24/03/2019 03:51
728 x 90

Azərbaycanda Kök-hüceyrə Mərkəzi – Əhliman Əmiraslanovun təklifinin mahiyyəti…

“Ölkədə Kök-hüceyrə Mərkəzinin yaradılması həm tibbin, həm də əhalinin xeyrinə olar”

img

Adil Qeybulla: “20-30 il sonra kök-hüceyrələr tibb elmində…”

 

“Azərbaycanda artıq Kök-hüceyrə Mərkəzi yaradılmalıdır”. Bunu akademik, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, belə bir mərkəzə çox ciddi ehtiyac var: “Artıq bu məsələdən ölkə rəhbərinin də xəbəri var. Ona görə hesab edirik ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq. Çünki Azərbaycanda artıq belə bir mərkəzə ciddi ehtiyac duyulur. Mənə dedilər ki, təkcə İstanbulda 40-a yaxın kök-hüceyrə mərkəzləri var. Odur ki, bizdə də belə bir mərkəz mütləq olmalıdır”.

Ekspertlər də ölkədə Kök-hüceyrə Mərkəzi yaradılmasının vacib olduğunu düşünürlər.

Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə Kök-hüceyrə Mərkəzinin yaradılması həm tibbin, həm də əhalinin xeyrinə olar. Bu gün insanlar Kök-hüceyrə Mərkəzində  fayda görürsə, həmin mərkəzin ölkəmizdə də yaradılması vacibdir. Çünki insanlar bu qurumdan yalnız faydalana bilər: “İnkişaf etmiş ölkələrdə Kök-hüceyrə Mərkəzi mövcüddür. Əslində, bizdə də nə zamansa adıçəkilən mərkəz yaradılmalıdır. Çünki Kök-hüceyrə Mərkəzinə ehtiyac var. Mərkəz yaradılmazdan öncə bu sahə ilə məşğul olan mütəxəssislər hazırlanmalıdır. Belə bir mərkəz yaradılarsa, çox güman ki, özəl sektor olacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, mərkəz yaradılmazdan öncə dünya təcrübəsinə nəzər yetirmək lazımdır. Mərkəzin necə fəaliyyət göstərdiyi araşdırılmalıdır.

Ekspertin sözlərinə görə, kök-hüceyrələr orqanın, toxumaların bütün sistemini daşıyır: “Artıq sübuta yetirilib ki, kök-hüceyrələr vasitəsilə onkoloji xəstəliklərin, anadangəlmə uşaq iflicinin, beyin xəstəliklərinin müalicəsində müsbət nəticələr əldə olunur. Bu gün bütün dünya ölkələrində kök-hüceyrələrdən çətin xəstəliklərin müalicəsində istifadə olunur. 20-30 il sonra kök-hüceyrələr tibb elmində daha da inkişaf edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər