24/03/2019 03:49
728 x 90

Yol Polisinin əməkdaşları bu dəfə Yasamal rayonundakı 158 nömrəli məktəbə gəldilər - FOTO

img

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqları yol qəzalarından qorumaq, onları bu sahədə maarifləndirmək, eləcə də baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təbliğat işini gücləndirməkdir.

Məktəbin direktoru Mehriban Ələkbərova yol hərəkəti qaydalarının şagirdlər arasında təbliği işinə göstərdikləri dəstəyə görə polis əməkdaşlarına təşəkkür edib.

Orta məktəblərdə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirildiyini bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, belə görüşlərin əsas məqsədi şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat verməkdir. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Məhz bu məqsədlə yol polisi tərəfindən paytaxt məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir, azyaşlılarla maarifləndirmə xarakterli görüşlər təşkil olunur. Son illər paytaxtda və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdiyi belə maarifləndirici tədbirlər səmərəli nəticələr verir. Məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma enib.

Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova və digər çıxış edənlər bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol-nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır.

Görüşdə şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır fəsadlarına dair sosial videoçarxlar, yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş olunub.

Sonra şagirdlərin sualları cavablandırılıb, fəal məktəblilərə hədiyyələr təqdim olunub.

Son xəbərlər