24/03/2019 03:49
728 x 90

Üç yaşa qədər uşaqlar üçün də müavinətin artırılması gündəmdə...

“Uşaqlar üçün sosial müavinətin artırılması mərhələli şəkildə həyata keçiriləcək”

img

Vüqar Bayramov: “… uşaqların sosial müdafiəsi baxımından çox vacibdir”

 

Yaxın zamanlarda üç yaşına qədər olan uşaqlara verilən sosial müavinətlərin artırılması məsələsinə baxıla bilər. Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Millət vəkili qeyd edib ki, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib: “Müvafiq qurumlar bu məsələ üzərində işləyirlər. Özünüz də görürsünüz ki, son iki ay ərzində ölkədə sosial müdafiə istiqamətində hansı inqilabi proseslər yaşanır. Əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması, həmçinin, problemli kreditlər məsələsinin və digər məsələlərin həlli məhz bu tarixi, inqilabi proseslərin tərkib hissəsidir”.

Qeyd edək ki, ölkəmizdə 3 yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaqpulunun məbləği 50 milyon 752 min manat edir.

Üç yaşına qədər olan uşaqlara sosial müavinətlərin artırılmasını ekspertlər də təqdir edir. Onların fikrincə, vaxtilə ölkədə uşaq anadan olandan 16 yaşına kimi uşaqpulu verilirdi. Bu qaydanın yenidən tətbiq olunması gözlənir. Ekspertlərin fikrincə, uşaqlara müavinətin verilməsi mərhələli şəkildə artırıla bilər. İlk əvvəl üç yaşına qədər olan uşaqlara, daha sonra isə üç yaşdan yuxarı uşaqlara da müavinət verilə bilər.

İqtisadçı-ekspert Vüqar Bayramov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib: “İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaqpulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk. CESD-in təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır. Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımından çox vacibdir”.

İqtisadçı onu da əlavə etdi ki, uşaqpulunun bərpa edilməsi vacibdir: “Bu addım xüsusən də gənc ailələrin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bu onların xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasına şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidenti tərəfindən belə bir tapşırığın verilməsi təqdirəlayiqdir. Əslində, 2019-cu ilin ilk iki ayında biz sosial sahədə kifayət qədər ciddi addımların atılmasının şahidi olduq. Güman olunur ki, ilk öncə 3 yaşına kimi olan uşaqlar üçün müavinətlərin bərpası həyata keçiriləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər