18/03/2019 18:41
728 x 90

GÖZLƏR YOLDAN YIĞILARMI...

XATİRƏLƏR, DİLƏKLƏR...

img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Xəqani: “Mənə silah ver, burdan çıxım...”

“Oğlan özünə gələndə Gün göyün o biri qırağına keçmişdi. O dikəlib, titrəyən qollarına dayaqlanaraq çətinliklə qayığın sükan yerinə qalxdı və gözüyumulu dayanıb başgicəllənməsinin keçməsini gözlədi. Sonra gözlərini açdı. Qayıq dalğaların üstü ilə şütüyürdü. Dəniz də canlı, çağlayan suların saysız-hesabsız şəfəqlərində əvvəlki kimi zərif-zərif ləpələnərək göz işlədikcə uzanıb gedirdi. Kirisk qənşərinə baxdı, gözlərini sildi və yerindəcə donub qaldı. Alabaş dənizin tünd-yaşıl dikdiri arxasından çıxıb düz onun üstünə gəlirdi. Alabaş onun qabağına qaçırdı, Ulu Alabaş!..

Ağqulaqlı, ağpaçalı Alabaş bütün qayalardan ucada dayanmışdı və onun ətəyi yanındakı əbədi ləpədöyənin kükrəyən kənarı da görünürdü. Havada isə sahil qağayılarının səsləri eşidilirdi. Onu birinci qağayılar görmüşdülər.”

Çingiz Aytmatov. “Dəniz kənarı ilə qaçan Alabaş”

(On dördüncü yazı)

XX əsr Şərqinin, keçmiş SSRİ-nin, Qırğızıstanın, özəlliklə bütün Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov bu sətirlərlə ağıla gəlməyəcək dəhşətli anlar, təbəddülatlar, iztirablar yaşamış bir nəslin elə bu dəhşətlərin iştirakçısı olan davamçısının başına gələnləri böyük ədəbiyyata gətirib. Nəhəng düşüncə adamı bu sətirlərlə bir nəslin yox olma, bir insan həyatının ölümdən qurtulma məqamlarını abidələşdirib. On illərdir ki, əsər geniş, sərhədsiz oxucu kütləsinin stolüstü və kitab rəfləri arasında dövr edərək dünyəvi mahiyyətini getdikcə daha da artırır. 

Şükürlər olsun ki, bizim qəhrəmanımız Xəqaninin ata yurdunda bu ocağın məsuliyyət və genefondunu daşıyacaq yetərincə övladlar, nəvələr, nəticələr var. Qohum-əqrəba, dost-tanış, mənsub olduğu xalqın, Vətən torpağının bizim kimi qədirbilən kəsimi də həmçinin. Ancaq hər bir kəsin özünəməxsus yerinin, öz missiyasının, öz faydalılığının olması da şübhəsizdir. Üstəlik, Böyük Yaradanın hər bir yaratdığına əta elədiyi, ancaq özünün yaşaya biləcəyi ömür payı, tale, bəxt-qədər də var. Bütün ölkələrin Əsas Qanunu – Konstitusiyalarının birinci müddəası “insanın yaşamaq hüququ”nun olduğunu tövsiyə edir. Çünki Allahın verdiyi bu təməl hüququnu onun yerdəki az-çox humanist hisslərə, elementar mədəni duyumlara məxsus bəndələri bütün fərdlərə tanımağa bilavasitə borcludurlar. Bu, hər kəsin əməl etməli olduğu boyun borcu sayılır. Milliyətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların təbii ki... Ancaq o müqəddəs borclara əməl etməyi kimlərdən – hansı insanlardan, hansı millətlərdən ummaq, gözləmək olar?!.. Bax, bu hazırda bəşəriyyətin sivil kəsimini narahat edən ən qlobal problemlərdən birinə çevrilib. Ola bilsin, bir çox soydaşlarımız kimi Xəqani də, Fərhad da ermənilərin əlində sağdılar, ola bilsin ki yox, ancaq bu insani davranış normalarını sərgiləyərək onların heç olmazsa öldüsü-qaldısı haqqında məlumat verməyə belə indiyədək özündə güc tapan bir erməninin olmaması...bu bizim “kimlərlə qonşu olmağımızı və kimlərin, necə xislətli insanların” havadarlarına güvənərək tarixi torpaqlarımızı işğal etdiyini dünyaya nümayiş etdirən çox tutarlı dəlillərdəndir. Mən istərdim ki, arxasında böyük reallıq dayanan bu danılmaz fakt bizim ermənilərlə informasiya müharibəsi iştirakçılarının əlində əvəzsiz bir dəstavuza çevrilmiş olsun. Bu fakt həm onların kimliyini sübuta yetirir, həm də azərbaycanlı əsir dinc sakin və əsgərlər haqqında məlumatların 25 ildən artıq bir müddətdə qeyri-müəyyən status və qeyri-müəyyən şəraitdə ermənilərin əlində bir sirr olaraq qalmasını gerçək nümunə kimi ortaya qoyur. İnsana aid edilməyən, insanlığa sığmayan, XXI əsrdə bizlərin üz-üzə qaldığımız“orta əsr təfəkkürlü xislət”in ifşası üçün bundan böyük həqiqətmi lazımdı bizə dünyaya sübut etməyə?!..

“İnanmırıq Xəqanini öldürsünlər”

Əsgər kişinin digər oğlanları – Qarabağ döyüşünün iştirakçıları  olan  qardaşlar Zaur, Natiq, Şahin də getdikcə söhbətimizin iştirakçıları olurlar. Onlar buraya həm Xəqani haqqında danışmaq, həm də Mübarizin evində qonaq olan valideynlərini ziyarət etmək üçün cəm olublar. Mən isə vaxtdan daha çox səmərəli yararlanmaq fürsətini əldən verməyərək suallarımı davam etdirirəm. Əsasən də, təbii ki, Xəqanili-Xəqanisiz günlər ətrafında. Ərşad  Xəqanini axtarmaq üçün cəhdlərini sadalayır:

- Mən ordudan gələndən, hospitalda müalicə alıb çıxandan sonra Binəqədi rayonunda 1995-96-cı illərə qədər veteranlar, Qarabağ əlilləri cəmiyyətlərinin üzvü olmuşam və bu təşkilatlar vasitəsilə ölkəmizdəki bütün analoji qurumlarla bir müddət mütəmadi əlaqələr saxlamışam. Orda gördüyüm hər kəsdən Xəqani haqqında dəfələrlə soruşdum. Heç biri gördüm demədi. Sonra başqa variantlarla da soraqlaşmalarımı davam etdirdim. Məsələn, elə hazırda işçisi olduğum “FAB” şirkətinə İran İslam Respublikasına məxsus maşınlar və onların əksəriyyətinin milliyyəti azərbaycan türkləri olan sürücüləri gəlir. O sürücülər Azərbaycanla yanaşı Ermənistana, Dağlıq Qarabağa da gedib-gəlirlər. Daim bu sürücülərdən orda gördükləri haqda məlumatları soruşuram, Xəqani haqqında bütün məlumatları onlara təqdim edirəm, fotoları ilə bərabər. Ancaq onlardan indiyədək konkret olaraq bu nəm-nişanda birisini gördüyünü, tanıdığını söyləyən olmayıb. Onlardan aldığım bir məlumatı deyim sizə.

Yenə hansısa daha bir əsir soydaşımızdan məlumat alacağımı zənn edib təlaşlanıram. Tələsdirirəm həmsöhbətimi danışmağa:

- Buyur, buyur söylə...

Ərşad:

- Sürücüləri sorğu-suala tutarkən onlardan biri başına gələn əhvalatı – bir azərbaycanlını necə qaçırıb xilas edə bildiyini nəql etdi mənə: “Zəngilanın kəndlərində sahibsiz, ermənilərin nəzarətində qalmış tikinti materiallarını maşınla daşıyıb İrana aparırdım. Burda bir azərbaycanlı ilə rastlaşdım. Mənə yalvardı ki, onu xilas edim. Bu çox risq tələb eləyirdi. Amma başqa variantim qalmamışdı. Onu belə miskin vəziyyətdə qoyub gələ bilməzdim. Bu mənim insanlıq, qardaşlıq, müsəlmançılıq borcum idi. Ona görə risq etdim. Həmin adamı söküntü materiallarının arasında gizlədib, hər tərəfinə daş yığıb, üstünə şifer qoydum. Bu yolla onu Qarabağ ərazisindən çıxarıb Azərbaycana gətirdim.

- Yəqin ki, Xəqanini də xəbər aldınız ondan. Xəqanini soruşanda nə dedi o sürücü?

- O sürücüyə əvvəlcə qiyabi məlumat verdim dayım oğlu haqqında. Sonra Xəqaninin müxtəlif formalarda şəkillərini apardım, bütün məlumatları verdim bir daha ona. Dedi yox, mən belə bir adam görməmişəm.

- Bilirsiniz, bu məlumatları topladıqca mən niyə ümidlənirəm? Axı Fərhadla Xəqaninin nə meyitlərini görən olub, nə barələrində hər hansı məlumat var... Əgər öldürülüblərsə, ermənilər meyitlərini verər, heç olmasa elan edərdilər... başdan-başa müəmmadır... Bircə o Əhməd dediyimiz adamla yarımçıq söhbətdə deyilənlərdən başqa heç nə məlum deyil...

Şahin dillənir:

- Mən inanıram ki, onu öldürməzlər. Bilirsiniz niyə? O çox sağlam bədənli, qüvvətli oğlan idi. Onu işlədərlər. Məsələn, mühafizə kimi yerlərdə işləyə bilərdi Xəqani o bədənlə. Düzdür, ona orda belə işləri etibar eləməzlər, amma yenə də hardasa istifadə edərlər. İndi, məsələn, oxuyuruq ki, Kəlbəcərdə qızıl mədənlərində, ya başqa yerlərdə nə qədər azərbaycanlı əsirləri işlədirlər. O da onlardan biri, onların arasında ola bilər.

- Əgər sağdırsa, niyə gizli saxlasınlar?

- Cürbəcür səbəblərdən ola bilər. Bədən orqanlarına görə və sairə.

Qasımın söylədiyi, Moskvada ərik yeşiyinin altından tapılan məktub haqqında məlumat verirəm həmsöhbətlərimə. Onlar da bunu eşitdiklərini deyirlər. Dediklərinə görə, hətta məktubda siyahı da olubmuş. Amma nədənsə, siyahıdan heç bir xəbər yoxdu. Sonra əsirlikdən qaçıb gələnlərlə bağlı eşitdiklərimizi danışırıq qarşılıqlı şəkildə. Məlum olur ki, bu döyüşçü qardaşlar da əsirlikdən gələn bir neçə nəfərlə görüşüblər. Keçmiş əsirlərdən biri ermənilər üçün işləyən bir Əfqanıstan vətəndaşının onu işləməyə - drellə divarda deşik açmağa məcbur etdiyini, lakin bunu bacarmadığını gördükdə dreli alıb vəhşicəsinə onun öz bədənində deşik açdığını deyibmiş. Düzü, bu vəhşiliyə görə, üstəlik adətən biz tərəfdən döyüşdüyü deyilən əfqanların həm də ermənilərə qulluq göstərməsi, hətta ermənilər tərəfdən döyüşməsi məlumatından təəccübləndim və sarsıldım. Elə Ərşad da bunu keçmiş əsirdən soruşubmuş. Cavabında yaralı keçmiş əsir deyib ki, hə, əfqanlardan ermənilərlə işbirliyində olan və ermənilər tərəfdən də vuruşanlar da var imiş. Muzdla...

Söhbətimiz əsnasında o da bəlli olur ki, bu əsirin bəxti gətirib. Belə ki, Qırmızı Xaçın siyahısında olduğundan, onun yarasını əvvəlcə müalicə etdirib sonra özünü Azərbaycana təhvil veriblər. Ancaq keçmiş döyüşçünün sözlərinə görə, o durumla yəqin çox yaşaya bilməzmiş o adam. Doğrusunu Allah bilər. Amma bu vahiməli məlumatdan sarsılmağımla bərabər, mənim diqqətimi yenə axtarışlarım zamanı cavabsız qalmış suallarım, düşündürücü məqamlar məşğul etdi... yenə Qırmızı Xaçın siyahısı - Xəqaninin qurtulmasının və sağ qalıb, ya şəhid olması bilgilərinin qarşısını kəsən əsas vasitələrdən biri...

Söhbətimizi təmkinlə kənardan dinləyən ev sahibi - Mübariz bir qədər kövrək durumda dillənir:

- Mən də ümidimi üzə bilmirəm Xəqaninin tapılacağından. Nədənsə, məndə daxilən bir inam var ki, Xəqani yaşayır, Xəqani gələcək, Xəqani mütləq gələcək!

Ərşad:

- Gəraybəyli kəndindən Qarabağda döyüşmüş əsgərlərin siyahısını tutmuşam (əlində göstərir). İstəyirdim bunu kəndin məktəbində guşə şəklində asam. Burda Xəqaninin də, bizim hamımızın da, başqalarının da adı, barələrində xronoloji məlumatlar qısa şəkildə yer alıb. Ancaq fikrimdən daşındım. Bilirsiniz niyə? Baxdım ki, siyahıda elə əksəriyyət bizim qohum-əqrəbadandı. Fikirləşdim camaat birdən düşünər ki, bunlar özlərini təbliğ edib gözə soxurlar, ona görə hazırladığım bu məlumatlar elə beləcə də qaldı.

Mən vaxtilə jurnalist fəaliyyətimlə əlaqədar əslən Cəbrayıl rayonundan olan Şakir adlı bir keçmiş əsirlə Bakının Filarmoniya bağında görüşmüşdüm. Onda Xəqani haqqında məlumatlı deyildim. Yadımdadır ki, onun başına xeyli sayda insan cəm olmuşdu. Bu insanların arasında bir çox itkin düşmüş, sorağı gəlməyən döyüşçülərimizin yaxınları, doğmaları da var idi. Hamısı öz itkin düşmüş adamlarını – qardaşlarını, qohumlarını ondan soruşurdu. Bəstəboy, cılız bədənli bir oğlan idi Şakir. O, əsasən Xankəndidə saxlandığını söylədi. Soruşanların suallarını cavablandırarkən adını eşitdiklərindən kimisə gördüyünü, kimisə görmədiyini, tanımadığını deyirdi. İndi düşünürəm ki, bu adamı da tapa bilsək, ondan da Xəqanini soruşmaq mümkün olardı.

Xatırlayıram ki, Şakir əsirlərə ermənilərin necə işgəncə verdiklərindən də danışmışdı. Özünə gəldikdə isə söyləmişdi ki, “ağzımda qızıl dişlərim var idi. Ermənilər qızıl dişlərimi paslı mismar kəlbətinlə dartıb çıxartdılar”. Elə Xəqaninin taleyilə ilgili əvvəlki yazılarımın birində ona görə məhz bu faktı xatırlayıb ABŞ-ın İraqda əsirlərlə insan kimi davranmadığına görə öz əsgərini mühakimə etməsini də bu minvalla – XXI əsr insanının həyata yanaşması baxımından misal gətirmişdim. Yəni bir daha təkrarlayıram ki, indi orta əsrlər deyil, bütün parametrlər dəyişdiyinə, müasirləşdiyinə görə, hətta əsirlərlə davranışlarda da müasir, insani, sivil yanaşmalar tətbiq etmək olar. Amma baxır hansı cəmiyyətdə, hansı rejimdə, hansı dövlətdə təbii ki...başdan-başa cinayətkarlıq üzərində qurulmuş xunta rejimli bir ölkədən bu miqyasda insani dəyərləri gözləməyin özü belə absurddur yəqin... Həmsöhbətlərim bu qənaətimi təsdiqlədikdən sonra Ərşad yenidən davam edir. O, bu dəfə Xəqaninin axtarışlarını öz itkin düşmüş övladını, yaxınlarını axtaranların vasitəsilə də nəzarətdə saxladığı faktların bəzilərindən söhbət açır:

- Əlbəttə elədir. Ermənilərdən ancaq bu tipli bəd, insanlığa sığışmayan əməlləri gözləyə bilərik. Onlardan humanistlik gözləmək...bu təxminən “dəryada balıq sevdası”na düşmək kimi bəri başdan nəticəsiz düşüncə tərzimiz olar. Amma biz də imkan düşdükcə bütün yerlərdə axtarmışıq Xəqanini. Bax, elə bu Biləcəridə məhəlləmizdən də bir nəfər itkin düşmüşdü. Nə qədər köhnə iş yerimiz – Evtikmə Kombinatı işləyirdi o iş yerimizin, sonradan Qarabağ əlilləri, veteranları təşkilatlarının xəttilə onun atasına mümkün yardımları edirdik ki, ailəsini dolandırmaqla bərabər, oğlunun axtarışları ilə də məşğul ola bilsin. Bu səbəbdən mən həm də o kişi ilə mütəmadi əlaqələnə bilirdim. Onunla danışmışdıq və bütün məlumatları da ona vermişdim ki, axtarışları zamanı onun oğlu ilə bağlı məlumatlar bizim rastımıza çıxsa biz onu məlumatlandıraq, bizim dayımız oğlu ilə bağlı ona nəsə rast gəlsə, o bizi bilgiləndirsin. Ancaq o da heç nə eşidə bilmədi Xəqani haqqında. Sonra kişi özü də oğlunu tapa bilmədən dünyasını dəyişdi, daha onların gəlib-gedənləri olmadı. Amma ki, onun da oğlu sağdı, deyirlər...

“Onu, çox güman, Qarabağda saxlayırlar...”

Doğmaların yaddaşındakı Xəqani doğmaların yuxusuna da gəlir arabir. Bunu mənə bir çox müsahiblərim söyləyir. Mən də yeri gəldikcə onları ümumiləşdirib, içərisində xüsusi seçmələr aparmaqla sizlərə təqdim etmək istəyirəm. Düşünürəm ki, bu da bir təsəllidi. Belə təskinlikverici yuxulardan birini də onun bibisi oğlu, özü də Qarabağ savaşının dəhşətlərindən keçmiş Şahin dilə gətirir. Amma onun yuxusunda da bir özəllik hökm sürür. Xəqani onun yuxularında əksərən eyni məzmun, eyni forma, eyni istək, eyni diləkdə görüntülənir. İstəyi xilasına yardım üçündü. Gəlin, Şahinin öz dilindən eşidək:

- Nə vaxt Xəqanini yuxuda görürəm, elə deyir mənə silah ver. Silah ver burdan çıxım. Amma görürəm ki, bir tərəfi yaralıdı, həmin tərəfi işləmir. Səbəbini soruşuram, həmişə bir onu deyir ki, bir tərəfim ağrıyır. Yuxuda onun cəbhədə, döyüşdə yox ha, kəndimizdə olduğunu görürəm. Kənddə ya onların evi tərəfdə, ya biz tərəfdə, ya heyvan qabağında. Onu öldürməyiblər elə bilirəm. Saxlayırlar. Özü də Ermənistanda yox, Qarabağ bölgəsində. Qarabağa girə bilmirlər axtaranlar. Ona görə də tapılmır Xəqani...

...Hə Şahin, bəlkə də belədi, sənin dediyin kimi Qarabağda saxlayırlar Xəqanini. Bizim Vətənimizin bizdən ayrı düşmüş parçası Qarabağda... Xəqaninin qorumaq üçün özünü oda atdığı Qarabağda. Xəyalən düşünürəm ki, Xəqani Vətən torpağının bir parçasının düşmən əlində qalması ilə barışmadığından, işğalçılara nifrətinin artması ilə yanaşı, bizlərdən də küskün düşüb... bəlkə elə ona görə yanımıza qayıtmır...istər cisim, istərsə ruh şəklində, fərqi yoxdu...bizlərdənsə küsməkdə tam haqlıdı Xəqani. Amma inanmıram ki, əgər sağdırsa, onun bu küskünlüyü ürəyindəki böyük VƏTƏN sevdasına kölgə sala bilsin! Sadəcə:

- Bülbül yuvasına toxunsa biri

Daha o budağa dönməz quşcuğaz.

Sızıldar canında bir yuva yeri,

Amma yuvasına nifrəti olmaz.

Mənim də küsməyim,

                          dönməyim belə.

Könlüm yana-yana sönməyim belə.

                                        (Musa Yaqub)

(ardı var)

Nəzirməmməd ZÖHRABLI

Son xəbərlər