18/03/2019 18:43
728 x 90

Təhsil Nazirliyindən ictimai müzakirə doğurmuş daha bir layihə - “Ehtiyat dərsliklər” barədə bir az artıq bilgilər...

Təhsil Nazirliyi: “Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq”

img

Azər Ələkbərov: “… bunu çox faydalı hesab edirəm”  

 

Son bir ildə Azərbaycanda dərslik sahəsində diqqətçəkən layihələr həyata keçirilir. Alternativ dərslik layihəsindən sonra indi də ehtiyat dərsliklərin hazırlanması məsələsi rəsmi şəkildə gündəmə gəlib. Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq.

Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.

Məlumatlara görə, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində ölkədə ehtiyat dərsliklər yaradılacaq. Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq. 

Təhsil Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. “Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında 3 mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəbdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib”.

Nazirlikdən onu da bildirdilər ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır: “Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda, bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır.

Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim olunacaq. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək. Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək”.

Təhsil eksperti Azər Ələkbərov bizimlə söhbətində bildirdi ki, Təhsil Nazirliyi tərəfindən ehtiyat dərsliklərin hazırlanması olduqca əhəmiyyətlidir. Ekspertin sözlərinə görə, tədrisdə alternativ vəsaitlərin, nazirlik tərəfindən təsdiqlənən mənbələrdən istifadə edilməsi müsbət nəticələr verir. “Mən onun tərəfdarıyam ki, tədrisdə dərslikdən əlavə, şagirdlər başqa mənbələrdən də istifadə etsinlər. Bu mütləqdir. Əlavə mənbələrdən istifadə tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bu, ensiklopediya da, başqa rəsmi resurslar da, alternativ və ehtiyat dərsliklər də ola bilər. Tədris prosesinə dəstək verə bilən istənilən rəsmi mənbədən istifadə edilməsinin tərəfdarıyam. Lakin o mənbə mütəxəssislər, rəsmi qurumlar tərəfindən hazırlanmalıdır. Bu mənada, Təhsil Nazirliyi tərəfindən hazırlanan ehtiyat dərsliklərin çapını yüksək dəyərləndirirəm və bunu çox faydalı hesab edirəm. Ehtiyat dərsliklərin nəşrini çoxdan gözləyirdik və bunun reallaşması tədris prosesinə müsbət təsir göstərəcək” - deyə bildirən A.Ələkbərov qeyd etdi ki, son zamanlar valideynlərin uşaqlarını rus bölmələrinə yönəltməyinin əsas səbəblərindən biri orada alternativ resursların çoxçeşidli olması ilə bağlıdır. O hesab edir ki, Təhsil Nazirliyi bu problemin həlli istiqamətində köklü işlər görür və onlardan biri də ehtiyat dərsliklərin hazırlanmasıdır.

İradə SARIYEVA

Son xəbərlər