18/03/2019 18:42
728 x 90

Medianın gücü – ictimai rəy AQTA-nın sükutunu pozdu...

“Sözügedən məsələ ilə bağlı konkret ölçünün götürülməsində mətbuatın rolu böyükdür”

img

Azər Həsrət: “Heç bir məmur düşünməsin ki, nəyisə gizlətmək mümkün olacaq”

 

Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq mətbuatın gündəmində yer alması, əslində, normal haldır. Çünki fəaliyyəti, bütövlükdə, cəmiyyətin diqqət mərkəzində olan sözügedən qurum yetərincə ciddi bir missiyadan - əhalinin sağlam qida ilə təminatından məsuldur.

O da məlumdur ki, son günlər mətbuatda əhaliyə mənşəyi məlum olmayan, ən başlıcası, ölmüş heyvan ətinin satılması ilə bağlı məlumatların yer alması ictimai rəydə böyük rezonansa səbəb oldu. Bir neçə tələbənin dönərdən zəhərlənməsi və digər buna bənzər neqativ halların ortaya çıxması göstərdi ki, mətbuatda “leş mafiyası” ilə bağlı yazılanlar əsaslı arqumentlərə söykənir. Mətbuatın sözügedən məsələnin ciddiliyini gündəmə gətirməsi və belə neqativ halların üzərinə getməsi, nəticə etibarilə, müvafiq qurumların hərəkətə keçməsinə səbəb oldu.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, əhaliyə yararsız ət satan 8 nəfər həbs edilib: “Bu sahədə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilən qanun pozuntuları ilə bağlı Baş idarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılmış, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilmişdir, hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Birgə görülmüş işlərə misal olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

O baxımdan mətbuatın bu yöndə oynadığı rol, yaratdığı rəy sözügedən neqativ hallarla bağlı tədbirlərin görülməsinə necə təsir göstərdi?

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, bu məsələ ilə bağlı konkret ölçünün götürülməsində mətbuatın rolu böyükdür: “Əvvəla Prezident İlham Əliyev bir neçə dəfə qeyd edib ki, ictimaiyyəti narahat edən məsələlərlə bağlı mətbuatdan məlumat alır. Onun bu həssaslığı ölkədə bir sıra problemlərin həllində açar rolunu oynayır. Digər tərəfdən də Azərbaycan mətbuatı həqiqətən də ölkə başçısının bu cür problemlərin həllində atdığı addımlara bütün hallarda dəstək olur. Yəni problemləri ictimailəşdirir və onlar da həllini tapır. Sözügedən məsələ ilə bağlı da hərəkətlənmə oldu. Çünki neçı gün idi müxtəlif media orqanları bu məsələni ictimailəşdirdilər. Təbii ki, bunlar cəmiyyəti narahat edən məsələlər idi. Mətbuatın sözügedən problemlərin üzərinə getməsi müvafiq qurumların hərəkətə keçməsinə təkan verdi. Məlumata görə, kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 nəfər həbs edilib. Əvvəlki dövrlərdə dövlət qurumları mətbuatda qaldırılan bu kimi problemləri qulaqardına vururdular. Ancaq indi situasiya tamam fərqlidir. Ona görə də bu istiqamətdə müvafiq qurumlar hərəkətə keçiblər. Düşünürəm ki, Azərbaycan mətbuatı çox doğru taktika seçib. Yəni heç bir məmur düşünməsin ki, nəyisə gizlətmək mümkün olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər