24/03/2019 03:46
728 x 90

İsrafçı toy adətlərimizə biri də əlavə olunur – “ciyər axşamı”ndan narazılıq böyüyür

img

Zümrüd İsayeva: “Bir neçə ziyalı, tanınmış adam toydan əvvəl evində “ciyər axşamı” keçirməsə, başqaları da yavaş-yavaş bu qondarma dəbdən imtina edəcəklər”
İlhamə Qəsəbova: “Toy sahibinə hərtərəfli zərər vuran bu dəbin sıradan çıxarılması vacibdir”

 

Sözsüz ki, ulularımızdan qalan adət-ənənələri yaşatmaq bizim mənəvi borcumuz olsa da, bəzi ənənələrin ifrat formada davam etdirilməsi yolverilməzdir. Toy xalqımızın qədim adətlərindən biridir və məişət tariximizdə müstəsna rolu var. Lakin toyaqədərki müəyyən adətlərin hələ də qorunması insanlara həm mənəvi, həm də maddi cəhətdən zərər vurması gizlin deyil.

Elə götürək son illər dəbə çevrilən “ciyər axşamları”nı. Axır zamanlar toydan bir gün əvvəl toy evində keçirilən “ciyər axşamı” artıq bir ənənə halını alıb. Bəzən “ciyər axşamı”nı restoran və şadlıq evlərində, xüsusi mərasim obyektlərində də keçirirlər. Bu mərasimin tarixi ənənəsi olduğunu iddia edənlər bildirirlər ki, toydan əvvəlki mərasimlərdən biri kimi bunun keçirilməsi vacibdir. Əslində isə bunun dəbə çevrilməsi olduqca mənfi tendensiyadır. Ümumiyyətlə, əvvəlki dövrlərdə, yəni 20-30 il bundan əvvələ qədər toydan əvvəl belə bir mərasim olmayıb. Bunu toy adətlərimizə peyvənd edənlərin hansı məqsədlər güdməsi məlum deyil, aşkar görünən budur ki, bu mərasimin keçirilməsi gərək deyil. Fakt budur ki, toya aid olan tarixi ənənələrin bir çoxunu “artıq xərcdir, israfçılıqdır” deyib sıxışdırıb sıradan çıxarırıq, lakin toya aidiyyəti olmayan “ciyər axşamı” kimi qondarma törəni ənənə səviyyəsinə qaldırırıq. Onu da bildirək ki, “ciyər axşamı”nın keçirilməsi əhalidə də ciddi narazılıq doğurur. Xüsusən də bölgələrdə daha təm-təraqlı qeyd edilən “ciyər axşamları”na az qala bir toya çəkilən qədər xərc çəkilir, yemək-içmək süfrəsi açılır. Sanki insanlar bir toy məclisində iştirak edirlər. Kənd yerlərində təşkil edilən və artıq Bakı və digər şəhərlərdə də geniş vüsət alan “ciyər axşamı”nda gənclər yeyib-içəndən sonra səhərə qədər müxtəlif oyunlar oynayırlar. Hətta burada elə mənzərələr yaşanır ki, bu hadisəyə sonra hüquq müstəvisində qiymət verilir. Sirr deyil ki, bəzən bir-birilə sözü düz gəlməyən gənclər bıçaqlaşmaya qədər gedib çıxırlar, işin sonu isə, dediyimiz kimi, polisə düşməklə nəticələnir. Bu da sözsüz ki, toy sahibində həm qanqaraçılıq yaradır, həm də ona maddi və mənəvi ziyan vurur.

Heç şübhəsiz ki, “ciyər axşamı” kimi qondarma ənənənin aradan qaldırılması və əhalinin narazılığına son qoyulması olduqca vacibdir.

Sosioloq Zümrüd İsayevanın bildirdiyinə görə, bu mənfi ənənənin aradan qaldırılması vacibdir. O hesab edir ki, kəndlərdə, şəhərlərdə nüfuz sahibi olan insanlar, ziyalılar konkret nümunələr göstərməlidirlər. Onun sözlərinə görə, bir imkanlı şəxs, ziyalı, tanınmış adam evində “ciyər axşamı” keçirməkdən imtina etsə, bu nümunəni başqaları da tətbiq edəcək. “Bilirsiniz, bizdə şəxsi nümunələr çox azdır. Rayon və kəndlərdə imkanlı adamlar toydan bir gün əvvəl evində “ciyər axşamı” təşkil edirsə və bunu toy səviyyəsinə qaldırırsa, bu çox mənfi haldır. Bizdə camaat yaxşı nümunələrə deyil, pis nümunələrə daha çox maraq göstərir. Bu birmənalı olaraq belədir. Əslində, “ciyər axşamı”nı elə imkanlı şəxslər dəbə salıb və kasıblar da onlardan geri qalmamaq üçün bu “ənənəni” davam etdirirlər. “Ciyər axşamı”na çox böyük xərc çəkirlər. Bu başdan-başa israfçılıqdır. İnsanlar bilmirlər toy etsinlər, yoxsa əllərindəki pulu “ciyər axşamı”na xərcləsinlər ki, qonaqlar onlardan razı qalsın. İnanın ki, ”ciyər axşamı” insanlarda böyük narazılıq yaradır, sadəcə, heç kəs birinci olub bundan imtina etmək istəmir. Hesab edirəm ki, bu məsələdə ictimaiyyət özü aktiv olmaldır. İmkanlı şəxslər, ağsaqqallar, ziyalılar şəxsi nümunə göstərməlidirlər. Bilirsiniz, bir neçə ziyalı, tanınmış adam toydan əvvəl evində “ciyər axşamı” keçirməsə, başqaları da yavaş-yavaş bu qondarma dəbdən imtina edəcəklər. Düşünürəm ki, sosioloqlar da əhali ilə maarifləndirici söhbətlər aparmalıdırlar. Qondarma adət və dəblərin məişətdən kənarlaşdırılması yolları ilə bağlı ictimai müzakirələr keçirilməli, əhali maarifləndirilməlidir”- deyə Z.İsayeva bildirdi.      

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas-alim İlhamə Qəsəbova da hesab edir ki, xalqımızın toy adətlərinə pərçimlənən bir sıra nəsnələr var ki, onlar insanlara maddi və mənəvi zərər bahasına başa gəlir. İ.Qəsəbovanın sözlərinə görə, bəzən əsas adətləri unuduruq və onların yaratdığı boşluqları isə qondarma adətlərlə doldururuq. “Son zamanlar dəb halını alan “ciyər axşamı”nın keçirilməsi həqiqətən də insanlara maddi və mənəvi zərər vurur. Adətlərimizdə toydan əvvəl evdə yemək süfrəsi açılardı, orada isə yalnız ailə üzvləri, toya uzaqdan gələn qonaqlar iştirak edərdilər. Bu gün bu tamam başqa bir şəkil alıb. “Ciyər axşamı”nı hazırda az qala bir toy səviyyəsində keçirirlər, burada musiqiçilər iştirak edir, çal-çağır olur. Toy sahibinə hərtərəfli zərər vuran bu dəbin sıradan çıxarılması vacibdir. Çünki bu, əhalinin ürəyindən olardı” - deyə alim bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər