəni ceklilər Azərbaycan naminə! 31 mart 2011-ci ilə qədər adı Azərbaycan Cekli İcması" İctimai Birliyi olan "Cek Cəmiyyəti" İctimai Birliyi 31 mart 2006-cı ildə Sumqayıt şəhərində təsis edilib".
O qeyd etdi ki, "Azərbaycan Cekli İcması" İctimai Birliyinin 31 mart günü təsis edilməsi heç də təsadüfi deyil. Müsahibim xatırlatdı ki, Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli, 690 nömrəli "Azərbaycanlıların Soyqırımı Haqqında" Fərmanına əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib: "Bu tarix Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğu kimi, ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməyib. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilən soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də Cek kəndi və zərər çəkmiş etnoslardan biri isə Cek kəndində və digər kəndlərdə məskunlaşmış ceklilər olub. Bu fakt digər şahdağlılar kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərib.
Cek kəndi İkinci Dünya Müharibəsi illərində də çətin və acınacaqlı dövr yaşayıb. Belə ki, müharibə illərində əhalinin əlində olan bütün mal-dövləti toplanaraq cəbhəyə göndərilib.
1941-ci ilin oktyabrında əsasən Quba-Qusar-Şabran bölgəsinin əli silah tutan sakinlərindən təşkil edilən 223-cü diviziyanın tərkibində müharibəyə yollanan ceklilərin çox böyük əksəriyyəti isə müharibədən sonra öz doğma yurdlarına dönməyib, cəbhədə həlak olmuş və yaxud itkin düşmüşlər. Nəticədə çətinliklərdən əziyyət çəkən qalan əhalinin çox böyük əksəriyyəti də kəndi tərk edərək ətraf yerlərə dağılmağa başlayıb. Ən son məlumata görə isə, hazırda Cek kəndində əhalinin sayı təxminən 400 nəfərə yaxındır".
Ə.Ç.Paşayev qeyd edir ki, Cek kəndinin ərazisində tarixi keçmiş zamanlara aid olan qəbiristanlıqlar mövcuddur. Onun bildirdiyinə görə, hətta elə qədim məzarlar var ki, bunlar kəndin tarixinin çox qədim dövrə aid olmasından xəbər verir. 2011-ci ilin yayında bu kəndin ərazisində azı 5 min illik tarixə malik qədim yaşayış məntəqəsi və bir kurqanın aşkarlanması da buranın qədim tarixə malik olmasına əyani sübutdur: "Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən insanların dini etiqadına güclü təsir göstərmiş və oda sitayiş etmək, inanc yaratmaq üçün atəşpərəstliyin izlərini özündə əks etdirən "Atəşgah" və 1000 ildən də artıq yaşı olan Əbu Müslüm məscidi yerləşir. Ceklilər min ildən artıqdır müsəlmandır. Bəzi mənbələrə görə, digər "Şahdağ xalqları" kimi, ceklilər də islamdan əvvəl xristianlığı qəbul edib, 639-cu ildə isə Ömər İbn Əl-Xəttabın yürüşü zamanı könüllü surətdə islam dinini qəbul ediblər. Bu yerlərin islam dininə möhkəm bağlılığından soraq verən "Əbu Müslüm" məscidinin inşaolunma dövrü çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək islamı yayan xəlifə Validin qardaşı Əbu Müslümün hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid dövlət müstəqilliyimizin bərpasının ilk illərində kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd camaatının köməkliyi ilə qismən bərpa edilib. Lakin maddi çətinliklər üzündən "Əbu Müslüm" məscidinin inşası hələ ki, lazımi səviyyədə tamamlanmayıb. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq çox vacibdir. Bu tədqiqatlar Azərbaycan memarlığının da bir çox aspektlərini işıqlandırmağa imkan verər.
Ceklilər iki dildə - yalnız ceklilərə məxsus olan cek dilində və Azərbaycan dilində danışır. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından biridir. Dilçilikdə qəbul olunmuş təsnifata görə, Qafqaz dilləri ailəsinə aid Dağıstan qrupunun Şahdağ yarımqrupuna daxil edilən cek dili daha çox Qrız, Əlik, Haput, Buduq, Yergüc dillərinə yaxındır. Qeyd edək ki, Azərbaycan dilində olan bəzi sözlər cek dilində eyni məna kəsb edir. Bunun da əsas səbəbi müxtəlifdilli xalqların birgə yaşayış tərzi nəticəsində baş verən qarşılıqlı inkişaf prosesi olub. Bu proses təkcə maddi, iqtisadi və mədəni əlaqələr çərçivəsində qalmır, həm də xalqların varlığının başlıca əlaməti sayılan dillərinə də aid olaraq, ona təsir göstərir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.