24/03/2019 03:50
728 x 90

Abşeronda tarixi türk şəhidlərinə abidə...

“Bu abidənin siyasi, tarixi və mənəvi əhəmiyyəti çox böyükdür”

img

Firdovsiyyə Əhmədova: “Digahda türk şəhidinin məzarı üzərində abidənin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığının, müştərək hərbi əməkdaşlıq tarixinin bir simvoludur”

 

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğınlar tariximizin hər zaman qanayan yarasıdır. 101 il bundan əvvəl, yəni 1918-ci ildə erməni daşnakları, cinayətkar qrupları silahlanaraq respublikamızın bütün bölgələrində, o cümlədən də Bakı şəhərində azərbaycanlılara qarşı tarixdə analoqu olmayan qətliamlar həyata keçiriblər.

Bakının, o cümlədən də digər yaşayış məntəqələrimizin erməni silahlı birləşmələrindən xilas edilməsində general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun çox böyük rolu olub. Qafqaz İslam Ordusunun onlarla əsgəri ermənilərə qarşı mübarizədə şəhid olublar. Azərbaycan xalqı hər zaman o şəhidlərin xatirəsini əziz tutub və onların ruhlarını böyük ehtiramla anıb.

Məlum olduğu kimi, 1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyilə 150 kvadratmetr ərazidə salınan abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, türk əsgərlərinin şərəfinə inşa edilən anım abidəsinin həm tarixi, həm siyasi, həm də mənəvi əhəmiyyəti böyükdür. “Bakının erməni daşnaklarından azad olunmasından 101 illik bir dövr keçib. Təbii ki, 1918-ci ildə Bakının azadlığı uğrunda canından keçən Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə abidə ucaldılması məsələsi Cümhuriyyət höküməti tərəfindən planlaşdırılmışdı. Bizim şəhidlərin və Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin uyuduğu indiki Şəhidlər Xiyabanında Zivər bəy Əhmədbəyov tərəfindən xatirə kompleksinin ucaldılması nəzərdə tutulmuşdu. 1919-cu ildə xatirə abidəsinin təməlqoyma mərasimi keçirilsə də, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bu abidəni reallaşdırmaq mümkün olmadı. Bizə Sovet dövründə bu tarixi unutdurmağa çalışsalar da, Qafqaz İslam Ordusunun azadlıq missiyasının keçdiyi ərazilərimizdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Osmanlı əsgərlərinin məzarlıqları var idi və yerli əhali o məzarların unudulmaması üçün bərpa işləri aparırdı. Məsələn, Şamaxıda məşhur türk əsgəri məzarı kimi. Ancaq dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra yerli əhali dövlətin göstərişi olmadan belə, şükranlıq borcunu yerinə yetirmək məqsədilə türk əsgərlərinin məzarlarını aşkarladıqca, onların bərpasını həyata keçirdilər. Hətta Xaçmazda da türk əsgərinin xatirəsinə abidə ucaldılıb. Bu gün Digahda da türk əsgərinin məzarı üstündə abidə ucaldılması, onun xatirəsinə ehtiram göstərilməsi xalqın milli yaddaş siyasətinin gerçəkləşməsi deməkdir. Bu abidələrin ucaldılması xalqın milli yaddaşının dirçəlməsinə kömək edən amillərdən biridir. Abidələr xalqa öz tarixini unutmağa imkan verməyən bir elementdir. Bu baxımdan, belə bir abidənin ucaldılmasının mənəvi tərəfi var, mənəvi cəhətdən bunun əhəmiyyəti daha çoxdur. Digahda türk şəhidinin məzarı üzərində abidənin ucaldılması Azərbaycan-Türkiyə qardaşlığının, müştərək hərbi əməkdaşlıq tarixinin bir simvoludur. Eyni zamanda, bu abidə ermənilərin Azərbaycana qarşı təcavüzünü göstərən bir maddi sübutdur. Bu hələ də bizə qarşı erməni təcavüzünün davam etdiyi bir dövrdə tariximizi, başımıza gətirilən bəlaları unutmamaq baxımından da yenə də növbəti bir göstəricidir. Ona görə də bu abidənin siyasi, tarixi və mənəvi əhəmiyyəti böyükdür” - deyə bildirən F.Əhmədova qeyd etdi ki, ölkəmizin müxtəlif yerlərində mövcud olan türk əsgərlərinin məzarlarını aşkara çıxararaq onları bərpa etmək və üzərində abidənin ucaldılması çox əhəmiyyətli hadisədir.

İradə SARIYEVA  

Son xəbərlər