24/03/2019 03:52
728 x 90

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

img

Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğala məruz qalan Azərbaycan həm də tarixin bütün dövrləri və bütün dövlətlər üçün ən ağrılı məsələ olan qaçqın və məcburi köçkünlər problemi ilə üz-üzədir. Amma Azərbaycan dövləti özünün iqtisadi yüksəlişinə güvənərək qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi addımları atır.

Ötən illər ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, həmçinin, onlara güzəşt və imtiyazların verilməsinə yönəlik normativ-hüquqi aktlar qəbul edilib. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində dövlət tərəfindən humanist addımlar atılır.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" məcburi  köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən mühüm əhəmiyyətli sənəddir.

Sözügedən sənədin qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə Prezident İlham Əliyevin fevralın 21-də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti çəkir.

Məlumdur ki, Azərbaycan dövləti ən müxtəlif sferalardan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Cəmiyyətin həssas insan qrupları hesab edilən qaçqın və məcburi köçkünlərə, eləcə də əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı dövlətin həyata keçirdiyi layihələr, proqramlar təqdirəlayiqdir. Azərbaycan dövləti, ümumiyyətlə, qayğıya ehtiyacı olan hər bir vətəndaşın dayağı, güvənc yeridir. Məlumdur ki, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində indiyə qədər saysız addım atılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb və bu işlərin növbəti dövrlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirib, onların qayğıları dövlət siyasətimizin prioritet məsələlərindən biridir. Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzaladı. Bundan əvvəl də dövlət başçısı Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident tərəfindən 51 fərman və sərəncam imzalanıb, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama 2 əlavə təsdiq edilib. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,5 dəfə artırılıb. Son 10 ildə dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 378 milyon manatı isə digər təşkilatların payına düşür. Hazırda bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalıb. Son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilərək istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Evlər, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır. Bu da 55 min ailə deməkdir. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Görünən odur ki, dünyada Azərbaycan kimi ikinci ölkə yoxdur ki, qaçqın və məcburi köçkünlərin sosial məsələlərinə diqqət yetirsin.

Bundan başqa, Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında imzaladığı sərəncam da bu təbəqədən olan insanların sosial rifahının yüksəlməsinə səbəb olur. Onların müavinətlərinin aprelin 1-dən 50 faiz artırılması da təqdirəlayiq haldır. Təbii ki, Azərbaycan hökuməti hər zaman məcburi köçkünlərin yanında olub və onlara öz dəstəyini göstərir.

Azərbaycan dövləti sosial cəhətdən qayğıya ehtiyacı olan vətəndaşlarla da bağlı mühüm addımlar atıb. Azərbaycanda sosial müdafiə sisteminin bütün sahələrində uğurlu islahatlar həyata keçirilib və aztəminatlı ailələrə dövlət qayğısı daha da gücləndirilib. Əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində atılan önəmli addımlardan biri də qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Məlumdur ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

Xatırladaq ki, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi də bunun bariz nümunəsidir.

Qeyd edək ki, son illərdə 100-ə yaxın qəsəbə salınıb, 300 minə yaxın məcburi köçkün evlər və mənzillərlə təmin edilib

Onu da vurğulayaq ki, bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi olub. Bu faktlar bir daha dövlətimizin bu məsələlərə xüsusi diqqətini göstərir. Həmin ilin dekabr ayında Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin uğurlu davamıdır. Qaçqın və məcburi köçkünlər inanırlar ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və bu tip quruculuq işləri həmin torpaqlarda aparılacaq.

Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərir, davamlı şəkildə bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalayır: "Dövlət həmişə qaçqın və məcburi köçkünləri diqqətdə saxlayıb, onların sosial müdafiəsini gücləndirib, eyni zamanda, məcburi köçkünlər müasir tələblərə cavab verən mənzillərlə təmin edilib. Bu il də inzibati binalar, yataqxanalar, yarımçıq tikililər, məktəblər və sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq, binalar tikiləcək və onlar mənzillə təmin ediləcəklər. Məcburi köçkünlər də Prezident İlham Əliyevin onlara göstərdiyi qayğıdan çox razıdırlar. Mən məcburi köçkün seçicilərimi qəbul edərkən onlar hər zaman dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezidentin ətrafında sıx birləşdiklərini bildirirlər.

Dövlət başçısı tək məcburi köçkünlərin deyil, eyni zamanda, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də silsilə işlər görür”.

Sonda onu da qeyd edək ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bununla da bitmir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu yaxınlarda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin ayrılması haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği cari il aprelin 1-dən 50 faiz artırılacaq ki, bu da dövlət başçısının məcburi köçkünlərin sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğının təzahürüdür.

Namiq QULİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Son xəbərlər