24/03/2019 03:47
728 x 90

DİN-in Daxili Qoşunları 27 illiyini qeyd etdi - FOTO

img

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 27 illiyini qeyd edib. Daxili Qoşunların Baş İdarəsində ildönümə həsr olunmuş  təntənəli mərasimdə daxili  işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov  qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub. 

Sonra çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaranmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tədbir iştirakçılarına təbriklərini, ən xoş arzularını çatdırıb.

Ramil Usubov Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.

Qeyd olunub ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu var.

O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

Daxili Qoşunların yaranmasının 27-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında ölkə başçısının sərəncamları, daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib. Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Son xəbərlər