24/03/2019 03:51
728 x 90

İnsan orqanlarının köçürülməsinə dair yeni qanunda nələr olsun...

“Yeni qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə veriləcək”

img

Kamilə Əliyeva: “… əhali arasında aparılan təbliğat işi genişləndirilməlidir”

 

Azərbaycanda orqan transplantasiyası sahəsində donorluqla bağlı problemin olduğu uzun müddətdir müzakirə olunur. Donorların sayının az olması əməliyyata ehtiyacı olan insanları çətin vəziyyətə salır. Bu sahədə yaşanan problemlərin həll olunması üçün “Orqan transplantasiyası” haqqında yeni qanun layihəsi hazırlanır və bu işlə məşğul olmaq üçün işçi qrupu da yaradılıb.

Qanun layihəsinə bir sıra məsələlərin daxil olması müzakirə olunur. Milli Məclisin Səhiyyə komitəsinin ötən iclasında insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitə sədri Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.

Yeni hazırlanacaq qanun layihəsinə əlavə olunması üçün bəzi təkliflər səslənir. Onlardan biri qohum olmayan şəxslərin də donor kimi istifadə olunmasıdır. Eyni zamanda, beyin ölümü keçirən şəxslərdən, canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb.

Ümumiyyətlə, “Orqan transplantasiyası” haqqında qanuna hansı əlavələrin olunmasının vacibliyini öyrənmək məqsədilə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kamilə Əliyevaya müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, orqan köçürülməsi ilə bağlı yeni qanun Səhiyyə komitəsi tərəfindən mükəmməl şəkildə hazırlanıb: “Adıçəkilən qanunun tam şəkildə işlək olması üçün əhali arasında aparılan təbliğat işi genişləndirilməlidir. Orqan köçürülməsi ilə bağlı qanun layihəsinin qəbul olunmasını vətəndaşlarımız səbrsizliklə gözləyirlər. Yeni qanunla gözün buynuz qişasının transplantasiyası da mümkün olacaq. Bəllidir ki, anadangəlmə görmə qabiliyyətini itirən şəxslər həyat işığından məhrum idilər. Bu əməliyyat sayəsində anadangəlmə görmə qabiliyyəti olmayan insanlar görə biləcəklər.

Onu da deyim ki, əvvəllər ölkəmizdə orqan köçürülməsi ilə bağlı problem yaşanırdı. Bu əməliyyatın icra olunması üçün vətəndaşlarımız xaricə üz tuturdular. Ancaq sevindirici haldır ki, bu gün orqan transplantasiyası əməliyyatı ölkəmizdə uğurla icra olunur. Qaraciyər, böyrək, ürək köçürülməsi, o cümlədən, talassemiyalı uşaqlarda sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir. Danılmaz faktdır ki, bu gün Azərbaycan səhiyyəsinin inkişafı reallıqdır. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı sosial siyasətin nəticəsidir”.

Xanım millət vəkilinin sözlərinə görə, orqan köçürülməsi ilə bağlı ölkəmizdə yaşanan yeganə problem donor sayının az olması ilə bağlıdır. Donor canlı insane da ola bilər, eyni zamanda, meyitdən də götürülə bilər. Məlumdur ki, ölkəmizdə meyitdən orqan götürülməsi proseduru hələ istənilən səviyyədə deyil. Bununla bağlı əhali arasında maarifləndirmə, təbliğat işi aparılmalıdır. Bu sahədə kütləvi informasiya vasitələrinin üzərinə böyük yük düşür. Meyitdən sağlam orqan köçürülməsi başqa bir insanın sağlığına qovuşmasına səbəb olacaq: “Qanunda nəzərdə tutulub ki, istənilən şəxs sağlığında orqanının bağışlanılması haqqında vəsiyyət edə bilər. Eyni zamanda, vəfat edən şəxsin yaxınları onun orqanının köçürülməsinə icazə verə bilər. Bu sahədə aparılan təbliğat işləri daha da genişləndirilsə, çoxlu sayda insana ikinci həyat bəxş olunacaq”.

K.Əliyeva da onu da vurğuladı ki, yeni qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə veriləcək. Müəyyən şərtlər daxilində qohum olmayan şəxslər donor ola bilər.

Günel CƏLİLOVA

Son xəbərlər