Azərbaycana taxıl idxalı niyə artır - bəs fermerlərə qoyulan vəsait?...

Əli Əlirzayev: “Yerli buğdanın keyfiyyəti aşağı olduğu üçün böyük əksəriyyəti heyvan yemi kimi istifadə edilir”

img

Rəsmi məlumatlarda bir tərəfdən kənd təsərrüfatında məhsul istehsalının artdığı deyilir, digər tərəfdən Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda xaricdən ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarında artım olduğu qeyd edilir.

Məsələ ondadır ki, Azərbaycanda son 6 ayda kənd təsərrüfatında 5,6 faiz artım olub. Ancaq digər tərəfdən bu ilin 6 ayında ölkəyə taxıl gətirilməsi artıb. Belə ki, altı ayda ölkəyə 401,5 min ton buğda idxal edilib. Belə ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 102 milyon dollar olub. Halbuki, ötən ilin eyni dövründə ölkəyə 78,4 milyon dollarlıq 358,5 min ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,1 faiz, həcmi isə 12 faiz artıb. Onu da qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,89 faizinə bərabər olub.

Bu cür fərqli vəziyyət nədən irəli gəlir? Fermerlərə hər il milyonlarla subsidiyalar verilir, digər güzəştlər tətbiq olunur. O zaman niyə ilbəil taxıl idxalı artır?

  • “Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işləri təşkil edə bilsə, o zaman taxıl idxalı azalacaq”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayev buğda idxalının artmasını yerli istehsalın keyfiyyətinin çox aşağı olması ilə əlaqələndirdi: “Buğdadan əsasən un hazırlanır. Ancaq nəzərə almaq lazımdır ki, keyfiyyətli buğdadan un hazırlanır. Çox təəssüflər olsun ki, bizdə istehsal olunan taxıldan un əldə olunmur. Yerli buğdanın keyfiyyəti aşağı olduğu üçün böyük əksəriyyəti heyvan yemi kimi istifadə edilir. Onun yerli un istehsalında payı azdır. Bunun üçün lazım olan taxılı Rusiyadan, Qazaxıstandan, Ukraynadan idxal edirik. Halbuki, ölkəni yerli istehsal olan taxılla təmin etmək üçün yetərincə potensialımız var. Azərbaycanın iqlim şəraiti, torpaqları, ümumiyyətlə bitkilərin becərilməsi, heyvanların saxlanılması üçün lazımi şəraiti var. Sadəcə, bu istiqamətdə sistemli işlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı məsələləri ciddi təhlil edib işləri düzgün qurmalıdır. Problem ondadır ki, Azərbaycanın yerli buğdası sərt buğdadır, idxal edilən buğda isə yumşaq olur. Ona görə də ilbəil buğda idxalı azalmır, əksinə artır. İşğaldan azad edilmiş ərazilərin aqrar sektora cəlb olunması vacibdir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işləri təşkil edə bilsə, o zaman taxıl idxalı azalacaq. Fermerlərə stimul vermək lazımdır. Məhsuldar taxıl sortları olkəyə gətirilməlidir. Rəqabət mühiti genişləndirilməlidir. İşğaldan azad edilən rayonların potensialından səmərəli istifadə etmək lazımdır”.

Professor hesab edir ki, yalnız bütün bunlardan sonra buğda idxalından xilas olmaq olar.

Vidadi ORDAHALLI

Son xəbərlər