18/03/2019 18:38
728 x 90

“Yumurta qalmaqalına” OBA marketlər şəbəkəsindən və “Muğan” fabrikindən reaksiya gəldi – “istehsal etməmişik çek göstərsinlər deyildi”, AQTA araşdırmaya başladı

img

Aysel Fərzəliyeva: “Araşdırma zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal edilən yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkarlanıb”
Elvin Babayev: “Yumurta OBA marketindən alınıbsa, zəhmət olmasa, müştəri aldığı məhsulun çekini bizə təqdim etsin”

 

Məlum olduğu kimi, OBA marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılıb. Bu barədə Baku.ws-ə İsmayıl Tağıyev adlı şikayətçi məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (“Kaktus” restoranının yaxınlığında) yerləşən OBA marketdən alıb.

Üzərindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib. Yumurtanın istehsal tarixi martın 15-də qeyd olunur, ancaq bir gün öncədən satışa çıxarılır.

Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında  qeyd etdi ki, OBA marketlər şəbəkəsi satdığı bütün məhsulların keyfiyyətinə zəmanət verir: “Bir neçə gün öncə sosial şəbəkədə yayılan şəkil və bu halla bağlı biz araşdırma apardıq. Məlum məsələ ilə bağlı Bakıda olan bütün marketlərə baxış keçirdik. Belə bir halla qarşılaşmadıq. Qeyd olunduğu kimi, yumurta OBA marketindən alınıbsa, zəhmət olmasa, müştəri aldığı məhsulun çekini bizə təqdim etsin. Biz sizin qəzet vasitəsilə ondan xahiş edirik ki, aldığı məhsulun çekini bizə təqdim etsin və mağazanın ünvanı tam qeyd olunsun. Onu da vurğulayım ki, həmin yumurtanı istehsal edən istehsalçı ilə də danışdıq. Məhsul “Muğan” quşçuluq fabrikinə aiddir. İstehsalçı ilə də bu məsələni araşdırırıq. Hətta istehsalçı belə bir hadisənin mümkün olmadığını iddia edir”.  

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərzəliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanıb. Araşdırmalar nəticəsində qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal edilən yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkarlanıb. Eyni zamanda, məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirərək “yerli yumurta” adı altında satışa çıxarırlar. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək. Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla agentliyin “1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur”.

Günel CƏLİLOVA

Son xəbərlər