25/05/2019 19:48
728 x 90

Azərbaycanın nağd puldan imtina strategiyası beynəlxalq müstəvilərdə də yer aldı

img

İqtisadi müstəvidə aparılan islahatlar çərçivəsində xüsusi diqqət mərkəzində yer alan məqamlardan biri də şəffaflıq göstəricilərinin yüksəldilməsi, o cümlədən maliyyə əməliyyatlarının tam şəkildə rəsmiləşdirilməsidir. Bu məqsədlə nağdsız ödənişlərin həcminin genişləndirilməsi indi hökumətin əsas maraq dairəsindədir.

Qeyd edək ki, ölkədə nağdsız əməliyyatların həcminin artırılması üçün artıq müxtəlif addımlar atılır, o cümlədən stimullaşdırıcı tədbirlər görülür. Məsələn, cari ilin əvvəlindən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, pos-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. Bu dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 3 il müddətinə 25 faizi həcmində azaldılır. Amma bunun üçün sahibkarın satışı pos-terminal vasiətsilə həyata keçirməsi mühüm şərtdir. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən pos-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Eləcə də, alıcı alınmış mallara görə ödənişi nağdsız qaydada edirsə, əlavə dəyər vergisindən (ƏDV) onun hesabına 15 faiz həcmində vəsait qaytarılır.  Bütün bunlarda əsas məqsəd pos-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsinə nail olmaqdır.  Bu fonda atılan addımlar nəticəsində aparılan hesablamalar göstərir ki, qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlər 52 milyard manatadək artacaq. Həmin müddət ərzində isə nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır.  Bütün bunlar beynəlxalq miqyasda da diqqətlə izlənir, təqdir olunur. Hətta artıq məlumdur ki, "Visa" beynəlxalq kart təşkilatı ölkəmizdə rəqəmsal ödənişlərin inkişafı üzrə layihələrdə yaxından iştirak etmək niyyətindədir. "Visa" kart təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ərazisi üzrə 17 ölkədə "Visa" əməliyyatlarına rəhbərlik edən Vira Platonova qeyd edir ki, sürətli inkişaf edən bir ölkə kimi Azərbaycan təşkilat rəhbərliyinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, təşkilat ölkədə fəaliyyətini aktivləşdirmək, yeni innovativ ödəniş həllərini ölkəyə gətirmək, Mərkəzi Bankın rəhbərliyi altında həyata keçirilən rəqəmsal ödənişlərin inkişafı üzrə layihələrə dəstək vermək niyyətindədir.

Vira Platonova onu da vurğulayır ki, Azərbaycanda nağdsız hesablaşmaların təşviqi başqa ölkələrə nümunə ola bilər: “Hazırda nağdsız hesablaşmalar proqramı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Mərkəzi Bank, bir sıra banklar, başqa maliyyə qurumları ilə əməkdaşlıq edirik. Nağdsız ödəmələrin inkişafına gəlincə, bir neçə istiqamətdə işləyirik. Birincisi, qabaqcıl seqment üçün xüsusi təkliflər vasitəsilə daxili əməliyyatların payını artırmaqdır ki, nəticədə həm ölkə daxilində, həm də xariclə nağdsız hesablaşmaların həcmi artacaq. Bu sıraya mükafat kartları ilə hesablaşanlar üçün endirimlər, təşviq proqramları kimi imtiyazlar aid edilir. İkinci istiqamət ödəmə qəbulu infrastrukturunun təkmilləşdirilməsini, nağdsız ödəmələrlə bağlı vərdişlərin yaranmasına rəvac verməyi ehtiva edir.

Məsələnin sosial tərəfini nəzərə almaqla dövlətin, habelə tərəfdaş bankların da dəstəyinə bel bağlayırıq. Bizim məlumatımıza görə, 2018-ci ildə Azərbaycanda "Visa"  kartları ilə ticarət əməliyyatlarının həcmi 42 faiz, o cümlədən təmassız ödəmələrin həcmi 75 faizdən çox artıb. Onlayn köçürmələrini rahat və təhlükəsiz, bir düyməni basmaqla həyata keçirmək üçün hər bir istifadəçiyə şərait yaratmağı hədəfləyirik. Bunun üçün də bəzi variantlar təqdim edirik". Onun sözlərinə görə, Azərbaycanda ödəmə kartlar bazarı da dinamik inkişaf edir: "Visa Gear 2018"  araşdırmasına əsasən, Azərbaycan 73 ölkə arasında 43-cü yerdədir, bir sıra göstəricilər üzrə artıma nail olub. Ən başlıcası təhlükəsiz elektron ödəmələr sisteminin yaradılması, internetə rahat girişin təmini, elektron ödəmələrdən maneəsiz istifadəyə şərait yaradan rəqəmsallaşma fəaliyyətləridir. Azərbaycan iki ildən bir tərtib edilən bu reytinqə ilk dəfədir salınıb, buraxılış portmanatlarının tətbiqi və təmassız ödəmələrin inkişaf etdirilməsi ilə gələn reytinqdə ölkənizin daha yüksək yer tutacağına inanıram. Bu gün dövlətin nağdsız ödəmələr sahəsində gördüyü işlər bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanda ödəmə kartları bazarının çox hərəkətli olduğunu söyləyə bilərəm. Hazırda köçürmələrin 18 faizi ticarət şəbəkəsinin payına düşür. Əksər istifadəçilərin pullarını kartdan çıxarıb nağd şəkildə alış-veriş etdiyi nəzərə alınsa, bu rəqəm pis deyil. Azərbaycanda dövriyyənin illik 42 faiz artdığını nəzərə alsaq, ölkə üç-dörd ilə orta Avropa səviyyəsinə çıxa bilər. Deməli, nağdsız iqtisadiyyatın, yəni şəffaf iqtisadiyyatın bərqərar olmasını çox gözləmək lazım gəlməyəcək". Məhz bütün bunlar nağdsız ödəmələrlə bağlı görülən işlərə beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırır.

Onu da xatırladaq ki, ölkədə nağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hesab olunur. Sənədin əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan maliyyə əməliyyatlarının həcminin əhəmiyyətli dərəcədə genişlənməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır. Proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair yol xəritəsini ehtiva edir. Onun icrası ilə ilk növbədə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Ekspertlər bildirir ki, nağd iqtisadiyyatın azalması ilə iqtisadi subyektlər arasında maliyyə şəffaflığı artacaq, vergidən yayınma halları azalacaq. Bununla yanaşı, bank sektorunun maliyyə resurs bazası güclənəcək, elektron bank əməliyyatlarının çeşidi, əlçatanlığı və elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi, elektron ticarətin həcmi artacaq. Ümumilikdə görülən işlər qısa müddətdə ölkəmizdə nağdsız cəmiyyətin əsaslarını yaratmağa, iqtisadi münasibətlərdə rəqəmsal transformasiyaya ciddi töhfə verəcək.

Tahir TAĞIYEV

Son xəbərlər