07/12/2019 15:00
728 x 90

“Qara pul köçürmələri” tək Azərbaycanla Türkiyə arasında deyil, başqa dövlətlərlə işləyən konkret ünvanlar var...

Natiq Cəfərli: “Biz vaxtilə qoyulan sərt məhdudiyyətlərin böyük bir qismini aradan qaldırmasaq, vəziyyət düzələn deyil”

img

Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə ərazisində törədilən böyükhəcmli iqtisadi cinayətlə bağlı rəsmi məlumat paylaşdı.

Həmin məlumatda bildirilirdi ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İsgəndərov Rəşad İmran oğlunun 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil etməsinə, habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min avro təşkil edən (həmin dövrün məzənnəsi ilə, ümumilikdə, 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda, həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, təkcə bir qrupun həyata keçirdiyi əməliyyat nəticəsində 100 milyon məbləğində pul vergi və digər ödənişlərdən yayındırılaraq, ölkələr arasında birindən digərinə transfer olunub. Bunun adına loru dildə “qara pulköçürmə” deyilir. Məlumatlı şəxslərin dediyinə görə, bu əməliyyat yalnız Türkiyə ilə Azərbaycan arasında həyata keçirilmir. Azərbaycanlıların daha sıx yaşadığı Rusiya və başqa ölkələrlə də analoji əməliyyatlar aparılır. Bununla da dövlətimizin büdcəsinə külli miqdarda ziyan vurulmuş olur. Belə halların qarşısını tam almaq mümkündürmü və bunun üçün hansı addımlar atılmalıdır?

  • “Yeganə məhdudiyyət köçürülən pulun mənbəyi ilə bağlı olmalıdır”

İqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, bu problemin mövcudluğuna bir qədər geniş prizmadan baxmaq lazımdır: “Şəxsən mən hesab edirəm ki, dünyada iki şeyin qarşısını almaq çətindir. Biri pul qazanmaq, digəri isə ideyaların. Harada qazanc mənbəyi olacaqsa, insanlar həmin istiqamətə meyl edəcəklər. Dediyiniz sahədə də yaxşı qazanc var. Bir qrupu həbs edəcəklər, digərləri gəlib həmin işlə məşğul olacaqlar. Yəni bunun qarşısını yalnız inzibati amillərlə almaq mümkün deyil. Bəs bunu doğuran səbəblər nə ilə bağlıdır? Buna bir nəzər salmaq lazımdır. 2015-2016-cı illərdə ölkədən pul köçürülməsi ilə bağlı ciddi məhdudiyyətlər oldu. Devalvasiyalardan sonra ölkədən külli miqdarda valyuta axınının qarşısını almaq üçün belə addım atıldı. Məhdudiyyətlər çox sərt idi. Hətta Azərbaycandan xaricə mal göndərərkən, 150 gün ərzində həmin malın ekvivalentində pulun geri qaytarılması tələb olunurdu. Bu məhdudiyyəti əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası tətbiq etdi. Əslində, bu şəkildə qoyulan məhdudiyyətlər rəqabətli bazar şəraiti anlayışına ziddir. Pul sahibi leqal işlə məşğuldursa, köçürdüyü pulun mənbəyi ilə bağlı hər hansı bir şübhə yoxdursa, iş adamının istənilən ölkəyə, istənilən məbləğdə pul köçürmək imkanı olmalıdır. Təəssüf ki, Azərbaycanda bu məhduddur. Hazırda 20 minə qədər olan hissənin bir qaydaları, ondan artıq məbləğin daha sərt qaydaları müəyyənləşib. Məhz bu amil qeyri-leqal pulköçürmələrə meyli artırdı. Azərbaycandan belə qanunsuz köçürmələr Türkiyədən çox Rusiya ilə edilir. Hətta Orta Asiya ölkələri ilə də belə əməliyyatlar həyata keçirilir. Proses banklardan yan keçməklə aparılırsa, təbii ki, bunun ölkəyə ziyanı var. Dövlətin, bankların qazanmalı olduğu pulu bir qrup işbaz əldə edir. Buna görə 1-5 arası faiz müəyyənləşib. Bunun üçün də biz bank sektorumuzu real tələblərə uyğunlaşdırmalıyıq. Biz vaxtilə qoyulan sərt məhdudiyyətlərin böyük bir qismini aradan qaldırmasaq, vəziyyət düzələn deyil. Yeganə məhdudiyyət köçürülən pulun mənbəyi ilə bağlı olmalıdır. Belə olarsa, pulköçürmələr leqallaşar və banklar vasitəsilə həyata keçirilə bilər. Qanunvericilikdə müvafiq dəyişiklikləri etməklə biz prosesi tam leqallaşdıra bilərik. Əsas da Maliyyə Bazarlarına Nəzarət Palatası öz qaydalarını dəyişməlidir ki, pulköçürənlər qoyulan məhdudiyyətləri aşa bilsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər