24/03/2019 03:47
728 x 90

Elçin Babayevin rektor təyinatına opponentlik edənlərin iki dözümsüz arqumenti...

img

Xəbər verildiyi kimi, ölkənin nüfuzlu təhsil ocağı kimi tanınan Bakı Dövlət Universitetinə yeni rektor təyinatı reallaşıb. Prezident İlham Əliyev imzaladığı fərmanla Elçin Babayevi BDU-ya rektor təyin edib. Bu təyinatla bağlı sosial şəbəkələrdə ciddi polemikalar aparılmaqdadır.

Qeyd edək ki, uzun müddət BDU-ya rəhbərlik etmiş Abel Məhərrəmovun vəzifəsindən azad edilməsindən sonra bütün diqqətlər həmin universitətə yönəlmişdi. Ən əsası da universitetə kimin rektor təyin ediləcəyi ilə bağlı ciddi fikir mübadilələri aparılırdı.

Yeni rektorun tərcümeyi-halında bildirilir ki, o, 1965-ci ildə Naxçıvanda doğulub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib. Elçin Babayev, eyni zamanda, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri və AMEA-nın “Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavinidir.

Bundan başqa, onun Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyətlə məşğul olduğu da bildirilir.

Yeni rektorla bağlı sosial şəbəkələrdə birmənalı fikir sələndirilimir. Onun çox bacarıqlı və yüksək keyfiyyətlərə malik insan olduğu bildirilir. Ancaq aparılan polemikalarda yeni rektorla bağlı daha çox iki amil “zəif” faktor kimi qabardılır. Onun əslən naxçıvanlı olması ilə yanaşı,  elmi dərəcəsinin hələ də fəlsəfə doktoru səviyyəsində qalmasına açıq irad bildirənlər də tapılır.  Rektorun regional mənsubiyyətilə bağlı səslənən arqumentin çox cılız olduğunu nəzərə aldığımız üçün, bu amilin üzərində xüsusi dayanmaq istəmirik. Çünki Azərbaycanda həyata keçirilən kadr siyasətində bu faktor, ümumiyyətlə, nəzərə alınmır. Çox güman ki, belə cılız mövzuları qabardanlar dövlətimizin yürütdüyü kadr siyasətinə kölgə salmağı hədəf seçirlər. Ancaq yeni rektorun elmi dərəcəsinin həmin vəzifə üçün yetərli olmadığı barədə səslənən iddialarla bağlı bir araşdırma aparmaq qərarına gəldik.

Millət vəkili Fazil Mustafa yeni rektoru yaxından tanıdığını bildirərək, onu belə xarakterizə edib: “Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu. Tanıyıram, çox dəyərli bir ziyalı ailəsindəndir, öz sahəsində də savadlı mütəxəssislərdən biri kimi tanınır. Bu seçim ölkə Prezidentinə aid olduğuna görə BDU kimi tanınmış təhsil ocağının məhz Elm Fonduna rəhbərlik etmiş şəxs tərəfindən idarə olunmasının məqsədəuyğun sayılmasını müzakirə etmirəm. Əsas odur ki, təhsilimiz üçün xeyirli olsun. Bununla belə, bəzi yanaşmalarda bu təyinatla bağlı iradın daha çox yeni rektorun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, yəni keçmiş deyimlə səsləndirsək, elmlər namizədi olması üzərində cəmləndiyini görüb fikir bildirməyi zəruri hesab etdim.

Fikrimcə, mövcud şərtlərdə ən zəif irad arqumenti də məhz bu sayılmalıdır…”

Təhsil eksperti Etibar Əliyev isə yeni rektorun psixoloji portretini belə cızıb: “Öz üzərində çalışan, möhkəm xarakterli və intizamlı”.

Ekspert rektorun elmi dərəcəsinin aşağı olması ilə bağlı tutulan iradlarla razılaşmır: “Elçin Babayev bu elmi dərəcədə olan BDU-nun ilk rektoru deyil. Sayca üçüncüdür. Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyinatından sonra iddia edənlər oldu ki, bu nüfuzlu ali məktəbə ilk dəfə olaraq elmlər namizədi rektor təyin olunur. Xatırladıram ki, E.Babayev universitetin tarixində 3-cü elmlər namizədi rektordur. Universitetə 1965-ci ildə rektor təyin olunmuş fizika-riyaziyyat elmləri namizədi Mehdi Əliyev də elmlər namizədi olub. Onu yüksək elmə və təşkilatçılıq bacarığına malik olan rektor kimi dəyərləndirirlər. Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət verib. O, tələbələr üçün bir çox vacib dərsliyi (A.F.İoffe. “Molekulyar fizika kursu” və s.) rus dilindən Azərbaycan dilinə tərcümə edib və ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olub. Mehdi müəllim 1970-ci ilə qədər rektor vəzifəsində işləyib. Çox təəssüflər olsun ki, belə şəxsiyyətləri tez unuduruq.

1992-cü ildə isə BDU-ya hüquq elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub”.

Göründüyü kimi, yeni rektorun elmi dərəcəsinin guya “standartlara” cavab vermədiyi ilə bağlı səslənən iddialar da özünü doğrultmur.

Biz araşdırma apararkən sosial şəbəkələrdə bəzi tələbələrin də Elçin Babayev haqda fikirlərini yazdıqlarının şahidi olduq. E.Babayevin tələbəsi olduğunu deyən Bəhruz Orucov adlı şəxs yeni rektoru belə xarakterizə edib: “Elçin müəllim dərsi elə maraqlı izah edir ki, onun bundan öncə kosmosda olması ilə bağlı təəssürat yaranır. Xarakterli, intellektual-savadlı, kübar, intellektli, ciddi bir şəxs kimi xatirimdə qalıb”.

Qeyd edək ki, bundan sonra Elçin müəllimin işinə qiymət nə onun haralı olması, nə də elmi dərəcəsinə görə verilməyəcək. Yeni rektorla bağlı əsas ölçü meyarı görüləcək işlər, əldə olunan nəticələr olacaq. Göstərilən yüksək etimadı doğrultmaq ümidilə ona işlərində uğurlar arzulayaq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər